“Əl Hərir” portalında Azərbaycanın Zəfərindən sonra regionda yaranmış yeni reallıqlar haqqında məqalələr yayımlanıb

Böyük İpək Yolu informasiya şəbəkəsinin Əlcəzairdə fəaliyyət göstərən “Əl Hərir” informasiya portalında Azərbaycanın Vətən müharibəsində Qələbəsindən sonra regionda yaranmış yeni reallıqlar haqqında məqalələr yayımlanıb.

AZƏRTAC xəbər verir ki, tədqiqatçı Muxtar Beydilinin “Zəngəzur dəhlizinin strateji əhəmiyyəti” sərlövhəli məqaləsində 44 günlük müharibədə Azərbaycan Ordusunun Zəfərindən sonra Cənubi Qafqazda geosiyasi vəziyyətin dəyişdiyi, açılacaq yeni dəhlizlər vasitəsilə regional əməkdaşlığın daha da inkişaf edəcəyi qeyd olunub. Müəllif qeyd edir ki, onların sırasında ən mühümü olan Zəngəzur dəhlizi Azərbaycan, Türkiyə, Rusiya və İran, habelə müharibədə məğlub olmuş Ermənistan üçün də faydalı olacaq. Vaxtilə Azərbaycana məxsus olmuş bu ərazilərin XX əsrin əvvəlində Ermənistana verilməsi SSRİ-nin süqutundan sonra regionda kommunikasiyalar üçün əngələ çevrilmişdi. Nəticədə Naxçıvanın Azərbaycanın digər bölgələri ilə quru yolu əlaqəsi kəsilmiş, ticarət və enerji sahələrində əməkdaşlığa ciddi maneələr yaranmışdı. Zəngəzur dəhlizi, eyni zamanda, Avropa ölkələri, “Bir kəmər, bir yol” təşəbbüsünü həyata keçirən Çin, həmçinin Orta Asiya dövlətləri üçün də yeni perspektivlər açacaq.

Məqalədə vurğulanır ki, yeni reallıqlar fonunda son 20 ildə mühüm transmilli enerji və kommunikasiya layihələrinin təşəbbüskarı və iştirakçısı olan Azərbaycanın beynəlxalq və regional strateji əhəmiyyəti daha da artacaq. Prezident İlham Əliyevin son bəyanatları, onun ardıcıl həyata keçirdiyi tədbirlər bunu söyləməyə əsas verir. Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizinin də perspektivlərini artıracaq.

Portalda yayımlanmış digər məqalədə - yəmənli jurnalist Əbdülhəmid Əl-Kibinin “Azərbaycanın Qələbəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar” sərlövhəli yazıda da 44 günlük müharibədən sonra Cənubi Qafqaz regionunda yaranmış beynəlxalq və regional əməkdaşlıq potensialından söz açılır. Müəllif yazır ki, yeni imkanlar Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə hərb meydanında və diplomatiya sahəsində qazanılmış uğurlar sayəsində mümkün olub.

Məqalədə vurğulanır: “Azərbaycan Prezidentinin rəhbərliyi altında müharibədə qazanılmış Qələbə İslam dünyası üçün də əhəmiyyətlidir. Belə ki, yaranacaq yeni imkanlar, Zəngəzur dəhlizi və digər layihələr Şərqlə Qərb arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradıb. Eyni zamanda, Azərbaycan regional güc kimi öz qüdrətini daha da artıracaq, müsəlman aləmində müxtəlif sahələrdə əməkdaşlığın mərkəzinə çevriləcək”.

Oqtay Bayramov

Xudaferin.eu

13:31