Lavrovun açıqladığı “Qarabağ şifrəsi”

Sərdar Cəlaloğlu: “Lavrovun bəyanatı hüquqi və siyasi cəhətdən yanlışdır”

Azər Qasımlı: “Bu açıqlama Minsk Qrupu həmsədrinin tərəfsiz olduğunu şübhə altına alır”

Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyəti və siyasət cameəsi tərəfindən birmənalı qarşılanmadı.Lavrovun “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil” deməsi, geniş müzakirələrə və ehtimallara yol açdı.Hesab olunur ki, rusiyalı nazir bunu təsadüfən deməyib və arxasında Rusiyanın Azərbaycanın əleyhinə olan maraqları var. İlkin baxışda, xüsusilə, Lavrovun “Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır” ifadəsi o ehtimalı yaratdı ki, Rusiyanın məsələnin həlli ilə bağlı yeni mexanizmi var. Lakin bu ehtimal ictimai rəydə özünə yer tapmamış, Rusiya KİV-ləri və analitiklərindən nazirin açıqlamasına verilən şərhlər qismən də olsa, Lavrovun əslində nə deməsinin pərdəarxası məqamlarını açdı. Gələn məlumatlara görə, söhbət Dağlıq Qarabağın statusunun müəyyən olunmasından və ətraf rayonların ilkin mərhələdə Azərbaycana qaytarılmasından yox, məhz Rusiya sülhməramlılarının, yəni ordusunun bölgəyə yerləşdirilməsindən gedir.Lavrovun bu açıqlaması ətraf rayonların Azərbaycana qaytarılmasıyla bağlı gözləntilərin üzərindən birdəfəlik xətt çəkdi. Hesab olunur ki, Rusiyanın münaqişənin həlli üçün üzərində dayandığı və seçdiyi yeni variant rus ordusunun bölgəyə yerləşdirilməsiylə bağlıdır.Lavrov “Münaqişə Azərbaycanın daxili işi deyil” deməklə bunu nəzərdə tuta bilərdi.Yəni, o buna eyham vururdu ki, münaqişənin həlli üçüncü tərəfin iştirakı olmadan mümkün deyil.“Üçüncü tərəf” deyəndə də Lavrov Rusiyanı nəzərdə tuturdu.Beləliklə, Kremlin şərti budur ki, əgər Azərbaycan münaqişənin həllini istəyirsə, bundan sonra Rusiyadan gələcək bütün şərtləri müzakirə etmədən, qeyd-şərtsiz qəbul etməlidir.Ehtimal oluna bilər ki, artıq bununla bağlı rəsmi Bakıya üstüörtülü mesaj verən Kreml bundan sonra sakit dayanmayacaq və Azərbaycanı yola gətirmək üçün baş sındıracaq.

Hökumət və XİN-dən tələb

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, Lavrovun Qarabağla bağlı səsləndirdiyi fikirlər beynəlxalq hüquqaziddir. S.Cəlaloğlunun sözlərinə görə, bu, Rusiyanın münaqişənin həll prosesində bitərəf olmadığını göstərir: “Düzdür, problem beynəlmiləlləşib, münaqişənin həlli vasitəçilik missiyası ilə həyata keçirilir. Amma bu, o demək deyil ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil.Çünki Azərbaycan Dağlıq Qarabağla birlikdə BMT tərəfindən müstəqil dövlət kimi tanınır.Hətta zaman-zaman vasitəçilər də Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini vurğulayıblar.Lavrovun bəyanatı da hüquqi və siyasi cəhətdən yanlışdır.Bu fikir o halda qəbul edilə bilərdi ki, Azərbaycan birtərəfli qaydada münaqişənin hərbi yolla həll variantını seçərdi.Digər yandan da Lavrovun erməni mənşəli və xristian olması heç kəsə sirr deyil.Təəssüf ki, münaqişənin həllində də beynəlxalq hüquq yox, II və III dərəcəli maraqlar (dini, milli və s.) əsas götürülür.Bu, beynəlxalq hüquqa ziddir.Azərbaycan hökuməti öz etitrazını bildirməlidir.Rəsmi şəkildə bizim Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinə nota göndərməlidir.Minsk Qrupunun digər həmsədr dövlətləri də Lavrovdan səsləndirdiyi fikirlərlə bağlı mövqe tələb etməlidirlər”. ADP sədri qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və buna görə də beynəlxalq hüquqa söykənərək, ərazi bütövlüyümüz bərpa olunmalıdır: “Bu da Dağlıq Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğunu göstərir. Ermənistan - Azərbaycan münaqişəsi bizim daxili işimiz deyil.Amma Ermənistanın Dağlıq Qarabağa iddia etməsi və buranı işğal etməsi, bizim həll etməli olduğumuz daxili işimizdir. Buna görə də Lavrov öz fikrini dəqiqləşdirməlidir, deməlidir ki, Ermənistan - Azərbaycan münaqişəsi Azərbaycanın daxili iş deyil. Buna görə də onun Qarabağla bağlı fikrinin heç bir əsası yoxdur”.

“Milli iqtidar olsaydı, Lavrova başqa cür cavab verərdi”

REAL Hərəkatı sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Azər Qasımlının “Cümhuriyət”ə dediyinə görə, məsələnin real siyasi, praktiki tərəfi budur ki, bu gün Qarabağ bizdə deyil və işğal olunmuş əraziləri geri qaytarmaq üçün siyasi imkanlarımız  yetərli deyil. A.Qasımlı hesab edir ki, Qarabağı hərbi yolla geri almaq üçün yerləşdiyimiz regionda və dünyada bunun üçün münasib vəziyyət yaranmalıdır: “Bu vəziyyət yaranmayana qədər Qarabağın taleyi sülh danışıqlarının predmeti olaraq qalacaq. İstəsək də, istəməsək də.Sülh danışıqları da Lavrovun dediyi kimi ABŞ, Fransa və Rusiyanın həmsədr olduğu Minsk Qrupunun çərçivəsi daxilində aparılır.Danışıqlar formatını dəyişmək imkanımız da mövcud şəraitdə yoxdur”.
REAL yetkilisinin sözlərinə görə, Sergey Lavrovun “Dağlıq Qarabağ müstəsna olaraq Azərbaycanın daxili işi deyil” deməsi Azərbaycan iqtidarının yanlış xarici siyasətinin göstəricisidir: “Çünki vaxtilə Azərbaycan iqtidarı Qarabağla bağlı danışıqlarda heç bir halda müzakirə predmeti belə olmamalı məsələlərin müzakirəsində iştirak edib. Söhbət Madrid Prinsiplərindən, “Qarabağın statusu ilə bağlı referendum”dan, “sülhməramlı qüvvələrin Qarabağın ərazində yerləşdirilmə”sindən gedir. Lakin Qarabağ ərazisində hər hansı xarici ölkənin sülhməramlı qüvvələrinin yerləşdirilməsi və Qarabağın Azərbaycandan ayrılması ilə bağlı hər hansı referendumun keçirilməsi danışıqların predmeti ola bilməz. Bu məsələ Qarabağ danışıqlarında bizim üçün “qırmızı xətt”dir. Azərbaycan iqtidarı Madriddə bu xətti keçdi.Ona görə də bu gün Lavrovun dediklərini həzm etmək məcburiyyətindədir”.
Azər Qasımlı bildirib ki, milli iqtidar olsaydı, Lavrova başqa cür cavab verərdi: “Deyərdi ki, Qarabağ de-yure bizim ərazimizdir və məhz bizim daxili işimizdir. Azərbaycan istədiyi zaman hərbi yolla da olsa, problemi həll etmək hüququnu özündə saxlayır.Sadəcə olaraq biz problemi danışıqlar yolu ilə həll etməyin tərəfdarıyıq.Lakin Minsk Qrupunun həmsədrinin belə yanlış bəyanatı sülh prosesinə yardım etmir və bu həmsədrin tərəfsiz olduğunu şübhə altına alır.Azərbaycanın dostu hesab etdiyimiz Rusiyanın xarici işlər nazirinin mövqeyi təəsüf doğurur”.

Mənsur Rəğbətoğlu
Cebhe.info

12:14