Litvada Mirzə Cəlilin kitabının təqdimatı törəni

 

Litvanın qədim təhsil ocaqlarından olan Vilnüs Universiteti kitabxanasının Smuqleviçüs zalında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü və bu ölkədəki səfirliyimizin dəstəyi ilə böyük ədib Cəlil Məmmədquluzadənin Litva dilinə tərcümə edilmiş seçilmiş dram və nəsr əsərlərindən ibarət “Nigarançılıq” adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə AMEA-nın Rəyasət Heyətinin üzvü, akademiyanın humanitar elmlər bölməsinin akademik-katibi Teymur Kərimli, Litva Elmlər Akademiyasının prezidenti Valdemaras Razumas, Vilnüs Universitetinin rektoru Arturas Jukauskas, Litva Seyminin insan hüquqları üzrə komitəsinin rəhbəri, Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik və sədr müavinləri Mantas Adomenas və Kəstutis Masyulis, Litvanın tanınmış ictimai xadimləri, Vilnüs Universitetinin professor və müəllim heyəti, KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kitabın tərcüməçilərindən biri, Litva azərbaycanlıları icmasının sədri Mahir Həmzəyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında qısa məlumat verib.
Vilnüs Universitetinin rektoru Arturas Jukauskas XX əsr Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadənin kitabının təqdimatının Vilnüs Universitetində keçirilməsindən şad olduğunu bildirib və uzun illər görüşməyən insanların bu təqdimatda bir araya gəlməsindən məmnunluğunu ifadə edib. Vilnüs Universiteti kitabxanasının direktoru İrena Kriviene tədbir iştirakçılarının 450 ilə yaxın yaşı olan kitabxanada Cəlil Məmmədquluzadənin kitabının təqdimatının şahidi olduqlarını vurğulayıb. O, fərqli millətlərin və insanların əlyazmaları, kitabları toplanmış kitabxananın fonduna Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadənin “Nigarançılıq” adlı kitabının daxil edilməsindən xüsusi məmnunluq duyduğunu bildirib.

Azərbaycan ədəbiyyatının çox qədim və zəngin ənənələri olduğunu söyləyən akademik, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Mirzə Fətəli Axundzadənin və digər ədiblərimizin öz əsərləri ilə bəşəriyyətin mədəniyyət xəzinəsinə dəyərli töhfələr bəxş etdiyini bildirib.

Litvanın Türkiyədə və Azərbaycanda keçmiş səfiri olmuş Halina Kobetskaite 1952-ci ildə sinif yoldaşının ona “Azərbaycan hekayələri” kitabını hədiyyə etdiyini və bu kitab vasitəsilə ilk dəfə Cəlil Məmmədquluzadənin hekayələri ilə tanış olduğunu bildirib.
Daha sonra çıxış edən jurnalist Tomas Çivas Cəlil Məmmədquluzadənin əsərlərinin Litva dilinə tərcümə edilməsini böyük hadisə kimi dəyərləndirib və kitabı çox maraqla oxuduğunu bildirib. Sonda Mahir Həmzəyev Azərbaycan ilə Litva arasında mövcud əlaqələrin tarixindən söz açıb. Litvalı yazıçıların əsərlərinin Azərbaycan dilinə tərcümə edilərək oxunduğunu, həmçinin bizim də ədiblərimizin əsərlərinin litvalıların ürəklərinə yol tapdığını vurğulayıb. O, Cəlil Məmmədquluzadənin Litvada və Polşada yaşayan müsəlmanlar haqqında yazdığı “Halva” adlı kiçik felyetonunu Litva dilində oxuyub.

Xudaferin.eu
“Avropa Bürosu”

09:35