KXCP İran səfirliyi qarşısında etiraz piketi qərarını verdi

KXCP-nin (Klassik Xalq Cəbhəsi Partiyası) mətbuat xidmətindən XUDAFERİN.EU-ya verilən açıqlamaya görə, partiyanın İdarə Heyətinin yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər   müzakirə olunmuş,   müvafiq qərarlar qəbul edilmişdir. İdarə Heyətinin toplantısında, 25 dekabr 2016-cı il müxalifət partiyalarının keçirdiyi “vəziyyətimiz və vəzifələrimiz” tədbirinin  nəticələri müzakirə  olundu. Müzakirə zamanı  deyilənlərin  nəzərə   alınması haqda  qərar qəbul edildi. İdarə Heyətinin toplantısında, KXCP Ali Məclisinin 24 dekabr 2016-cı ildə keçirilən sessiyasının nəticələri müzakirə edildi.  KXCP İdarə Heyətinin yığıncağında - 31 dekabr Dünya Azərbaycan Türklərinin  həmrəylik günü ilə bağlı 31 dekabr 2016-cı il  saat 12:00-da Milli Azadlıq Hərəkatının Lideri Əbülfəz Elçibəyin  ziyarət edilməsi və  saat 13:00-da  İranın Bakıdakı  səfirliyi qarşısında  Güney Azərbaycan Türklərinin  hüquqlarının  pozulmasına etiraz   piketinin  keçirilməsi qərara alındı.

KXCP-nin  mətbuat xidməti onu da bildirdi ki, partiyanın İdarə Heyəti Dünya Azərbaycan Türklərinin  Həmrəylik Günü münasibəti ilə  bütün soydaşlarımızı təbrik etmək haqqında qərar qəbul etmişdir. İdarə Heyətinin yığıncağında,  31 dekabrda Bakıda nəzərdə tutulan  atəş – fəşanlıq və çal-çağır  tədbirlərinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən  keçirilməsi  müzakirə edildi və pislənildi.     
KXCP İdarə Heyəti,  son günlər hakimiyyətin məsuliyyətsizliyinin nəticəsi olaraq,  dənizdə  faciəli şəkildə həlak olan neftçilərimizin 40-ı çıxmamış, ölkədəki acınacaqlı iqtisadi  böhranın, qazın və elektrik enerjisinin qiymətlərinin qaldırılmasını bayram edən hakimiyyətə etiraz edir və onu ağıllı olmağa çağırır.  

Xudaferin.eu

18:22