KƏRKÜK UĞRUNDA MÜHARİBƏ OLA BİLƏR

 

İraq, İran və türkmən qüvvələri Bərzani peşmərgələrinə qarşı səfərbər oldular

 

İraq hökuməti ölkənin şimalında yerləşən Kərkük şəhərinin ətrafına hərbi texnika toplayır. Həmçinin, İranın dəstəklədiyi və İraq hökumətinin icazəsi ilə fəaliyyət göstərən “Haşdi Şabi” qüvvələri də ağır silahlarla Kərkük vilayətinin cənubunda yerləşiblər.

“Anadolu Agentliyi” xəbər verir ki, İraq Türkməneli Cəbhəsinin başçısı Erşat Salihi təşkilata olan hücum barəsində açıqlama verib: “Bir qrup silahlı kürd peşmərgə Türkmən Milliyyətçi Hərəkatına silahlı hücum edib. Partiya binasında olan türkmən təhlükəsizlik ünsürləri də hücumçulara cavab verib, bir müddət atışma olub. Kərkükdə vəziyyət gərgindir”. Məlumatda hücum edənlərdən birinin öldüyü bildirilir. Partiya mühafizəçilərindən olan bir türkmən isə yaralanıb.

Qeyd edək ki, Barzani qüvvələri Şimali İraq Kürd Muxtariyyəti ərazisinə daxil olmayan, neftlə zəngin və əsasən türkmənlərin yaşadıqları (vaxtilə tarixi Azərbaycan ərazisi olmuş) Kərkük şəhərini də zorla 25 sentyabr qondarma referendumuna cəlb eləmək niyyətindədirlər. Bundan əvvəl İraqın baş naziri Heydər əl Abadi və İraq parlamenti Məsud Bərzaninin referedum qərarına veto qoyaraq bu cəhdin qanunsuz olduğunu elan eləmişdilər. Məsud Bərzani isə, Bağdadın mərkəzi hökumətini təhdid edərək, referendumun keçirilməsinə maneə olacağı təqdirdə müharibə ilə cavab verəcəyini bildirmişdi. Qeyd edək ki, Suriya türkmənləri də vəziyyətdən narahatlığını bildirərək, “İraqdakı qardaşlarımız ilə birlikdə savaşıq” deyə nümayiş keçiriblər.

 

Hurriyyet.org

 

09:29