Kuala Lumpurun mərkəzində Azərbaycan bayrağını əks etdirən videoçarx nümayiş olunub

Bu il 28 May - Respublika Günü Malayziyanın paytaxtı Kuala Lumpurda yaddaqalan tədbirlər və bayram əhval-ruhiyyəsi ilə qeyd olunub.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məşhur “Petronas” şirkətinin əkiz qüllələrinin yerləşdiyi şəhər meydanındakı nəhəng bilbordda dalğalanan Azərbaycan bayrağı fonunda bu əlamətdar gün ilə bağlı təbrik mesajı nümayiş etdirilən videoçarx təqdim olunub. Üç gün davam edən nümayiş şəhər sakinlərinin və qonaqların geniş marağına səbəb olub.
Ölkəmizin Malayziyadakı səfirliyinin təşəbbüsü ilə baş tutan aksiya sosial mediada da geniş yayılıb.
Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev səfirliyin akkreditə olunduğu ölkələrdə yaşayan soydaşlarımıza müraciətlə bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra şanlı tariximizdəki bu əlamətdar günü əsl bayram sevinci ilə qarşılayırıq. Diplomat bu tarixi günü dost Malayziya xalqı ilə birgə qeyd etməkdən məmnunluğunu bildirib.
Qeyd edək ki, mayın 28-də Malayziya XİN-in rəsmi “Facebook” səhifəsində Azərbaycan bayrağının fonunda təbrik mesajı paylaşılıb. Təbrik mesajında Respublika Günü təbrik edilib, Azərbaycan-Malayziya münasibətlərinin tarixinə qısa nəzər salınıb.
Bundan əlavə, Malayziyanın BERNAMA milli informasiya agentliyi və bu ölkənin ən çox tirajlı malaydilli qəzeti “Utusan Malaysia” tərəfindən 28 May - Respublika Günü ilə bağlı geniş materiallar dərc olunub.

Vüqar Ağayev

Xudaferin.eu

12:22