Madrid Kataloniya polisinin başçısını qiyamda ittiham edir

 

Kataloniya polisinin başçısı Jozep Luis Trapero oktyabrın 6-da Madrid məhkəməsinin qarşısına çıxıb. O, dövlətə qarşı qiyamda şübhəli bilinir.

Trapero müstəqillik barədə referendum ərəfəsində İspaniya Milli Qvardiyası əməkdaşlarının etirazçılardan mühafizəsi üzrə öhdəliklərini yerinə yetirməməkdə ittiham olunur. Məhkəməyə, həmçinin “Kataloniyanın müstəqilliyi uğrunda” hərəkatın iki əsas fəalı və yerli polisin bir əməkdaşı da çağırılıb.

İspaniya hökuməti Kataloniyanın müstəqilliyi haqqında oktyabrın 1-də keçirilən referendumu qanunsuz hesab edib. Bununla bağlı Madrid məhkəməsində dinləmələr keçirilir. Cinayət işi sentyabrın 20-də regionun İqtisadiyyat Nazirliyinin binası önündə müstəqillik tərəfdarları ilə İspaniya polisi arasında qarşıdurmalarla bağlı açılıb. İspaniyanın cinayət məcəlləsinə əsasən, qiyam 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xudaferin.eu
“Avropa Bürosu”

12:09