Kürdlər Kərkükdən birdəfəlik çıxarıldılar

 

Bu barədə İngiltərənin nüfuzlu “Financial Times” geniş reportaj yazdı

“Financial Times” yazır ki, bir ay əvvəl İraq kürdləri keçirdikləri referendumda səs çoxluğu ilə müstəqilliyi dəstəkləmişdilər, amma indi İraq ordusu Kərkükə daxil olandan və binaların damındakı kürd bayrağını qopararaq yerinə İraq bayrağı taxandan sonra bu arzular çilik-çilik olub. Məqalədə deyilir ki, Bağdad hökuməti ilə “Kürdüstan Regional Hökuməti” arasında mübahisəli olan neftlə zəngin Kərkük şəhəri kürdlərin müstəqillik ambisiyalarının təməlini təşklil edirdi. İqtisadi baxımdan Kərkükün neft mədənləri kürd dövlətinin yaradılması üçün həyati məna daşıyırdı. Lakin eyni zamanda etnik baxımdan qarışıq şəhər heç vaxt tamlığı ilə kürd şəhəri olmamışdır.

FT yazır ki, bazar ertəsi Kərkükün küçələri ilə yeriyən İraq tanklarını şəhərin ərəb və türkman sakinləri salamlayıblar. Beləliklə, ərəb və türkmanların üzərində üç il davam edən kürd hakimiyyətinə son qoyulub. ABŞ-ın dəstəklədiyi iki qüvvə – İraq ordusu və kürd peşmərgələri üz-üzə gəliblər. Bölgədə kürd-ərəb qarşısdurmasının şiddətlənməsi İŞİD-dən yenicə təmizlənmiş bölgəni təlatümə gətirə bilər. Hazırda Bağdadda hamı KDP lideri və kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin nə deyəcəyini gözləyir. O, bundan əvvəl İraq hökumət qoşunlarının Kərkükə hücumunun ərəb-kürd müharibəsinə səbəb ola biləcəyi ilə hədələmişdi.

“Hələlik hər şey nəzarət altındadır, amma qarşıdan gələn iki gün çox təhlükəli ola bilər. Əgər KDP vəziyyəti gərginləşdirmək istəsə, onda situasiya təhlükəli olacaq” – deyib bir İraq rəsmisi FT-yə. Həmin İraq rəsmisi deyib ki, böyük fırtına qopub, lakin bu, heç də təkcə kürdlər və Bağdad arasında çarpışma deyil. Məsələ burasındadır ki, “Kürdüstan Regional Hökuməti”nə daxil müxtəlif kürd siyasi partiyaları Kərkükün itirilməsinə görə bir-birlərini xəyanət və satqınlıqda ittiham edirlər. İraq ordusunun hərbi uğuruna “Kürdüstan Regional Hökuməti”ndəki ikinci ən böyük partiya – “Kürdüstan Vətənpərvər İttifaqı” – PUK-un koalisiyadan çıxması kömək edib. Bu regionun tarixində onilliklərlə kürd fraksiyaları arasında barışmaz düşmənçilyin daha bir manifestasiyası olub.

 

Qardaş xəyanəti

 

Bu partiyalar əvvəllər də dəfələrlə bir-birlərinə qarşı xəyanətkar addımlarda bulunublar. Bunlardan ən rüsvayçısı 1996-cı ildə baş verib. O vaxt Bərzani öz partiyasının PUK-a qarşı vətəndaş müharibəsində üstün gəlmək üçün diktator Səddam Hüseynin qoşunlarını dəvət etmişdi. Pereşmərgələr PUK və KDP partiyaları arasında bölünüblər. İndi bir çoxları Bərzanini referendum keçirdiyinə, xüsusilə də Kərkükü bu referenduma qatdığına və kürdləri çətin duruma saldığına görə tənqid edirlər. Bu referendumun keçirilməsinə nəinki regional dövlətlər, hətta ABŞ-da qarşı çıxmışdı. Referendumun keçirilməsi Türkiyə və İranı kürdlərə qarşı mübarizədə Bağdadla birləşdirib. Belə bir vəziyyətdə ABŞ bir-biri ilə çarpışan heç bir tərəfi dəstəkələməyib.

Xudaferin.eu
“Avropa Bürosu”

 

10:15