Əlisa Nicat: “Üzeyir bəyin xalqımıza verdiyini Məhəmməd peyğəmbər verməyib”

Xudaferin.eu Kulis.az=a istinadən tanınmış yazıçı Əlisa Nicatla müsahibəni təqdim edir.

 

- Əlisa müəllim, 55 cildliyiniz çıxır. Sizcə çox deyil bu? Seçəsi olsaq, 55 cildin neçə cildi gələcək nəsillərə qalar?

 

- Onu gərək oxucular desin də (gülür). Əgər bircildlik hazırlasaydım, ora “Artakserks”i, “Qızılbaşlar”ı, “Gəncəli müdrik”i salardım.

 

- Sizcə ən yaxşı romanınız hansıdır?

 

- Mənim üçün “Artakserks” yaxşıdır, xalq üçün “Qızılbaşlar”.

 

- Fəxri adınız yoxdur, mətbuatda da az-az görünürsüz. Sizə qarşı bu laqeydliyin səbəbi nədir?

 

- Bəziləri üçün mən “bizim adam” deyiləm, ona görədir. Mənə görə yazıçı əlahiddə şəxsiyyətdir. O, heç kəsdən asılı olmamalıdır. Baxmayaraq ki, Höte Veymar Respublikasında nazir idi, amma o da özünü əlahiddə şəxsiyyət kimi aparırdı. Bəziləri kimi mədhiyyəçiliklə məşğul deyildi. Homerdən bəri dünyanın heç bir böyük yazıçısı mədhiyyəçilik eləməyib. Mən də heç vaxt mədhiyyəçilik etməmişəm.

 

- Heç sovet dövründə Leninə şeir yazmamısız?

 

- Onu deyirəm də. Cavan vaxtlarım idi, “Kommunist” qəzetinə təzə gəlmişdim, onda bir şeiri Leninə yazdım, o birini “28 Aprel”ə, üçüncünü də “26-lar”a. Sonra birdən bu rejimin mahiyyətini anladım və o vaxtdan, təxminən altmış ildir ki, nəinki o rejimi mədh eləməmişəm, heç adını da çəkməmişəm.

 

 

- Xalq necə, qiymətinizi veribmi?

 

- Sovet dövründə yaxşı qiymət verirdilər, kitablar oxunurdu. Təsəvvür elə “Qızılbaşlar” romanım üç dəfə çıxdı, özü də hərəsi 30 min, 40 min tirajla. Bununla belə mağazalarda tapılmırdı, hamısı satılırdı.

 

- Yaxşı qonorar verərdilər.

 

- Yox, bizə vermirdilər. Mirzə İbrahimova bir çap vərəqinə görə 6 min verirdilər, bizə isə min beş yüz.

 

- Hər halda o dövr üçün pis deyildi. “Qızılbaşlar”ı neçə ilə yazmışdınız?

 

- Pis deyildi. Onu 1959-cu ildə, 23 yaşımda yazmışam.

 

- Romanı yazmamışdan qabaq yəqin çoxlu araşdırma aparmısınız.

 

- Arxivdə, kitabxanalarda o qədər məlumat köçürmüşdüm ki, yazmaqdan barmağım yeyilmişdi.

 

- Heç o vaxta qədər məlum olmayan faktlarla qarşılaşmışdınız?

 

- Bəli, mən çoxlu faktlar tapmışdım. Onların bəzilərini romana saldım. Sultan Səlimin hakimiyyətə gəlməyini yazmışdım. Şah İsmayılın Şeybani xanla vuruşmağı ilə bağlı bəzi faktları tapmışdım, ancaq yazmadım.

 

- Hansı fakt?

 

- Şeybani xan böyük sərkərdə idi. Hətta İslam tarixini yazan Avqust Müller deyir ki, Şeybani Xan Şah İsmayıldan daha böyük sərkərdə idi. Amma Şah İsmayıl hiyləgərliyi ilə onu geridə qoyurdu. Şeybani xan öldürüləndən sonra Şah İsmayıl əmr edir ki, meyitini tapıb gətirsinlər. Sonra deyir ki, məni istəyən bunun ətindən bir tikə yesin. Ətrafındakılar da töklüşüb hərəsi ondan bir tikə yeyir. Mən bunları romana salmadım.

 

- Qəribədi.

 

- Sən buna heyrət eləmə. O dövr üçün adi hal idi. Bilmək olmaz Şah İsmayıl Şeybani xanın əlinə keçsəydi o, nə edərdi.

 

- “Qızılbaşlar”ı təzədən işləsəniz, bu faktı yazarsınız?

 

- Yox. Heç təzədən işləmərəm də. Özü də Şah İsmayıl daha gözümdən düşüb. O, gərək belə etməyəydi.

 

- Necə etməyəydi?

 

- O boyda İranı, İraqı Səfəvilərə qatmaq nəyə lazım idi? Azərbaycanın torpaqlarını birləşdirmişdi, vəssalam, bununla da yekunlaşmalı idi. Azərbaycanı 1501-ci ildə vahid dövlətə çevirəndən sonra daha ayrı torpaq tutmamalı idi.

 

 

- Onda Çaldıran döyüşü də olmazdı.

 

- Çaldıran döyüşünü o eləmədi, Sultan Səlimə dörd dəfə məktub yazdı ki, qardaş olaq. Sultan Səlim qəbul eləmədi. Şah İsmayıl Azərbaycanın varlığının ən böyük ifadəçilərindəndir, mən bunu danmıram.

 

- “Yüz böyük azərbaycanlı” kitabınızda Şah İsmayıl neçənci yerdə idi?

 

- İkinci, ya üçüncü yerdə idi.

 

- Birinci kim idi?

 

- Üzeyir Hacıbəyov, ondan başqa kim ola bilər?

 

- Hansısa kitabınızda da Üzeyir bəyi Məhəmməd peyğəmbərdən əvvələ salmışdınız.

 

- “Dünyanın böyük dahiləri” adlı kitab yazırdım, onunu yazdım, sonra saxladım. Orda Üzeyir bəyi Məhəmməd peyğəmbərdən qabaq vermişdim. Məhəmməd peyğəmbər ərəblər üçün əvəzsizdir, lap dünya üçün də. Amma bu ərəblər üçündür, bizim üçün Üzeyir Hacıbəyovdan qabaqda ola bilməz. Üzeyir bəyin bizim xalqa verdiyi xeyri Məhəmməd peyğəmbər verməyib. Onun əsəri Qurandır, o da ərəblər üçün yazılıb. Bizə aid deyil. İslam Azərbaycanı məhv elədi.

 

- Əlisa müəllim, Allaha inanırsınız?

 

- Hə, inanıram. Bir dostumla tez-tez mübahisə edirik. Deyir Məhəmməd Meracda gedib, Allahı görüb, İsa peyğəmbər Allahı görüb. Deyirəm, insan Allahı görə bilməz. Mümkün deyil. İnsan beyni onu görməyə dözə bilməz. O dəqiqə başı xarab olar. Ümumiyyətlə, insan ora gedə bilər?

 

 

- Deyirsiniz, Merac hadisəsi olmayıb?

 

- Əlbəttə, olmayıb, nağıldır.

 

- Yazıçılar Birliyi ilə münasibətiniz necədi?

 

- Münasibətim yoxdu. Orda işləyənlərlə mən başqa-başqa adamlarıq.

 

- Üzvüsünüz?

 

- Hə, 70-ci ildən üzvüyəm.

 

- Gedib-gəlirsiniz?

 

- 90-cı illərdən bu yana gedib-gəlmirəm.

 

- Anarla münasibətiniz yoxdu, ona görə getmirsiniz?

 

- Anar o vaxt irad bildirdi ki, Əlisa Nicat “Yüz böyük azərbaycanlı” kitabına niyə mənim atamı salmayıb?  

 

- Siz qəsdən Rəsul Rzanı ora salmamışdınız?

 

- Yox e, yox. Elə düşünmüşdüm ki, Rəsul Rza ora üçün deyil.

 

- İndi də elə düşünürsünüz?

 

- İndi də. Səməd Vurğunu da çıxararam. Ora Azərbaycan üçün canını qurban verənləri, böyük mədəniyyət adamlarımızı, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canını qoyanları daxil edərəm. Səməd Vurğunu ora necə daxil edim ki, “Stalin demişdir, Stalin deyir, Stalin eşqi ilə nə qədər sağam, Stalin eşqi ilə yaradacağam”ı yazan adamdı. Rəsul Rza da deyir ki, böyük xilaskarımız rus xalqına eşq olsun. Rus xalqının nəyinə eşq olsun ki, gəlib zəlil edib Azərbaycanı. Belə şeylərə görə Anar məndən incidi.

 

 

- Əlisa müəllim, Yazıçılar Birliyinin binasında yerləşən “26-lar” kafesi ilə bağlı baş verənlərdən xəbəriniz oldumu?

 

- Yox. Nə məsələdir ki?

 

Hadisəni ona danışıram.

 

Belə məsələlər mənim üçün çox kiçikdir. Mən bilirsən nə fikirləşirəm? Andrameda qalaktikası bizim qalaktikaya tərəf gəlir. Bir milyard ildən sonra onlar toqquşacaq. Mən oturub onun dərdini çəkirəm, fikrini edirəm ki...

 

- Bir milyard il sonranın dərdini çəkirsiniz, dünən olan hadisədən xəbəriniz yoxdur.

 

- Belə xırda şeylər məni narahat etmir (gülür).

 

- Gündəlik nə iş görürsünüz?

 

- Gündəlik evdə həyət-baca ilə məşğul oluram. Masazırda yaşayıram da. Həyət evidi, ağaclarım var, onlara qulluq edirəm. Sonra oturub külliyyatın cildlərini hazırlayıram. Bir də ki, “Müdriklər məbədi” kitabımın təzə nəşrini işləyirəm. Bu dəfə necə olacaq, bir Allah bilir, irihəcmli bir kitab düşünürəm. Aristotelin “Metafizika”sından necə gözəl fəsillər salmışam ora.

 

- Bəs tərcümə ilə məşğul olmursunuz?

 

- Məşğulam, Konfutsidən tərcümələr edirəm. “Müdriklər məbədi”nə də salmışam. Mənim saysız tərcümələrim var, Nitşeni eləmişəm, Kamyunu eləmişəm, Platonu eləmişəm... Eh... Mən nəhəngləri tərcümə etmişəm (gülür). Hüseynbala Mirələmovla “Yüz böyük yəhudi” adlı kitab tərcümə etmişik.

 

 

- Amma cavan vaxtı yəhudilərlə aranız yox imiş. Bir yəhudi bukinist maşınla sizi vurmaq istəyirmiş.

 

- Hə. “Nizami” kinoteatrının böyründə bir yəhudinin bukinist mağazası vardı. Yəhudiləri, erməniləri ora buraxırdı, məni buraxmırdı. Azərbaycanlılardan kimdi ora gedən, bir mən idim, məni də buraxmırdı. Mən də acığa düşüb yuxarılara şikayət elədim, yəhudiyə dov gəldilər, az qala işdən qovurdular. Bir dəfə yanımdan keçəndə az qaldı məni vursun, qorxutdu məni. Keçəndən sonra siqnal da verdi ki, bax ha, səni öldürərəm. Açığı çox qorxdum. Yaxşı ki, bir müddət sonra onu çıxardılar.

 

- Deyilənə görə o vaxt Nitşenin, Kafkanın kitablarını tapmaq çətin imiş. Ancaq bukinistlərdə tək-tük kitabları olurmuş.

 

- Kafka yox, Kafka heç çap olunmurdu. Ancaq Nitşenin inqilabdan qabaqkı oncildlik nəşrini əldə edən yeganə adam idim. Nə Axundov kitabxanası, Nə Lenin kitabxanası, heç yerdə o nəşr yox idi.

 

- Şəxsi kolleksiyalarda da yox idi?

 

- Nə danışırsan? Ən böyük kitabxana məndə idi. Üç dəfə kitabxanamı satmışam.

 

- Niyə?

 

- Ağır günlər idi, ehtiyacdan satmışam.

 

- Nitşenin kitablarını da satmısınız?

 

- Yox. Nitşeni, Şopenhaueri saxlamışam. Qaymaqlara dəyməmişəm (gülür).

 

 

- Heç olmaya kitabxananızı satıb dolana bilmisiniz?

 

- Rus dilində türkologiyaya aid çox gözəl kitablarım vardı. Nadir kitablar idi, sovet vaxtı o kitabları güclə tapmışdım. Özü də o kitablar türklərin xeyrinə yazılmışdı. Onların birini on manatdan satdım, min manat pul elədi. Onun səkkiz yüz manatını verib evə xalça almışdım, rayona köçəndə kasıbçılıq oldu, onu da satdım.  

 

- Söhbətlərinizi dinləyəndə adama elə gəlir ki, heç vaxt ailəniz olmayıb, ömrünüzü kitaba sərf etmisiniz.

 

- Niyə, bir oğlum, bir də nəvəm var. Ancaq kitablar mənim üçün həmişə öndə gəlib. Məsələn, “Elm və həyat”da işləyəndə bir aylıq maaşım 150 manat təşkil edirdi. Onun hamısını Nitşenin kitablarına vermişdim. Bəzən məhrumiyyətlər olurdu, ancaq ailəm heç vaxt bundan şikayətlənməyib. Doxsanıncı illərdə lap çətin yaşayırdıq. Novruz bayramı olurdu, bayram axşamı bir cücə kəsməyə də imkanımız olmurdu. Təsəvvür elə kitablarımı nəşr etməyə pulum yox idi, ona görə birotaqlı evimi satıb “Dünya filosofları” kitabımı çap elədim.

 

- Niyə belə fədakarlıq eləyirdiniz?

 

- Dözə bilmirdim axı. Kitabı yazıb bitirmisənsə onu çap etmək lazımdır. Həyatımın məqsədi budur də.

 

- Heç olmaya “Dünya filosofları”nın satışından qazancınız oldu?

 

- Qazanc gətirdi də mənə. Min dənə çap eləmişdim. Dost-tanış da sağ olsunlar, bir hissəsini onlar aldılar. O kitabın pulu ilə oğlumu evləndirdim. Yaşayışımız da düzəldi. O kitab mənə kömək elədi.

 

- Kamyunu sizdən qabaq çevirən olmuşdu?

 

- Yox, onu ilk dəfə mən çevirmişəm. Kamyu nədi, Avropanın modern ədəbiyyatının nümayəndələri ki, vardı, onların adını çəkmək qadağan idi. Ümumiyyətlə, Qərbdəki modern ədəbiyyatı mən çevirmişəm. Bunlarla yanaşı Platonu da, Epikürü də birinci mən tərcümə eləmişəm.

 

 

- Əlisa müəllim, Kobo Abe ilə görüşmüsüz.

 

- Hə. 65-ci ildə Bakıda Asiya və Afrika xalqları ilə Sovet Həmrəylik Komitəsinin konfransı keçirilirdi. Bütün dünyadan yazıçılar gəlmişdi. Onların içində Əziz Nesin də vardı, bizi güldürürdü, ələ salırdı ki, guya bununla Vyetnam müharibəsinə təsir göstərəcəyik. Kobo Abe ilə də orda tanış oldum. Tərcüməçi vasitəsi ilə olsa da maraqlı söhbətlər edirdik.

 

- O görüşə qədər Kobo Abeni oxumuşdunuz?

 

- Bəs nədi! Hələ oxuduğum kitabı ona göstərdim, mənə avtoqraf da yazdı: “Əlisa Nicata böyük rəğbətlə.” Ona belə bir sual vermişdim: “Lirik-fəlsəfi romanlar xoşunuza gəlir, ya siyasi-fəlsəfi romanlar?” O da gülüb dedi ki, hər ikisi.

 

Bizim dekan vardı, Yusif Şirvan. Yaxşı adam idi, ancaq KQB-nin adamı idi də. Gördü ki, mən xarici yazıçılarla çox söhbət edirəm, mənə xəbər göndərdi ki, onlarla az yaxınlıq eləsin.

 

- Sovet vaxtı xarici səfərlərdə olmusunuz?

 

- Yox, mən xaricə gedə bilmirdim. Məni izləyirdilər. Qorxurdum. Türkçülüyümü açıq-açığına bildirdiyim üçün məni nəzarətə götürmüşdülər. Hər yerdə KQB-çilər qabağıma çıxırdı. Məni şantaj eləməyə çalışırdılar. Hətta bir dəfə mənə dedilər ki, Türkiyədən bir nəfər gəlib səni görmək istəyir, dedim rədd edin o yana. Qurama olduğunu bilirdim, məndən söz almaq istəyirdilər. Dissident idim də.

 

- Əlisa müəllim, 90-cı illərdə rayona köçməyinizin səbəbi nə idi? Bakıda iş yox idi, yoxsa başqa səbəb vardı?

 

- Bakıdan bezmişdim. Nitşenin bir sözü var: “Mən bilirəm, o böyük şəhərdə bazar milçəkləri sənin bədənini o qədər sancıb ki, bütün yaradır, çıx get, harda sərin küləklər, təmiz hava var orda yaşa.” Mən də bu fikirləri oxuyandan sonra dedim Nitşe bunu mənə yazıb, bundan sonra da getdim rayona. Ümumiyyətlə, mənə iki adam təsir edib: Nitşe və Kafka.

 

- Kafkadan yazılarınız da var...

 

- Kafka haqqında otuzdan çox yazı yazmışam. O yazılar Avropada çıxsaydı nə qədər mükafat alardı. Azərbaycana Kafkanı mən gətirmişəm. O vaxt Kafka qəbul edilmirdi, bunlar Kafkanı iyirmi-otuz il söydülər. Onun haqqında dəli, xəstə deyirdilər. Axırı 1964-cü ildə Kafkanın kitabı çıxdı. Mən gedib o kitabdan bir dənə aldım. Sonra fikirləşdim ki, bir dənə az olacaq, kimsə məndən oğurlayar. Gedib birini də aldım. Kafkanı oxuyub gördüm deyilənlərdən daha artıqdır. Dövlətlər həmişə kimi istəyir məhv edirlər.

 

- Özünüzü Qreqor Zamzaya bənzədirdiniz?

 

- Zamza yox, “Məhkəmə”də mühakimə olunan Jozef K.-nın yerinə qoyurdum. Mən möcüzə nəticəsində sağ qalmışam, həyatımı məhv etmək istəyirdilər, KQB-nin əlindən xilas oldum. Ona görə kitablarım çıxandan sonra onlara baxıb öz-özümə dedim ki, Əlisa Nicat, sən SSRİ-yə qalib gəldin.

Kulis.az

22:26