Əli Əliyev: “Baş nazir institutu arabanın beşinci təkərindən başqa bir şey deyil”

 

15 ildir nəqliyyat nazir işləyən Ziya Məmmədovun bir neçə gün öncə istefaya göndərilməsi və bu nazirliyin ləğv edilərək, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə bağlı təhlillər mətbuatda xüsusi yer alıb. Əslində, bir neçə aydır ki, struktur islahatları haqda danışılır. Amma hələ ki, bu yöndə ciddi addımlar atılmır. Maraqlıdır ki, Ziya Məmmədovun nazir postundan kənarlaşdırılması və nazirliklərin birləşdirilməsini idarəetmədə ciddi struktur islahatlarının başlanğıcı hesab etmək olarmı? Elə bu sual ilə VİP sədri Əli Əliyevə müraciət etdik:
 

- Əslində, “ciddi” ifadəsini ora daxil etməsək, struktur islahatlarının başlanğıcı kimi qiymətləndirmək mümkündür. Çünki hakimiyyətə bu böhran şəraitində qənat mənbələri axtarıb tapmaq lazımdır. Ümumiyyətlə, effektiv xidmət formuluna keçid çoxdan lazım idi. Ziya Məmmədovun istefaya göndərilməsi və yaxud onun rəhbərlik etdiyi strukturun kommunikasiya məqsədlərinə xdimət edən bir quruma birləşdirilməsi məntiqlidir. Çünki dünyanın bir çox ölkələrində kommunikasiya nazirliyi həm də nəqliyyat, rabitə sektorunu əhatə edir. Bu baxımdan, islahatların yox, amma struktur dəyişikliklərinin başlanması kimi qiymətləndirmək olar.
 

-Bu dəyişikliyi struktur islahatları kimi qəbul etməyənlər də var. Bunun başqa səbəblərə xidmət etdiyini qeyd edirlər. Sizcə, bu məsələyə hakimiyyət daxilində maraqların toqquşması prizmasından baxmaq olarmı?
 

- Hələ bir az tələsmək lazım deyil. Nəzərə alın ki, Ziya Məmmədovun adı ətrafında xeyli müddət idi ki, müxtəlif şaiələr dolaşırdı. Təxminən iki ilə yaxın müddətdir onun nazirliyinin müxtəlif səlahiyyətləri ixtisar edilə-edilə gedirdi. Hətta bir mərhələdə onun ölkədən getdiyi və yaxud istefaya göndərildiyi haqda şayiə də yer alırdı. O nazirliyin aradan qaldırılması ilə bağlı çoxdan söz-söhbət var idi. Hələlik hakimiyyətin ciddi böhrana uyğun dəyişiklikər paketinin reallaşdırılması haqqında danışmaq bir qədər tezdir. Böhran ölkədə əsaslı struktur islahatlarını və kadr dəyişikliklərini, onların da fövqündə idarəçilik fələsəfəsinin dəyişməsini nəzərdə tutur. Hələlik bir məsələni, yəni Nəqliyyat Nazirliyinin ləğvini bütövlükdə struktur islahatları adlandırmaq çox böyükdur. Ancaq onun başlanğıcı kimi səciyyələndirmək mümkündür. Bir az səbrli olub, vəziyyəti zamanın ixtiyarın buraxmaq lazımdır. Görək, bu proseslər hansı tərəfə yön alacaq.

- Əli bəy, sizcə, bundan sonra hansı nazirlərin işdən kənarlaşdırılması və hansı nazirliklərin birləşdirilməsi ehtimalı var?

-Bu məsələlərə fərdi və subyektiv qiymət verməyin tərəfdadarı deyiləm. Ölkədə bir sistem böhranı dolaşır. Artıq iki ilə yaxındır ki, Azərbaycan tamamilə yeni iqtisadi və maliyyə reallıqlarında işləyir. Ölkədə 2015-ci ildən bu yana rabitə və maliyyə şərti işləri, beynəlxalq və bank şərti işi adı ilə ölkədə korrupsiyanın tuğyan etdiyi faktı da ortaya çıxır. Neft pulları tükənib. Neftin qiymətinin dünya bazarında qalxma ehtimalı demək olar ki, mövcud deyil. Belə şəraitdə idarəçiliyə yenidən baxmaq zərurəti yaranıb. Dəfələrlə mətbutada bildirmişəm ki, ölkə hakimiyyəti böhranın miqyası və dərinliyinə uyğun hərəkət etmir. Görünür ki, hakimiyyətin daxilində dəyişikliklərə gedilməsinin bir müqavimət mexanizmi mövcuddur. Çünki ayrı-ayrı strukturlara baxan zaman, belə anlaşılır ki, normallaşmaq istiqamətində yönləndirilmə istənilir, lakin daxili müqavimət buna imkan vermir. Bunlardan da biri referendumun nəticəsində konstitusiyaya edilmiş dəyişikliklərdir. Baxmayaraq ki, sentyabrdan bura 5 aydan artıq vaxt keçib. Ancaq prezident nəzərdə tutduğu islahatları həyata keçirməyə tələsmir. Bunun da bir izahı ola bilər. O izah da yalnız daxili müqavimətlə əlaqələndirilə bilər. Bu baxımdan, ölkə tamamilə yeni idarəçilik fəlsəfəsinə sövq edilməlidir. Yeni komanda formlaşdırılıb, qənaət rejiminə keçirilməlidir. Artıq struktur, şişirdilmiş aparatlar və bu aparatlara yerləşdirilmiş süni kadr ordusu ixtisarlara məruz qoyulmalıdır. Bununla da hakimiyyətin xərcinə, idarəçiliyə ayrılan vəsaitə qənaət edilməlidir. Bütövlükdə ölkə monpoliya, məmur kapitalizmi rejimindən çıxarılaraq, liberal bazara keçid alınmalıdır. Belə olmadıqca, ölkədə hakimiyyətin böhrandan çıxış üçün atacağı addımlar, planlaşdırdığı işlər fiaskoya uğrayacaq. Fikrimcə, bu məsələyə ciddi yanaşılmalıdır. Ayrı-ayrı nazirliklərin birləşdirilməsi və yaxud ayrı-ayrı şəxslərin proseslədən kənarlaşdırılmasına faktiki ehtiyac var. Çünki məmurların korrupsiya ilə məşğul olduğu artıq bir fakta çevrilib. Əslində, ölkədəki mövcud sistem böhranını aradan qaldırmağın yolu epizodik deyil, köklü islahatlardan keçir. Bu baxımdan, Nəqliyyat Nazirliyi ətrafında baş vermiş və ölkə gündəmini zəbt etmiş Ziya Məmmədov olayına simptomatik sindrom kimi baxılmalıdır. Ancq bu vəziyyətdən çıxış üçün yetərli deyil.

-Referendumdan söz düşdü. Martda hökumətin hesabatı dinlənilməlidir. Bildirilir ki, 83 yaşı olan baş nazir Artur Rəsizədənin bu parlamentdə son hesabatı olacaqdır. Sentyabrın 26-da referendumla qanuniləşdirilən vitse-prezidentlik institutunun yaradılması gözlənilir. Vitse-prezidentlərin kimlərin olması ehtimalı var?

- Azərbaycanda struktur islahatlarının adı çəkilən zaman ölkədə icra hakimiyyətinin strukturuna diqqət yetirmək lazımdır. Əvvala, onu deyim ki, möhkəm prezident aparatı, prezident aparatının müvafiq söbələri olduğu şəraitdə Nazirlər Kabinetinin olub-olmaması sualı maraq doğurur. Çünki mövcud sistemdə baş nazir institutu arabanın beşinci təkərindən başqa bir şey deyil. Formal mövcuddur və siyasi varislik mexanizmi kimi nəzərdə tutulub. Azərbaycan islahatlar aparıb ya ciddi parlament tipli parlamentdən çıxan hökumətə sahiblənməlidir, ya da Amerika, Fransa sistemli, Türkiyədə nəzərdə tutulan referendum daxilində müəyyənləşəcək sistemli prezident üsul-idarəsinə keçilməlidir. Burada icra hakimiyyətinin rəhbəri prezidentdi və icra hakimiyyətinin rəhbəri olaraq baş nazirin səlahiyyətlərini də prezident icra etməlidir. Ümumiyyətlə, vitse-prezidentlik institunun baş nazirlik institutu ilə heç bir əlaqəsi yoxdur. Baş nazir Artur Rəsizədənin hakimiyyətdən uzaqlaşdırılması məsələsi, mənə elə gəlir ki, arxivləşdirilmiş məsələ olmalı idi. Dövlət dilini bilməyən bir şəxsin ölkədə ikinci bir şəxs statusunda çıxş etməsi və ixtiyar yaşına nəzər salsaq, Artur müəllimin belə çevik quruma rəhbərlik etməsi qeyri-mümkündür. Nə baş verəcəyindən asılı olmayaraq, Azərbaycanda struktur islahatları içərisində bir aydınlığın yaranmasına ehtiyac var ki, Prezident Adminstrasiyasının səlahiyyətləri geniş olan dövlətdə prezidentin icra hakimiyyətinin rəhbəri funksiyasını yerinə yetirdiyi şəraitdə, sentyabrın-29 da referendumla müəyyən olunan vitse-prezidentlik institutunun təsisatından sonra baş nazirlik institutuna ehtiyac varmı? Bu suala cavab axtarmaq lazımdır. Yaxşı olar ki, ölkənin hüquqşünasları buna aydınlıq gətirsinlər. Struktur islahatları ilk növbədə Konstitusiyada bu istiqamətdə aparılmalıdır və vəzifə bölgüsü həyata keçirilməlidir ki, qanunverici, icra və məhkəmə hakimiyyətlərinin arasında səlahiyyətlər necə bölünüb... İndiki qarışıqlıq şəraitində baş nazir postu ilə viste-prezidentlər postu arasında heç bir əlaqə yoxdur və yaxud Azərbaycan reallığını nəzər salsaq, bu, yeni pərdəaltı intriqaların yaranmasına səbəb olacaq. Çünki Artur Rəsizadənin postu boşaldıqdan sonra, həmin post uğrunda ciddi mübarizə başlayacaq. Bu da bütövlükdə dövləti zəiflədən bir hala gətirib çıxara bilər. İndi haqqında danışılan vitse-prezidentlik postları uğrunda mübarizə artıq ölkə mətbuatının səhifələrinə çıxıb və hakimiyyətdaxili qruplaşmaların bu postlar uğrunda mübarizəsi əyani şəkildə mətbuat vasitəsilə ölkə ictimaiyyətinə çatdırılıb. Bu, böhran şəraitində yaşayan bir dövlətin yeni siyasi reallıq ilə üzləşməsinin bariz nümunəsidir.

-Sizcə, kadr və struktur islahatlarının aparılması ölkənin böhrandan çıxmasına kömək edəcəkmi?

- Bu islahatlar çevik, adekvat və mütanasib olacaqsa, təbii ki, böhrandan çıxışa cəhd üçün yeganə fəaliyyət istiqaməti ola bilər. Ancaq bu ləng olacaqsa, yaranmış vəziyyətə uyğun təzahur etməyəcəksə, onda belə islahatlar heç bir fayda verməyəcək. Manatın devalvasiyası davam edəcək. Ölkə əhalisinin vəziyyəti ağırlaşacaq. Bu, çox güman ki, yaxın gələcəkdə sosial gərginliklərə gətirib çıxaracaq.

Şamo Emin
Hurriyet.org

 

 

09:02