Lalə Cəbrayıl: “Bir ssenarist kimi taleyimi sənətdə görürəm”

Müsahibimiz “Xudaferin.eu” saytının bədii redaktoru Lalə Cəbrayıldır. O, gənc nəsli təmsil edən ssenaristlərimizdən biridir. Ötən il Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Öz ekran həllini hələ ki, tapmamış bir sıra bədii və sənədli kino ssenarilərinin müəllifidir. Bununla yanaşı, Türk Dünyası mədəniyyət xadimlərinin Azərbaycanda tandılması baxımından ilk ən böyük virtual proyektlərin müəllifi kimi tanınır. Onun müsahiblərinin siyahısında Artur Marlajukov, Bolot Bayrışov və İrina Kenzina (Dağlıq Altay), Yuliana Krivoşapkina, Çıltıs Tannaqaşeva (Dağlıq Şor), Arslanbek Sultanbekov (Noqay El), Tufan Gündüz, Əhməd Şəfəq və Kamil Gülər (Türkiyə), İsmet Zaatov və Elzara Batalova (Krım Tatar), Şöhrət Barlas (Özbəkistan), Əhməd Tuzlu (Quzey İraq, Türkman Eli), Salamat Sadıkova və Altınbek Maksutov (Qırğızstan), Xosrov Barışan (Güney Azərbaycan), Sərdar Fərəcov, Rüstəm Behrudi, Məryəm Əlizadə, Vəfa ƏIiyev, Nuriyyə Hüseynova, Vidadi Muradov, Nailə Rəhimbəyli, İntiqam Soltan, Füzuli Hüseynov kimi ünlü sənət adamlarının adları yer alır.  

Bu gün Lalə Cəbrayıl Azərbaycan Respublikası, Güney Azərbaycan və milli diaspor təşkilatlarımızı bir araya gətirən Polşada qeydiyyatdan keçmiş “Azərbaycanın Dostları Cəmiyyəti” təşkilatı tərəfindən təsis olunmuş “Xidafərin” dərgisinin internet versiyası olan “Xudaferin.eu” saytının bədii redaktoru olaraq daha çox tanınmaqdadır. Suallarımız da Lalə Cəbrayılla elə bütün bunların ətrafında oldu. 

-Lalə xanım, bu gün saytda bədii redaktor olmaq ən ağır sahələrdən biri hesab olunur. Bunun öhdəsindən necə gəlirsiniz?

- İlk öncə bildirim ki, istər yazılı KİV-lərdə, istərsə də elektron KİV-lərdə olsun, bu gün çox böyük problemlər yaşanılır. Ona görə ki, ədəbi dil normalarını bilməyənlər, orfoepik qaydalardan xəbəri olmayanlar bu önəmli sahəyə ciddi zərbə vururlar. Beləliklə də hal-hazırda hər iki KİV sektoru bərbad durumdadır. Bədii redaktor olmaq əlbəttə çox ağır sahədir. Bunun üçün ədəbi dil normalarını və qrammatik qaydaları bilməlisən. Bir də çalışdığın sahə üzrə mümkün qədər məsuliyyətli olmaq çox vacibdir.

- İctimai fəalliyətiniz nələrdən ibarətdir?

- Unutmamalıyıq ki, bizlər bu gün XXI yüzili yaşayırıq. Tarixin dialektik qanunları var. Onlardan biri də, hər bir yüzilin dünyaya gətirdiyi öz şərtlərinin olmasıdır. XX yüzildə dünyada nəhəng fabriklərin, binaların, texniki avadanlıqların, dəzgahqayırmanın ən çox inkişaf etdiyi zamana bağlı idi. Bununla yanaşı, ötən minillikdə mədəniyyət və ədəbiyyat sahəsində yazılanlardan yüz dəfələrlərlə daha çox sənət əsərləri yarandı. Mədəniyyətin bir qolu olan kino sahəsi isə faktiki olaraq, bədii ədəbiyyatın canlı səlnaməsinə çevrildi. XXI yüzil isə, daha çox sinergetikanın şərtləri əsasında köklənib. Yəni hər şeyin sosial anlamda ictimai xarakter və məzmun daşımasına bağlıdır. Çalışıram ki, bu yöndə nəsə xeyirli bir iş görüm. Öz yaşıdlarımla kino sənətinin, teatrın və mədəniyyətimizin bütün sahələrini müzakirə edirik. Mübahisələrimiz də olur. Keçmişdən sabahımıza boylananları da, bu günümüzün ruhunu ortaya qoymaq istəyənləri də, dünyanın ortaq dəyəri qismində baxışların tərəfdarlarını da, bir sözlə hamını haqlı sayıram. Çünki, hər bir baxışda cəmiyyətimiz üçün maraqlı ola biləcək səbəblər çoxdur. Mənim ictimai yöndə fəaliyyətim teatrlara, yeni çəkilən filmlərə, muzeylərdə sərgilərə baxmaqdan ibarətdir. Sonra da bu sahədə sənət dostlarımızla müzakirələr aparırıq. Uğurlu işləri də, uğursuz olanları həmin müzakirələrdə kimsəni mühakimə etmədən çözməyə çalışırıq.  


Böyük öndər Məmmədəmin Rəsulzadənin nəvəsi, Azərbaycan Respublikası əməkdar rəssamı Rəis Rəsulzadənin emalatxanasında

- Ədəbi yaradıcılıq və hal-hazırda məşğul olduğunuz sahələrdə sizi bu işlə bağlı özünə cəlb edən səbəblər nədən ibarətdir?

- Erkən yaşlarımdan bədii qiratələ çox məşğul olmuşam. Azərbaycan, rus və ingilis dillərini bildiyim üçün, bu dillərdə çoxlu bədii ədəbi əsərlər oxumuşam. Bədii əsərləri mütaliə etmək hər bir insanın söz ehtiyatının, bədii fantaziyasının, mühakimə yürütmək qabiliyyətinin, məntiqli olmanın təməli sayılır. Orta Məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii Yaradıcılıq və ekran dramaturgiyası Fakültəsinə daxil olmağım elə buna görə asan başa gəldi. Bədii yaradıcılıq bu gün kino və teatr sahəsində ən populyar olan sektordur. Ona görə ki, teatr tamaşalarına və filmlərə minlərlə və milyonlarla insanlar seyr edə bilirlər. Bu sahə çox çətindir. Ona görə ki, indi dünyada teatr və kino sahəsində sözün əsil mənasında mövzu qıtlığı sindromu yaşanılır. Bunun üçün də, çox mütaliə etmək, dünya mədəni irsini dərindən müşahidə etmək və yeni mövzular üzərində çalışmaq  lazımdır. Ədəbi yaradıclıq üçün bu gün mənəvi azadlıq olsa da, yartmaq istədiyim əsərlərə hələ ki, ekran taleyi bəxş etmək mənə qismət olmayıb. Ancaq onu da bilirəm ki, gec-tez bu baş verəcək. Bədii redaktoru olduğum “Xudaferin.eu” saytında yayınlanan gündəlik xəbərlər, bədii yazılar məni o qədər də yormur. Ancaq yazdığım ssenarilərin ekran taleyinə qovuşmasını hər şeydən çox istəyirəm. Sənət aləmi elədir ki, insan orada özünü təsdiqlə yanaşı, düşüncələrini, fikirlərini açıq və ya sərtaltı mənalarda olsa da ortaya qoymağı çox istəyir. Peşəkar sənət aləmi hər zaman belə olub.

- Bu gün sənin məşğul olduğun sahə həm də jurnalistika ilə çox sıx bağlıdır. Sənin fikrincə həmin sahəyə qadınlar, yoxsa kişilər daha çox axın edirlər?

- Sözün doğrusu ayrıca sosioloji araşdırmalar aparmamışam. Məncə istənilən sahədə insanın kimliyindən və ya cinsindən asılı olmayaraq, daha çox onun istedadına baxmaq yaxşı olardı. Bu istənilən mətbu orqanının rəhbərinin apardığı siyasətlə bağlıdır. Kim orada təmsil olunmalıdır. Mən daha çox reportaj və köşə yazılarını xoşlayıram. Birində hansısa bir olayı təfsilatı ilə oxuculara çatdırmaq, o birində isə yazarın daxili və mənəvi aləmində hislərinin zamanla çırpınan duyğuları dilə gətirilir. Bütün bunlara subyektiv bir fikir kimi də yanaşmaq olar. Ancaq o subyektliyin içində gerçəklər, həyat həqiqətləri çılpaqlığı ifadə olunubsa, artıq bu yazarın cəmiyyətə verdiyi mesajların dəyərini daha da artırmış olur. Mən özüm də köşə və reportaj yazıları yazıram. Hər ikisindən məmnunam.


Türkiyə, Eskişehir, "Türkvizyon" Uluslararası Türk Dünyası musiqi yarışması

- Yeni Nəsil Koalisiyasında keçirilən görüşlər sənin üçün maqarlı oldumu? İndiyə kimi bu görüşlərdə ən çox yadında qalanlar nələr oldu?

- Mən bu sahədə tamamilə yeniyəm. Təbii ki, belə tədbirlərə böyük həvəslə və maraqla qatılıram. Hər dəfə yeni mövzular eşidirəm. İnsanın tamamilə ayrı çevrəlləri, onların baxışlarını görməsi və onunla tanış olması gerçəkdən çox maraqlı çıxır. Elə bil ki, yeni bir əsəri əlinə alıb mütaliə edirsən. Bu tədbirlərin hər biri ayrı-ayrılıqda mənim üçün maraqlıdır. Ona görə də, onların heç birini digərindən ayırmaq istəmirəm. Ötən həftə Fransa səfirliyinin baş müşaviri Fabien xanım gəlmişdi. Mənim üçün çox maraqlı oldu. Bir fransız insanının Qərbdəki baxışları və Azərbaycanla ilgili görüşləri çox maraqlı idi. Buna görə də ona çoxlu suallar verməli oldum.

- Yeni Nəsil Koalisiyası bir sıra təlimlər keçirir. Orada sənin üçün maraqlı olan nəsə oldumu? Hansısa boşluqları doldura bildinmi? Ümumiyyətlə bilik və bacarıqları artırmağı nədə görürsən?

- Qatıldığım təlimlərdə hələ ki, çox yeniyəm. Mən sadəcə çox şeyləri müşahidə edirəm. Bu da ssenaritst ixtisasımla bağlıdır. Ona görə də, hələ ki, təlimlər barəsində konkret cavablar verməkdə çətinlik çəkirəm. İnanıram ki, zamanla bu boşluqları doldura biləcəyəm. İstənilən insanın bilik və bacarığını artırması əslində indvidual məsələdir. Bu məsələdə konkret diaqnoz qoymaq mümkün deyil. Bizlər sadəcə öz fikirlərimizi və mülahizələrimi ifadə edə bilərik. Mənə görə, istənilən insan malik olduğu peşəsi ilə bağlı daim yeniliklər üzərində köklənsə bu daha effektiv ola bilər. Özüm bu məsələdə bir sıra müşahidələr aparıram. Bir ssenarist kimi, çalışıram ki, indiki kino sənətində yaradıcılıq baxımından fantaziların üslub və janrlarını incələyim. Bu barədə dünyanın sənət və kino tənqidçilərinin fikirlərini oxuyuram. Çoxlu sayda filmlər izləyirəm.


Qırğız Respublikasının Mədəniyyət Naziri, ünlü teatr rejissoru Altınbek Maksutov

- Kinoya gedirsənmi?  

- Sözün doğrusu kino-teatrlara vaxt darlığı ucbatından getmirəm. Yeni filmlərin təqdimat mərasimlərini isə əsla buraxmıram. Bir də ölkəmizdə son zamanlar özəl və ya dövlət sektoruna bağlı olan kino-teatrlarda salonları doldurmaq üçün bayağı filmlərin sayı çox artıb. Bu da tamaşaçıların zövqünü korlamaq deməkdir. Ciddi fimlərə isə internet vasitəsilə baxıram.

- Kitab maraqlıdır, yoxsa kino? Bəlkə ictimai işlər, rəfiqələrlə bir araya gəlmək və ya partilərdə mütəmadi olaraq iştirak etmək. Bunlardan hansısı sənə daha çox xoş gəlir?

- Kitabları çox sevirəm. Son zamanlar Cek Londonun “Martin İden”, Etil Lilian Voyniçin “Ovod”, Qriqori Petrovun “Yaşıl zanbaqlar ölkəsində” əsərlərini bir daha oxudum. Kitabla yanaşı, kino da mənim üçün vacib sahədir. Ən azından ssenarist ixtisasımla bağlı bu sənətə olan marağım hər zaman ilk sırada yer alacaqdır. İstər orta məktəbdə, istərsə də universitetdə birgə oxuduğum rəfiqələrimlə bu gün də əlaqə saxlayıram. Hərdən görüşüb dərdləşirik də. Gəzməyə də çıxırıq. Bəzi yeni rəfiqələrim var ki, onlarla həftədə bir neçə dəfə kafedə oturub hər şeydən müzakirələr aparırıq. Ülkər Hüseyn adlı rəfiqəm var ki, ondan həm memarlıq, həm də dizayner sənətinin bir çox sirlərini öyrənməyə çalışıram. Peşə ixtisasımla bağlı sadəcə həyatı müşahidə etməklə deyil, insanları daha yaxından tanımaq yaradıcılıq üçün çox vacibdir. Bunlar yazacağın əsərdə insan xarakterinin özəlliklərini ifadə etməkdə başlıca şərtlərdən biridir. Partilərdə, toy-düyünlərdə iştirak etməyə o qədər də həvəsli deyiləm. Bəlkə də bu xarakterimlə bağlıdır. Çünki çox hallarda bütün bunlara biznes gözü ilə baxılır. Bir insan ailə qurur və onu biznesə çevirirsə, bundan acığım gəlir. Birinin ad günü olur və şadlıq evlərinin birində təntənəli məraism düzənləyir. Axı buna ehtiyac var mı? Bunun üçün ailənin üzvlərinin və yaxınlarının birgə qatıldığı balaca bir məclis də yetərli sayıla bilər. Bütün bunlara baxmayaraq, ürək qızdırdığım dostlarım var ki, onlarla kafelərin birində oturub xudmani məclis təşkil edirik. Çox da bahalı olmayan bu məclislərdə düşüncələrimizi və dünyada dərk etdiklərimiz nələr varsa, onları müzakirə edirik.


Türk Dünyasının ünlü sənətçisi Arslanbek Sultanbekovla (Noqay El)

- İstirahət günlərini necə keçirirsən? Hobbin nədir?

- Mən yaxşı bir əsər oxuyanda, yaxşı bir yazı yazanda, yaxşı bir dostumun uğurları olanda buna görə mənən rahatlıq tapıram. Hobbim fitneslə məşğul olmaq, velosiped sürmək, şahmat oynamaq, başqa ölkələri gəzməkdir. İndiyə kimi iki dəfə xaricdə olmuşam. Bu Türkiyə və Gürcüstan olub. Hər ikisində də mənən böyük bir rahatlıq tapdım. Yeni iqlim, mənzərlər, insanlar, coğrafiyanı və mədəniyyətləri canlı şəkildə görmək doğrudan da insanda böyük bir təcrübə yaradır. Eyni zamanda daxilən daha da zənginləşirsən.        

- Bundan on il, iyirmi il və sonra... hansı sahənin mütəxəssisi olacaqsan? Özünü hansı zirvədə görürsən?

- Mən hansısa zirvələri fəth etməyi düşünmürəm. On il və ya iyirmi sonra nələrin olacağını hələ ki, düşünmürəm. Tək düşündüyüm ssenarist kimi yazdığım əsərlərin ekran taleyinə qovuşmasıdır. Özümü ancaq yaradıcılıq sahəsinə həsr etməyi hər şeydən üstün sayıram.

- Ölkəmiz, cəmiyyətimiz üçün nələri etmək istərdin? Əskiklərimiz nədir, biz nələri dəyişməliyik ki, inkişaf etmiş bir ölkə olaq, qadınların cəmiyyətdəki iştirakı ilə mükəmməl olan bir cəmiyyətə çevrilə bilək?

- Məncə mədəniyyət sahəsinə daha çox üstünlük verilməlidir. Hər hansı bir millət öz mədəniyyətinə sahib deyilsə, o millət məhvə məhkumdur. Gənclik üçün yeni imkanlar yaradılmalıdır. Dünyanın bütün inkişaf etmiş ölkələrində gənclər üçün “atölye”, yəni “emalatxana” və ya “yaradıcılıq studiyaları” anlayışı çox böyük sosial şəbəkəyə çevrilib. Gənclər bu mərkəzlərdə ilk öncə istədikləri sənəti və ya peşəni seçirlər. Sonra da həmin ixtisaslar üzrə təkmilləşmə proseslərinə baş vururlar. Bu gün Azərbaycan gəncliyinin əksəriyyəti belə bir anlayışdan tamamilə xəbərsizdir. Biz keçmiş Sovetlər Birliyinin yetmiş il yaşanılmış mirasından hələ də qurtula bilmirik. Əsas problemimiz budur. O da doğrudur ki, Qarabağımızın işğal altında qalması bütün bunlara qarşı böyük bir əngəldir. Ancaq unutmamalıyıq ki, bu inkişafımıza qətiyyən mane olmamalıdır. Dinamik bir ölkə olmağımızı istərdim.
Misal üçün, TV kanallarımızda müəllif verilişlərinin olmasını çox istərdim. Həmin müəllif proqramlarında siyasi və sosial mənşəyindən asılı olmayaraq, mütəxəssislərin çıxış etmələrini görmək istərdim. Belə yanaşım tərzi həm də cəmiyyətin toplu şəklində inkişafı üçün böyük təkan deməkdir.
Universitetlərə qəbulla bağlı Skandinav modelinin tətbiq olunması məncə çox böyük effekt verə bilər. Bu modelə görə universitetlərdə qəbul imtəhanları yoxdur. Orada təhsil almağın sərt qaydaları var. Ölkə qanunlarının liberallaşmasının ən qatı tərəfdarlarından biriyəm. Çünki çağdaş dünya düzəni məhz bu amil üzərində köklənib.


Yeni Nəsil Koalisiyasında kulturoloq professor Fuad Məmmədovla görüş

- Bəs bu cəmiyyətdən və dövlətimizdən umacağın nədir?

- Çağdaş dünya düzənində iki tip dövlət modeli mövcuddur. Ya dövlət xalqı, ya da xalq dövləti yaşatmalıdır. Dövlətin xalqı yaşatması qaydası totalitar və avtoritar rejimlərə məxsusdur. Orada “dövlət baba” cəmiyyətə nəyi təqdim və ya təlqin edirsə, hər kəs onunla kifayətlənməyə məcbur olur. Bir də var, inkişaf etmiş ölkələrdə, özəlliklə də Qərbdə xalq dövləti yaşadır. Bu ölkələrdə dövlət qanun çərçivəsində xalq üçün yaşam imkanlarını yaradır. İnsanlar vergi ödməklə dövlət qarşısında borclarını ödəyir və yerdə qalan həyat isə insanın öz istedadı, bacarığı sayəsində başa gəlir. Hətta ən imkansız vətəndaş belə, dövlətin onun üçün yaratdığı imtiyazlardan istifadə edərək öz həyat tərzini istədiyi kimi nizamlamaq hüququna malikdir. Oxuduğum və yaxından tanıdğım bir sıra insanların müşahidələrinə söykənərək onu deyə bilərəm ki, bu gün Polşa, Macarıstan, Rumıniya, Çexiya, Slovakiya, Litva, Latviya, Estoniya və digər keçmiş postsovet respublikalarında, həm də Azərbaycanda qarşılaşdığımız ağır sosial-iqtisadi həyat çox dözülməz durumda olmuşdur. Həmin ölkələrdə təfəkkür baxımından yeni nəsil siyasətçiləri və iqtisadçıları reformların sayəsində böyük uğurlara nail ola bildilər. İndi həmin ölkələr inkişaf etməkdə olan dövlətlər siyahısında qürurla yer tuturlar. Azərbaycanımıza da məhz bunu arzu edirəm.

Söhbətləşdi: Sabirə Vasifli 

   

18:31