Kremldən diaspor zərbəsi: ÜAK məsələsi böyüyür

 

Natiq Miri: “Məsələni bu səviyyədə şişirtmək hansısa siyasi dairələrin marağındadır”

“Ümumrusiya Azərbaycan Konqresinin” (ÜAK) ləğvi barədə qərar hələ də gündəmin müzakirəsindədir.Ekspertlərin fikrincə, Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsinin arxasında siyasi məqsədlər dayanır.Yəni Rusiya rəhbərliyi bununla Azərbaycan hakimiyyətinə təzyiq edir.Bu günlərdə isə Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenza açıqlamasında qeyd edib ki, sözügedən məsələnin siyasətlə heç bir əlaqəsi yoxdur və bu, Moskva-Bakı münasibətlərinin inkişafına təsir etməməlidir.
Xatırladaq ki, bu günlərdə Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) sabiq prezidenti, Rusiya Federasiyası prezidentinin səlahiyyətli nümayəndəsi, Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin rəhbəri Söyün Sadıqov da Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsinin arxasında siyasi məqsədlərin dayandığını deyib. O, təşkilatın ləğv edilməsində ÜAK-ın rəhbərliyinin məsuliyyətsizliyi və səhlənkarlığının da olduğunu diqqətə çatdırıb: “Bu məsələdə bəzi siyasi məqsədlər var. Hesab etmirəm ki, Rusiya rəhbərliyi bununla Azərbaycan hakimiyyətinə təzyiq göstərmək istəyir. Əsas məqsəd “AzerRos”un fəaliyyətini gücləndirməkdir. Rusiya istəyir ki, ölkədə yalnız bir təşkilat - “AzerRos” qalsın.Bu qərarın arxasında əsasən Rusiyanın Federal Agentliyi dayanır.Ola bilər ki, onları bəzi azərbaycanlılar da dəstəkləyir”. Söyün Sadıqov qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin ÜAK-nin bağlanılması ilə bağlı qərara müdaxilə etməz: “Putin bu cür kiçik məsələlərə qarışmır. Adətən bu cür məsələlər Rusiya məhkəmələri tərəfindən nəzərdən keçirilir.Sadəcə olaraq, ÜAK-nin rəhbərliyi tələb olunan sənədlərin hazırlanması işində səhlənkarlıq edib.Bir neçə dəfə xəbərdarlıq bildirişi göndərilsə də, buna məhəl qoymayıblar.Yəqin ki, bunlar hər zaman olduğu kimi, bu dəfə də Bakıya arxayın olublar”.
 

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi barədə qərar nə ilə bağlıdır?
 

Siyasi şərhçi Natiq Miri bildirib ki, Rusiya xarici işlər nazirinin müavininin bu açıqlaması nazirliyin sözçüsü Mariya Zaxarovanın buraxdığı səhvi bir növ sığortalamaq məqsədi güdür: “Zaxarova bəzən müəyyən çərçivələri aşır. Bu da Azərbaycan mediasında, siyasi dairələrində çox ciddi təpkilərlə qarşılaşır. 2 milyon azərbaycanlını özündə ehtiva edən bir qurumu asanlıqla ləğv eləmək mümkündürsə, Rusiyanın da Azərbaycanda onlarla casus yuvası olan mədəniyyət və media mərkəzləri var. Qoy Azərbaycan da bu təşkilatları ləğv eləsin, baxaq görək Rusiyanın Azərbaycana təpkisi necə olacaq. Ali Məhkəmənin plenumu səviyyəsində həlli göstərdi ki, bu məsələ birbaşa yüksək səviyyədə siyasi sifarişdir.Nəzərə almaq lazımdır ki, son olaylar hər şeyin Azərbaycan və Rusiya arasında rəvan olmadığını göstərdi. Bu günə qədər Rusiyaya qarşı bir cümlə də fikir söyləməynlər indi bu ölkəyə söz demək üçün növbəyə düzülüblər.Bu parlamentdə, siyasi dairələrdə, mediada və cəmiyyətdə belədir.Bunların hamısı birmənalı göstəricilərdir.Ona görə də hesab edirəm ki, bu məsələ bilavasitə siyasi məsələdir və Rusiya bununla Azərbaycandan məmnun olmadığını göstərir.Bu proseslər içərisində mənə elə gəlir ki, Azərbaycanda keçirilən son referendumun gərəyi olaraq vitse-prezdentlik institutunun yaradılması, paralel olaraq birinci vitse-prezidentin təyinatı və bəzi struktur dəyişiklikləridir.Rusiya bununla göstərmək istəyir ki, Azərbaycanda idarəetmə və struktur dəyişikliklərindən o qədər də razı deyil.Məsələnin kökündə dayanan əsas amillərdən biri budur.Təbii ki, bunların içərisində Avropaya inteqrasiya strateji sazişin hazırlanması və digər hərbi məsələlər var”.
Politoloq qeyd edib ki, Rusiya xarici işlər nazirinin müavininin dediyi kimi, əgər bu məsələ siyasi deyilsə, o zaman məsələni hüquqi cəhətdən çözmək bu ölkənin əlində çox asandır: “Yəni məhkəmənin qərarını ləğv etməklə təşkilatın yenidən qeydiyyatını bərpa etsinlər, bununla da bütün münasibətlər tənzimlənsin. Əgər etmirlərsə, demək ki, bunun kökündə ciddi mənada siyasi məsələ durur.Onu da əlavə edim ki, məsələdə təşkilat rəhbərliyinin səhlənkarlığı da rol oynayıb.Bu yöndə Ədliyyə Nazirliyinin Konqresə göndərdiyi konkret məktub var ki, nizamnamədə bəzi dəyişikliklər olsun.Bu o qədər xırda bir məsələdir ki, Ali Məhkəmənin plenumuna qədər inkişaf edəcək məsələ deyil.Bu məsələni bu səviyyədə şişirtmək hansısa siyasi dairələrin marağındadır”.
 

Alçina Amilqızı

Cebhe.info

 

11:22