Əlisəmid KÜR: "Mən koram… Sən hara baxırsan, Tanrım!"

Əlisəmid KÜR

Muğan torpağının ən ünlü məkanı olan Salyanda dünyaya göz açıb. Erkən yaşlarından bu qədim-qayım torpaqda sözün hikməti və onun çəkisinin nə demək olduğunu ən dərin bir anlamla məna yükünün nə demək olduğunu sirrini öyrənib. Elə bu sirlə də həyatı boyu yaşamqdadır. İncəsənət Universitetində təhsil aldğı dönəmlərdə isə böyük ustad İslam İbrahimovdan poeziyanın və onun poetikasının üstünlüklərini öyrəndi. Azərbaycan Dövlət Teleradio verlişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1989-cu ildə AYB-nin Ədəbiyyatı təbliğ bürosunda şöbə müdiri, Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib. 1989-1995-ci ildə AYB-nin idarə heyətinin üzvü olub. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib. Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı dərgisinin məsul katibidir. "Rəngli kölgələr", Bakı, "Yazıçı" (1989), "Əlisəmid və qırx tanış üz", "İşıq" (1991), "Kentavr" (1995), "Çaylar məcrasından çıxanda" ( 2004), "Sonuncu dua", (Təbriz), "Dənizçin" (2013) bir şair kimi şeir kitablarının müəllifidir. Ədəbi yaradıcılığı boyunca "Qızıl çələng" poeziya mükafatı, (Türkiyə, Antaliya, 1992), "Vektor" Beynəlxalq Elmi Mərkəzinin poeziya mükafatı (2003),  Beynəlxalq Rəsul Rza mükafatı laureatı (2004), "Türk ədəbiyyatına xidmətlərinə görə" ədəbiyyat ödülü (Ankara, 2014) ödüllərini alıb.
Çağdaş Azərbaycan ədəbiyyatının və poeziyasının ən ünlü şairlərindən biridir. Əlisəmid Kürü bir şair olaraq, kimsə öz maraqlarının inhisarına ala bilməyib. Bu da onun şair kimi təbiətinin sirridir. Muğana məxsus sirr. Əlisəmid Kür poeziyasının yönümü şeirlərinin ruhundadır.  

NƏ OLA-OLA

Çölün dumanında azıb qalasan,
Bir qoyun sürüsü otlayan yerdə.
Əlini dizinə çırpıb qalasan
Ürəyin buz kimi çatlayan yerdə.
Sonrası… sonrası nə ola-ola.

Ocağın da sönə, düşəsən dərdə,
Yanasan, öz tüstün başından çıxa.
Bıçağın sümüyə dirənən yerdə
Cibindən pas atmış bıçağın çıxa.
Sonrası… sonrası nə ola-ola.

Əynində quruya nimdaş köynəyin,
Tənhalıq içində canın sıxıla.
Görəsən sinəndə bir daş göynəyir,
Qəfildən bir quzu sənə qısıla…
Sonrası… sonrası nə ola-ola.

Quru çörəyini böləsən yarı…
İllah da bir yandan duman, çən ola.
Qurbanlıq quzusan, quzu qardaşım!
Bıçağımdan qorxma…
Sonrası… sonrası nə ola-ola.

 

GECƏLƏR SƏN YATANDAN SONRA

Gecələr sən yatandan sonar
Öpürəm alnından,
Keçirəm yan otağa –
Bir ağ varağa yoldaş olmağa.

Ürəyim atlanır varağın üstə
Sənə xəyanətim – yuxusuz gecə
İndi bax, indi bax,
Məni silkələyən səs qoşulub
Unudub özümü çıxıb gedəcəm.

Gecələri yatmadığım günlər artır –
Sözlərim bir yandan.
Hansı misram oyaq deyilsə,
Yatır mənim əvəzimə.

Üstü açıq yatır narahat sözlər,
Səksənib ayılsan
Üstünü örtərsən misralarımın..

Gecələr sən yatandan sonar
Öpürəm alnından,
Keçirəm yan otağa –
Bir ağ varağa yoldaş olmağa.

 

ADAMLAR DƏYİŞİR HAVALAR KİMİ

Çəkilib uzaqdan baxdım özümə, –
Gördüm görkəmim dəyişib,
Üst-başım tamam köhnəlib,
Dabanı yeyilib çəkmələrimin…

Tanrının gözünə dik baxdığımdan
Xəbərim olmayıb üzümə düşən qırışdan
Yaman inanmışam arvad sözünə:
«- Dağa bənzəyirsən sən bu duruşda».

Güzgüdə özünə baxıb göz vuran
O şux, o kür adam mən deyilmişəm.
Adamlar dəyişir havalar kimi
İlahi, mən niyə dəyişməmişəm?!

Dünyaya piyada gəlib-gedənlər
Odu eee… yanımdan atlanıb keçir.
Ürək qızdırdığım, çörək kəsdiyim
Qəfildən üstümdən atdanıb keçir.

Mən koram… Sən hara baxırsan, Tanrım!
Sənin də oyunun yamannan-yaman.
Haqqın tərəzisi qurulan vaxtı
Kiminə taxt verdin, kiminə palan.

Çəkilib uzaqdan özümə baxdım, –
bir də üzə gülüb,
arxamca daş atanlara…
Yol üstə ilantək qıvrılanlara…

Başımın üstündə qovğalar kimi
Bu yağış adamlar, külək adamlar –
Bu payız oğlanlar, bu qış gözəllər,
Bu külək oğlanlar, kələk oğlanlar,
Bu payız gözəllər, bu xəzəl qızlar,
Dayanıb yolumda qovğalar kimi, –
Adamlar dəyişir havalar kimi, –
Niyə dəyişmədin, Cəfərin oğlu?!

 

ADAM CİBİNDƏN ÜŞÜYƏR

Nə baxırsan yoxsul bəyə,
Nə gülürsən bu kişiyə?!.
Ağac içindən oyular, –
Adam cibindən üşüyər…

Pul əl çirkidi… Yalandı.
Malın verən canın verər.
Ağac içindən sıyrılar,
Adam canından çürüyər.

Kasıb qəribdi Vətəndə, –
Qalıb yollarda tövşüyər.
Adam canından sıyrılar,
Adam cibindən üşüyər.

 

ÖYRƏŞMƏK,ÖYRƏŞMƏK

Dərdi ovutmağa dost qalmayanda
Sümüyə yatan bir havaya alışmaq,
Alışmaq hər şeyə!
Ulduzsuz gecələrə alışmaq –
Günəş boyda ümid doğur hər qaranlıqdan.

Alışmaq tənhalığa –
Sükut dil açacaq.
Alışmaq ayrılığa –
Bağrı çatlayacaq həsrətin…

Uğursuz sevgiyə,
Ən ağır günə alışmaq.
Ən ağır taleli adam da sevgi gözləyir.

Dəniz var içimizdə –
Özümüzdən xəbərsiz
Sinəmizi döyən
Dalğaların səsinə alışmaq
Kədəri qovub sinədən
Alışmaq qəfil sevincə,
Ağacların kölgəsinə,
Küləyə, yağışa…

Kədər biryolluq yığışar
İnansaq Azadlığa –
Sevmək, sevmək Azadlığı,
Alışmaq Azadlığa.

 

ÖMRÜN ÇİÇƏK VAXTI

Çox şeyə tələsdim…
Sevməyə belə,
Qoşuldum hər nəğmə səsinə axdım.

İndi ürəyimi tutsam da dilə
Keçir sevgi yaşım –
Ömrümün çiçək vaxtı.

Keçir, elə keçir yel atlı sevgim,
Dönüb arxasınca baxa bilmirəm –
Vallah, sevməyi də bacarmıram heç.

Ürəyim qınamaz doğmanı yadı,
Mənim sevgi payım bura qədərmiş.
Məhəbbət haqqında yazdıqlarımın
Hamısı bəxtimə düşən kədərmiş.

Daha ayrılığın yoxdur qorxusu,
İstəyin mənsiz də tək-tənha çapar.
Bizim sevgimizin ömründən uzun
Kölgəni sürüyüb arxanca apar
– Keçir sevgi yaşım…

 

***

Bir üzü var çörəyin –
arxası təndirdə qalır.

Bir üzü var torpağın –
ha şumla, çevir üstünə
arxasını görməzsən;
Torpağın bir üzü var
kürəyini görməzsən!

Çörəyini yeməzsən yalanın
Yalanın min üzü var.
Mən sözü üzə şax dedim
Sözümün bir üzü var –
Əlisəmidin bir üzü var.

23:20