Macarıstan Serbiya ilə sərhəddəki səddin ikinci xəttinin tikintisini başa çatdırıb

 

Macarıstan mühacir axınının qarşısını almaq üçün Serbiya ilə sərhəddəki səddin ikinci xəttinin tikintisi başa çatdırıb.

 

Bu barədə Macarıstanın Baş naziri Viktor Orban yerli radionun efirində çıxış edərkən bildirib. “Uzunluğu 155 kilometr, hündürlüyü isə 3 metr olan bu sədd istənilən insan axınının qarşısını ala bilər”, - deyə Orban qeyd edib. O, həmçinin Avropa İttifaqının miqrasiya böhranının həlli məsələsində Türkiyəni az tənqid etməli olduğunu deyib: “Türkiyə NATO-nun üzvüdür və buna görə də bizim müttəfiqimizdir. Bu səbəbdən biz türk xalqına və prezidentinə yetərincə hörmət etməliyik”.
Qeyd edək ki, son 20 ildə Avropaya qanuni və ya qanunsuz yollarla Afrika, Orta Doğu, Uzaq Doğu və keçmiş SSRİ respublikalarından mühacir axınlarının sayı artıq milyonları ötüb. Bu da öz növbəsində Avropa dövlətlərində demoqrafik və sosial problemlərin daha da dərinləşməsinə səbəb olub. Bütün bunlar azmış kimi, narko tranzit, qaçaq yolla silah alveri, digər qadağan olunmuş vasitələr Avropada qara bazarın çiçiəklənməsinə yol açır. Bu da təbii olaraq, əksər Avropa dövlətlərinin daxili durumlarına çox ciddi təsir göstərir. Macarıstan bu məqsədlə öz sərhədlərini beton hasarlar sayəsində nəzarətə götürməyə məcburdur. Son illər “Təhlükəsiz Avropa” modeli daha çox dəbdədir. Beton sərhədlərin işə düşməsi də məhz bu mənanı özündə ehtiva edir.

Xudaferin.eu
“Avropa Bürosu”

 

06:41