Leyla Kərimova ilə müsahibə

Azərrbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi Avrasiya Əməkdaşlıq Fondu ilə birlikdə ictimai fəaliyyətə başlamış gənc xanımlara dəstək vermək, onların bilik və bacarıqlarını artırmaq,  vəkilliklərini etmək üçün proqram həyata keçirməkdədir. Artıq proqramın yol xəritəsi üzrə müəyyən məsafə qət edilmişdir. Maraqlı görüşlər, təlimlər, müsahibələr keçirilmişdir. 
Bu görüşlərin sırasında ictimai sektorun ünlü simalarından Şəhla İsmayıl, bisnes mühitindən tanınmış xanım Jalə Əmirbəyova vardır. Eləcə də professor Fuad Məmmədov, tarixi şəxsiyyət olan Tahirə Zərrintacın araşdırmaçıları, o cümlədən Azər Cəfərov `Yeni Nəsil Qadın Koalisiyası`nın görüşünə gəlmişlər.
Hazırda görüşlə, müsahibələr, ictimai təqdimatlar davam etməkdədir.
Bu günkü müsahibimiz isə `Yeni Nəsil Qadın Koalisiyası`nın üzvü Leyla Kərimovadır. Leyla Kompüter mühəndisidir. Kiçik biznesi var, eləcə də çoxyönlü ictimai fəaliyyətlə məşğuldur. Onun da rəfiqələri kimi gələcəyə bağlı maraqlı fikirləri və planları vardır. 

 

- Leyla sən proqramçısan… bu çox maraqlıdır…
- Bəli. Hal-hazırda bank sektorunda kompyuter mühəndisi kimi fəaliyyət göstərirəm.

- İctimai fəaliyyətin nələrdən ibarətdir?
- Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzində çalışıram.  Sədr müaviniyəm, təşkilatımızın bir neçə layihəsinin rəhbəri olmuşam. Hazırdada bir kitab layihəsinin rəhbəriyəm. Çox maraqlı bir layihədir. Bildiyiniz kimi bu il UNECKO Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi qeyd edir. Bizim kitab da bu yubileyə həsr edilib. Körkəmli macar bəstəkarı Ferens Listin Helenendorfa gəlməsinə və orada Səyyarəyə aşiq olmasına. Bu, olmuş və unudulmuş bir əhvalatdı. Biz o zərif tarixi yenidən canlandırıb ictimaiyyətə təqdim edəcəyik.

- Deyirlər, sənin biznesin də var. Qacanc əldə edə bilirsənmi, yoxsa hələ başlanğıcdı?
 - Bəli var, ancaq o qədər kiçik və yenidir ki gəlir gətirmir hələ. Əksinə məndən aparır. Amma inanıram ki, bir gün onu ayaq üstdə qaldıra biləcəm.

- Kompüter sahəsində işləyənlər arasında indi qadınlar artıbmı, əvvəllər lap az idi?   
- Sevindiricidir ki, artmaqda davam edir. Ümid edirəm ki, oxuduqları kimi 
  işləməkdə də iddialı olarlar. Təhsil alanda, tətbiqi riyaziyyat fakültəsində  bizim qrupdakı tələbələrin çoxu qızlar idi. Digər kurslar da elə, qızlar sayca üstün idilər. Amma iş yerlərində kişilər daha çoxdur. Sonra qızların bəziləri işləmədi, bəziləri müəllimliyə getdi. 

Bu layihədəki, Yeni Nəsil Koalisiyasındakı görüşlər sənə maraqlı gəldimi, indiyə kimi olan  görüşlərdən ən çox yaddında qalan nə oldu?
 - Hər görüş öz mövzusuna görə maraqlı idi, Jalə xanım və Şəhla xanımla olan görüş xüsusilə yadımda qaldı. Həm ictimai sektorun, həm də biznes sahəsinin qadın liderləri olaraq çox maraqlı və ibrətamiz fəaliyyətləri olan, yeni nümunələr yaratmış xanımlardır.

- Bəs təlimlər necə maraqlı keçdimi, hansısa boşluqları doldura bildimi?
- Hər təlim təbii ki nə isə bəxş etmişdir hər birimizə, öyrənmək gözəldir ancaq öyrəndiklərimizin təcrübədə edilmiş olması xüsusilə cəlb edicidir.  Genderlə bağlı, özünü təqdim etmə, ictimai vəkilliklə bağlı maraqlı bilgilər əldə etdik. Əminəm ki, bu təlimlər və bu təlimləri aparan ekspertlər bizim gələcəyimizdə öz sözünü deyəcək.

- Kinoya gedirsənmi?
- Bəli, kinoya gedirəm, xüsusilə tarixi filmləri sevirəm. 

 - Kitab maraqlıdır, yoxsa kino?
 - Düzdür kino vizual olaraq daha çox yadda qalır, ancaq kitab daha maraqlıdır mənim üçün. Oxumaq gözəldir.

 -  İstirahət günlərini necə keçirirsən? Xobbin nədir?
 - Kitab oxuyuram, musiqi dinləyirəm, kinoya baxıram. Poçt markalarının kolleksiyasını yığıram xüsusilə də Azərbaycana məxsus poçt markalarını.

- Sən artıq  peşəni çoxdan seçmisən, kompyuter mühəndisisən. Bəs sonra? Bundan 10 il, 15 il, 20 il sonra `nəçi` olacaqsan? Özünü hansı zirvədə görürüsən?
- Özümü biznes sahəsində sınamağı düşünürəm. Xəyalımda çox maraqlı şeylər var gələcəklə bağlı. Ümid edirəm, arzularıma çatacam.

- İndi gənclər ölkədən gedirlər, kimi oxumağa, kimi işləməyə, kimi yaşamağa, sən bu barədə nə düşünürsən, nə kimi planların var?

 - Mən də Avropa ölkələrinin birində təhsil almağı çox istərdim. Əminəm ki, öyrənəcək çox şey var. Xüsusilə, təhsil sahəsində. Avropada tələbə həyatı məni çox cəlb edir. Çox maraqlıdır ki, oralara təhsil almağa gedən dostlarımızın düşüncəsində 180 dərəcə dəyişiklik olur. Görünür bu dəyişikliyə güclü bir sistem təkan verir. Mən də elə bir sistemin içində, müvəqqəti də olsa olmaq istərdim.

- Öz gələcəyini, həyatını hansı ölkədə görürsən? Hansı cəmiyyət sənin xəyallarının mühitidir?
- Öz gələcəyimi dürüst, təhsilli, öz işini bilən, elmə böyük həvəsi olan gənclərin yaşadığı cəmiyyətdə görürəm. Yalnız belə bir mühitdə yaşamaq deyil, həm də belə bir mühitin quruculuğunda iştirak etmək istəyirəm. Əlimdən gələn hər şeyi etməyə hazıram ki, mənim ölkəm bütün insanların, xüsusilə gənclərin yaşamaq üçün arzuladığı məkan olsun.
       
- Bizə hansı dəyişikliklər lazımdır ki, öz ölkəmizdə yaşamaq istəyək?
 - Düşünürəm ki, bütün problemlərin kökü təhsildən gəlir. Biz təhsil sistemini dünya standartlarına doğru yönləndirə bilsək, elmi dəyərləndirə billsək qalan hər şey qaydasına düşəcək.

- Buralardan getsən kimləri və nələri özünlə aparmaq istərdin?
 - Bu barədə heç düşünməmişəm doğrusu. Bunu düşünmək üçün öncə getmək qərarına gəlmək, sonra toparlanmaq, sonra bu barədə düşünmək lazımdır. Mən hələ ki buradayam. Getsəm də müvəqqəti, oxumağa gedəcəm və yaxud hər hansı bir iş təklifi alsam, gedib işləyərəm bir az. Yeni təcrübələr qazanmaq üçün. Mən öz gələcəyimi Azərbaycanla bağlı görürəm, kiçik bir faydam olarsa onu öz ölkəmə vermək istəyirəm.

- Buralarda qalsan nəyi dəyişmək istərdin?
-  Təhsilə ciddi sərmayə qoyulmasını istəyirəm. Təhsilin bir nömrəli hədəf olmasını, elm və ədalət üzərində qurulmasını istəyirəm. Ən çox istədiyim isə insanların  dürüst olmasıdır. Dürüstlüyün həyat tərzinə çevrilməsini, stimullaşdırılmasını istəyirəm. Bizim cəiyyətimizdə yalanın faizi yüksəlib. İnsanlar çox yalan danışır və sözlərinə hörmət etmirlər. Bu, məni üzür. Amma inanıram ki, dəyişəcək. hər şey yaxşı yönə dəyişəcək.

Söhbətləşdi: Aynur Zərrintac

Xudaferin.eu

22:30