Londonda “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi nümayiş etdirilib

 

Londonda Böyük Britaniya Parlamentinin Lordlar Palatasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı sənədli filmi nümayiş etdirilib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) bildirilib ki, filmin nümayişi bu təşkilatın dəstəyi ilə Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, parlament üzvü Mark Menzis tərəfindən təşkil edilib. Xatırladaq ki, bu ilin may ayında Parisdə “Musée de l’Armée” Ordu Muzeyində filmin Avropa premyerası keçirilib.

Rəqəmsal qaydada bərpa olunan və rənglənmiş arxiv görüntülərinin istifadə edildiyi filmdə sovet ordusu sıralarında faşizmə qarşı döyüşən və arxa cəbhədə qələbə naminə var gücü ilə çalışan azərbaycanlıların igidliyindən bəhs edilir. Filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu dünyaya göstərmək, eyni zamanda, bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır.
Qeyd edək ki, II Dünya müharibəsi zamanı döyüş meydanlarında 300 minə yaxın azərbaycanlı qəhrəmancasına həlak olub. “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlanan bu yeni sənədli film prodüser Lui Vodevil və rejissor Robert Maqnerot tərəfindən Bakı Media Mərkəzinin əməkdaşlığı və “CC&C Productions” şirkətində istehsal edilib. Ən az tanınan arxiv görüntülərindən olan bir epizodda Adolf Hitlerin nasist iyerarxiyasının müxtəlif üzvlərinin əhatəsində Xəzər dənizi formasında tort yediyi göstərilir və burada üzərində şokoladlı kremlə B–A–K–U sözü yazılıb. Tortu yedikdən sonra Hitler deyir: “Biz Bakı neftini ələ keçirə bilməsək, hər şeyi itirəcəyik”. Bu, şişirtmə deyildi, çünki Bakının neft yataqları sovet ehtiyatlarının 80 faizini təşkil edirdi və ordunun uğuru üçün əsas idi. Bakının işğalı 1942-ci il sentyabrın 26-na təyin edilmişdi.

Böyük Britaniya parlamentinin üzvü Mark Menzis çıxışında bildirib ki, azərbaycanlıların igidliyi nəticəsində nasistlərin son hədəfə çatmasının qarşısı alınıb. Əgər nasistlər öz məqsədlərinə nail olsaydılar, müharibənin gedişi fərqli istiqamət alar və daha uzun sürərdi. Tarixi hadisələrin dəqiq göstərilməsi vacibdir və filmdə buna nail olunub.

“Böyük Britaniyada – Avropanın əksər hissəsində olduğu kimi – Şərqdə gedən müharibənin detalları çox vaxt nəzərdən qaçır. Bu film Azərbaycan və onun vətəndaşlarının oynadığı mühüm rolu müəyyən dərəcədə izah edir. Mən, Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini olaraq bu filmi nümayiş etdirməyimə çox şadam. Belə ki, bu qrup Böyük Britaniya və Azərbaycan arasındakı əlaqələri daha da inkişaf etdirmək üçün çalışır”, – deyə Mark Menzis vurğulayıb.

Tamamilə arxiv xronikalarından ibarət olan bu film, Bakının mexanikləşdirilmiş neftçıxarma yurdu olmasının vurğulanması və şəhərin dəblə geyinmiş insanlarla dolu küçələri, habelə Stokholm, Paris, Moskva və Varşavanı xatırladan binaları ilə Qafqazın Parisi kimi təsvir edilməsi izləyicilər üçün gözlənilməz açıqlama olub. Xronometrajı 52 dəqiqə olan rəngli sənədli filmin çəkilişləri 14 ay davam edib. Filmin çəkilişi zamanı Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arxivlərində 200 saatlıq videomaterial, habelə çoxsaylı fotolar və digər sənədlər araşdırılıb. Filmdə müharibənin ayrı-ayrı döyüş səhnələrini əks etdirən, bugünədək nümayiş olunmamış videokadrlar bərpa olunmuş rəngli formatda təqdim edilir. Film Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə tərcümə olunub. Filmin ilk premyerası 2015-ci ilin may ayında Bakıda keçirilib. Habelə “RMC Découverte” və “National Geographic” kanallarında nümayiş etdirilib.

Xudaferin.eu
“Avropa Bürosu”

09:25