KÜRD SEPARATÇILARI YENƏ TƏKLƏNDİ: DƏMƏŞQ DƏ ÜZ DÖNDƏRDİ

"Suriya hökuməti PYD-nin namərdliyini bəzi döyüşlərdə ABŞ-ın maraqları istiqamətində alət olaraq istifadə edildikdən sonra anladı".

Bu sözləri Suriya ordusunun generalı Heysəm Hasun deyib.

Şimali İraq kürd muxtariyyətinə məxsus “Rudaw” xəbər agentliyinə açıqlamasında general münaqişənin ilk dövrlərində PYD-nin Suriya rejimi tərəfindən silahlandırıldığını da etiraf edib. O, bunun səbəbini Türkiyənin Suriyadakı müxalifləri dəstəkləməsinin və ya bu ölkəyə hərbi müdaxiləsinin qarşısını almaq niyyətiylə əsaslandırıb: "2011-ci ilin sonu ilə 2012-ci ilin əvvəllərində Demokratik Birlik Partiyasına (PYD) bağlı güclərə göndərilən hərbi yardıma özüm nəzarət etmişəm. İndi, Saleh Müslim (PYD rəhbəri) etdiyimiz yaxşılığı unutmaq istəyir. PYD-yə edilən hərbi yardımlar üçün Prezident Əsəd və Xarici işlər nazirinin açıqladıqlarından başqa, onlara şəxsən silah və sursat göndərmişəm. Bir müddət problemsiz keçən Suriya hökuməti-PYD əməkdaşlığı İŞİD-in Kobaniyə hücumuyla başlayan PYD – ABŞ yaxınlaşmasından sonra əsl xəyal qırıqlığı yaratdı. Bu hadisə Suriya hökumətinin sərt reaksiyasına səbəb oldu. Suriya rəsmiləri bir neçə dəfə narahatlıqlarını dilə gətirərək PYD-ni ABŞ ilə əlaqələrini kəsməyə çağırdı”. Generalın bildirdiyinə görə, Hələbin azad olunmasından sonra yaranmış yeni situasiya Suriya hakimiyyətini fürsətdən yararlanaraq, ABŞ-la əməkdaşlığa həvəslənən və yeni ərazilər ələ keçirən PYD ilə bağlı siyasətinə yenidən baxmağa vadar edir. Rəsmi Dəməşq indi PYD-nin həmin əraziləri tərk etməsini istəyir. Tərk edilməsi tələb olunan ilk ərazi isə Hələbin Şeyx Məqsud məhəlləsidir.
Dəməşqin bu tələbi Suriyada getdikcə təklənən kürd separatçılarının qarşılaşdığı ilk acı sürpriz də deyil. Bundan bir müddət əvvəl Suriyanın şimalına hərbi müdaxilə etmək istəyən Türkiyənin israrlı mövqeyini dəyişdirə bilməyən Vaşinqton da çətin seçim qarşısında PYD-ni dəstəkləməkdən vaz keçmişdi. Separatçılar bundan sonra özlərini Dəməşqə şirin salmaq üçün Bəşər Əsədə üz tutmuş, Türkiyədənsə onu əl-Babı almağa çağırmışdılar. Bu zamana qədər PYD-nin “şirin” çağırışlarına cavab verməyən Suriya ordusu generalının son açıqlaması isə əsl “soyuq duş”a bənzəyir.
Qeyd edək ki, bundan əvvəl Suriya lideri də bənzər açıqlamalarla gündəmi silkələmişdi. İki həftə öncə “əl-Vətəni” qəzetinə müsahibə verən Bəşər Əsəd demişdi: "PYD dövlətin yoxluğundan faydalanaraq, yeni siyasi-inzibati strukturlar meydana gətirir və federalizmdən bəhs edir… Bunlar müvəqqəti strukturlardır".
Həmin açıqlamadan bir müddət sonra yenə “Rudaw” xəbər agentliyi məlumat yaymışdı ki, Bəşər Əsəd Hələbi tərk etməsi üçün PYD-yə bu ayın sonuna qədər vaxt verib. Qeyd edək ki, PYD Türkiyənin də ərazilərinə iddia edən PKK-nın Suriya qanadıdır. Türkiyə, İran və Rusiyanın bir müddət əvvəl keçirilən Moskva görüşündə ortaq məxrəcə gəlməsindən, yayımlanan müştərək bəyannamədə Suriyanın ərazi bütövlüyünü və Əsəd rejiminin legitimliyini tanımasından sonra rəsmi Dəməşqin bu mövqe sərgiləməsi təsadüfi deyil.

Heydər Oğuz
Strateq.az 

08:33