Kərəm Həsənovun idarəsində vətəndaşlar necə “soyulur”?

 

Tanınmış vəkil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini yenə məhkəməyə verəcək

Qurban Məmmədov: “Milyardlarla manat qanunsuz yolla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gedir”

“Kərəm Həsənov öz əməkdaşlarının soyğunçuluq əməllərinə son qoymalıdır”
 

Vəkil Qurban Məmmədov Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (DƏDRX) baş verən qanunsuzluqla bağlı vətəndaşlara çağırış edib. Vəkil özünün feysbuk səhifəsində yazıb ki, xalq arasında “BT” (“kupça idarəsi”) kimi tanınan bu qurumda vətəndaşlara verilən daşınmaz əmlakın yüklülüyünə dair arayışın (Forma 1) dövlət rüsumu 10 manat olduğu halda, onlardan 21 manat artıq pul alınır. Ümumlikdə 31 manata verilən “qəbz” bu məbləği guya qanuniləşdirir.  
 

“Forma 1” mənzilin girovluqda, həbsdə, ipotekada və.s olub-olmadığını müəyyənləşdirən sənəddir

 

“Forma 1”-in funksiyasını izah edən Qurban Məmmədov bildirdi ki, daşınmaz əmlakın yüklülüyü vətəndaşın adına olan daşınmaz əmlak üzərində həbsdə, girovluqda və ya ipotekada, eləcə də başqa şəxslərin hüququları ilə yüklü olub-olmamasını təsdiq edən sənəddir: “Yəni “Forma 1” mənzilin satışa çıxarılması, vərəsəyə verilməsi və sair prosedurlar üçün əmlakın yüklü, ya sərbəst olması haqqında verilən arayışdır. Kompüter arxasında əyləşən bu qurumun əməkdaşı bu məsələləri müəyyənləşdirmək üçün 2-3 dəqiqə vaxt, 1 qəpiklik kağız, 1 qəpiklik boya sərf edir. Ümumi maya dəyəri 2 qəpik olan yüklülüyə dair arayışın – “Forma 1”-in "Dövlət rüsumu haqqında" Qanunun 26.6-cı maddəsinə əsasən dövlət rüsumu 10 manatdır. Maya dəyərindən qat-qat artıq olsa da, halal xoşu olsun bu dövlətimizin büdcəsinə gedir. Amma bu dövlət rüsumundan əlavə DƏDRX-nın Bakı ərazi idarəsində əvvəl 34 manatdan min manata qədər tələb edirdilər, indi isə 31 manat. DƏDRX-ni ərazi idarələrində də, ASAN Xidmətdə də eyni məbləğ alırlar. Bu isə tamamilə qanunsuz pullardır. Vətəndadaşlara qəbz verməklə deyil. DƏDRX təsərrüfat hesablı təşkilatdır, yığılan milyardlarla pul bu idarənin özünə qalır. Belə çıxır ki, bu idarənin əməkdaşlarının maaşı min, min beş yüz manat olmalıdır. Amma onların əməkhaqqı da yüksək deyil. Bəs bu pullar hara gedir?

DƏDRX bu 20 manat pulu Taarif Şurasının hansısa bir qərarına əsasən aldığını deyir. Halbuki Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Tarif Şurasının 2009-cu il 31 iyul tarixli Qərarının 1-ci maddəsinin III bölməsində mötərizədə göstərilib ki, yüklülüyə dair arayış istisna olmaqla, dövlət reysterinə dair arayışların verilməsi 20 manatdır. Yəni “Forma 1” istisnadır. Vətəndaşlar bilsin ki, onlardan əlavə haqq alına bilməz. “Dövlət rüsumu” sözü Dövlət rüsumu haqqında qanunun 1.1 maddəsinə əsasən xidmət haqqı deməkdir. Dövlətin müəyyənləşdirdiyi bir xidmət haqqı varsa, Tarif Şurası, yaxud başqa bir müəssisə ikinci rüsum müəyyənləşdirə bilməz”.

Qəbzlə də olsa, “Forma 1”ə görə alınan əlavə pullar qanunsuzdur

 

Vəkilin sözlərinə görə, bu günə qədər vətəndaşlardan “Forma 1”-ə görə alınan əlavə pullar qəbzlə də, qəbsiz də verilsə, qanunsuzdur. Son 20-30 ildə xalqın cibinə girlib, pul yığılıb. Pullar vətəndaşlara geri qaytarılmalıdır. Vətəndaşların hüquqi savadsızlığından istifadə edirlər. Əlacsız vətəndaşa “Forma-1” lazımdır, övladı xəstədir, evini satmalıdır, o, həmin anda 20 manat artıq xərclənməsinin də fərqində deyil. Belə durumda olan milyonlarla vətəndaşa bir kod verilir, o kodla 10 manat, digər kodla 20 manat ödənir. Ona görə də mən bəyan edirəm ki, bu Kərəm Həsənovun rəhbərlik etdiyi idarənin qeyri-qanuni əməlidir”.

 

“Sizi balanızın boğazından zorla çıxardılan tikə uğrunda qanuni mübarizəyə çağırıram”

 

Hüquqşünas bildirdi ki, Azərbaycan xalqına öz feysbuk səhifəsində məhkəməyə müraciət üçün ərizə nümunəsi də təqdim edib: “İnsanlarımız o ərizəyə istinad edib, pullarını tələb eləsinlər. Bu hadisənin faktiki iştirakçısı kimi mən məhkəməyə müraciət etmişəm və DƏDRX-in qanunsuz fəaliyyətini Ali Məhkəmənin qərarıyla 2011-ci ildə sübut etmişəm. Həmin məhkəmənin qərarı bu gün də qüvvədədir. Yenə də onları məhkəmə qarşısında qoyacam. Kimin də vaxtı yoxdur mənə etibarnamə və ödədikləri qəbzləri versin, mən onun əlavə ödədiyi pulları da, etibarnaməyə verdiyi pulları da alıb vətəndaşa ödəyəcəyəm. Mən sizi dövlət çevrilişi etməyə, hakimiyyəti zorla dəyişdirməyə çağırmıram. Mən sizi balanızın boğazından zorla çıxardılan tikə uğrunda qanuni mübarizəyə çağırıram. Mənim kimi insanlar üçün 21 manat böyük puldur, bir aylıq çörəyim, 42 günlük dayanacaq, 21 günlük nəvə pulumdur”.

“Ailənin də, dövlətin də büdcəsi qəpilklərlə formalaşır”

 

“Ey məzlum xalq, sizdən qanunsuz olaraq artıq alınan pulları məhkəmələr vasitəsilə tələb edin. "Əşşi, 20-30 manatdır"- deyib keçməyin. Dövlət büdcəsi qəpilklərlə formalaşır. Elə sizlərin ailə büdcəniz də. Öz halal pulunuza, balanızın tikəsinə sahib çıxmaqla siz həm də dövlətinizə sahib çıxmış olursunuz. Bunu etmək üçün isə, nə mitinqə çıxmaq, nə polislə toqquşmaq, nə döyülmək-söyülmək, nə də həbs olunmaq lazımdır. Sadəcə, məhkəməyə iddia ərizəsi ilə müraciət etməyiniz yetər. Mən bu işi udmuşam və sizi də fəal vətəndaş mövqeyinə səsləyirəm”.

“Xalqın haqqını ağ atlı oğlan yox, özü müdafiə etməlidir”

Vəkil xalqa çağırışında bu sözlərini də əlavə etdi: “Xalq bunu bilməlidir ki, onun haqqını müdafiə etmək üçün ağ atlı oğlan gəlməyəcək. Hər bir vətəndaş öz haqqını müdafiə etsin.  Kərəm Həsənovun idarəsində sizlərdən qanunsuz alınan milyonları geri qaytarmaq dövlətçilik məsələsidir. İmkanı olan Sizə təqdim olunan məhkəmə qərarlarını şəxsən Kərəm Həsənova çatdırsın ki, o da öz əməkdaşlarının bu soyğunçuluq əməllərinə son qoysun”.

Nigar İsmayılova
Hurriyyet.org

 

19:58