Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?

 

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilmiş görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli cəhdlərində yeni tendensiyalar meydana gəlib. Hər halda, ATƏT-in Minsk Qrupunun həmsədrləri prezidentlərin görüşünün nəticələrini nikbinliklə gözləyirlər.

Xatırladaq ki, Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland sülh planının tezislərini bildirmişdi və qeyd etmişdi ki, hazırda beynəlxalq vasitəçilər tərəflərə məhz bunları təklif edir. Həmin plana görə, Dağlıq Qarabağın yekun hüquqi statusu mütləq hüquqi qüvvəyə malik konsensus əsasında müəyyənləşdirilməlidir. Buna qədər isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmuş rayonlar Dağlıq Qarabağın təhlükəsizliyini və suverenliyini zəmanət altına alacaq müvəqqəti status almalıdır.

Plana əsasən, erməni silahlı qüvvələri Dağlıq Qarabağa bitişik olan işğal edilmiş yeddi Azərbaycan rayonunun altısından çıxmalıdır. Ermənistanla Dağlıq Qarabağ arasında quru dəhlizinin saxlanılması üçün Laçın rayonu qismən erməni qoşunlarının nəzarəti altında saxlanılır. Sənəddə həmçinin qeyd olunur ki, münaqişənin uzunmüddətli tənzimlənməsi məqsədilə bütün qaçqınlar daimi yaşayış yerlərinə qaytarılmalıdır. Nəhayət, son müddəa qoşunların təmas xəttindəki neytral zonaya sülhməramlı qüvvələrin yeridilməsini nəzərdə tutur. ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza bildirib ki, münaqişə tərəfləri üçün hazırda ən böyük ziddiyyət işğal edilmiş Azərbaycan torpaqlarından erməni qoşunlarının çıxarılmasına və Dağlıq Qarabağın gələcək siyasi statusuna münasibətdir. Brayzanın sözlərinə görə, heç bir tərəfin baza prinsipləri ilə razılaşmaması aşkardır.

Beynəlxalq Böhran Qrupunun Qafqaz layihəsinin direktoru Sabina Freyzer bildirib ki, hər iki hökumət xalqlarını güzəştə hazırlamalıdır. “Bu münaqişə çoxdandır ki, həllini gözləyir, sadəcə olaraq, tərəflərin siyasi iradəsi lazımdır”, - o qeyd edib.

xeber365.com

10:29