Əli Nağıyev-dən YAP-a sərt şapalaq

"Bu iyrənc sifətlərin qarşısında nə danışmalıyam ki?!" “Qoy haram yeyənlər yesinlər, o yem güdənlərin məqsədi dövlət deyil, millət deyil, onların məqsədi ancaq yemdir”

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasında əməyi olan, keçmiş nazir Əli Nağıyev təşkilatın 24 illiyi ilə bağlı danışmaq istəməyib. Poltika.Az xəbər verir ki, o, moderator.az-a bildirib: "İndi o qədər danışanlar var ki, mənim danışdıqlarım da hazır süfrəyə yekə çömçəsiylə dürtülənlərə tikan kimi gəlir. Çünki onlar haram yeyənlərdir. Ona görə mən bu mövzuda heç danışmaq istəmirəm. Danışanlar da sürüylədi, ağzılarına gələni, bildiklərini də, bilmədiklərini də danışırlar. Allah rəhmət eləsin, Cavid Əfəndi demişkən,
"Söyləşərlər, anlaşılmaz sözləri,
Həp baxarlar, görməz ancaq gözləri.”  
Ona görə də qoy danışsınlar, mən bu mövzuya heç qayıtmaq istəmirəm. Qoy haram yeyənlər yesinlər, o yem güdənlərin məqsədi dövlət deyil, millət deyil, onların məqsədi ancaq yemdir. Mən bu iyrənc sifətlərin qarşısında nə danışmalıyam ki?! Nizami babamız gözəl deyib,

"Nizami, İsa tək çəkil bir yerə,
Xırmanı burax sən ot yeyənlərə,
Günəş kimi od vur bu dünyaya sən,
İsasız nə çıxar bu eşşəklərdən”.

Görün indi bu kişi ətrafındakı simasızlardan nə qədər yanıb…”

Əli Nağıyev müsahibələrimizin birində də belə bir ifadə işlətmişdi: "Bu gün özünü YAP-a "dürtənlər” çoxdur və o zaman partiyaya müxalif mövqedə dayananlar, partiyaya qərargahın verilməsinə mane olanlar bu gün partiyanın İdarə Heyətinə hətta müavin səviyyəsinə dırmaşıblar. Həmin adamların partiyanın yaranmasından danışmağa haqları yoxdur”.

Politika.Az

16:31