Əliağa Vahidin haqqında şeir yazdığı dostu

Bu dünyada elə işıqlı insanlar olub ki, onları unutmaq qəbahətdir. Heç olmasa on ildən bir, yubiley tarixlərində onları anmaq, gənc nəsillərə nümunə göstərmək lazımdır. Belə insanlardan biri də 1925-ci ildə Təbrizdə anadan olmuş, 1941-1946-cı illərdə Cənubi Azərbaycanda baş verən hadisələrin fəal iştirakçısı, rəhmətlik Qafar Kəndli idi. O, Seyid Cəfər Pişəvərinin silahdaşlarından biri olub. Sonradan Sovet Azərbaycanına pənah gətirərək elmin zirvəsinə doğru inamla addımlayıb. Filologiya elmlər doktoru alimlik dərəcəsinədək yüksəlib. 1980-ci ildən ömrünün sonunadək AMEA Ədəbiyyat İnstitutunun “Qədim dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri vəzifəsində çalışıb. Xəqani Şirvaninin tədqiqatçılarından biri idi. “Xaqani Şirvani- həyatı, dövrü, mühiti” adlı fundamental əsərin, “Xaqani Şirvaninin münşəatı” elmi məqaləsinin müəllifidir. Xaqaninin “Töhfətül-İraqeyn” əsərinin elmi-tənqidi mətnini çap etdirib. SSRİ və İran mətbuatında çap olunan onlarla elmi əsərin müəllifidir. Onun “Xaqani Şirvani- həyatı, dövrü və mühiti” əsəri fars dilində Tehranda çap edilib və ali məktəb dərsliyi kimi istifadə olunur.

Professor Qafar Kəndli valideyn kimi də çox nümunəvi insan olub. Onun tərbiyə edib boya-başa çatdırdığı yazıçı Həmid Herisçini bu gün ölkəmizdə tanımayan adam çətin tapılar. Gəlini İlhamiyyə Rza isə qaynatası haqqında bunları söyləyir: “Bu yaşa çatdım, hələ onun kimi saf, mədəni, savadlı bir insana rast gəlmədim. Bir mənzildə uzun illər birğə yaşamağımız mənə bu gözəl insanı məişətdə də müşahidə etmək imkanı verdi. Gecə-gündüz elmi araşdırmalarını gözünün nurunun tükənməsinə baxmadan davam etdirən, bir əlində lupa, o biri əliylə dəftərə ərəb əlifbasıyla yazı yazan görkəmini heç unutmaram. Onu da unutmaram ki, bizə zəng etmiş bir fransalı ilə qəfildən fransızca danışdı. Sən demə, orta məktəbi fransızca bitiribmiş...
Ölümündən iki gün qabaq palatasına Şəhriyarın səsi ilə yazılmış lent yazısını gətirdim ki, dinləsin. Elə kasseti qoyan kimi, ustad Şəhriyarın ilk sözü bu oldu: “Heydərbaba, gələmmədim gec oldu”. İki gün sonra Mərkəzi Klinik xəstəxananın palatasında dünyasını dəyişdi- gələmmədi, gec oldu... 
Əlimizdə Təbriz təyyarəsinə bilet, həyətdə onu aeroporta aparacaq təcili yardım maşını və bu gedişdən reportaj hazrlamağa gəlmiş telejurnaıistlər. Bir də özü haqda ilıq, kövrək, nisgilli xatirələr. Xaqani Şirvani haqda monoqrafiyası, Təbriz universitetindəki dərsliyi, bir ev əlyazmaları, bir çemodan məktublar, dünyanın dörd bir yerində yaşayan Herisçilərin fotoları və bir də Əliağa Vahidin ona yazdığı şeiri qaldı:

"Yoxdu bu dünyada özgə bir dostum Qafardan qeyri, 
O binəvada nə var ki, vəfadan qeyri..."”

Qafar Kəndli 1997-ci ilin iyulun 12-də Bakıda dəfn olunub. Ruhu şad olsun!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

xudaferin.eu

16:52