Kredit borcu olanların diqqətinə: 3 il həbs… - Ekspert

 

Problemli kredit sahibləri məhkəmənin qərarından sonra müvafiq miqdarda cərimə və ya ən azı 10 sutka olmaqla inzibati həbs cəzası ala bilər.

Bu sözləri problemli kredit sahiblərinin krediti ödəməyəcəyi təqdirdə qarşılacaqları hüquqi prosseslər haqqında danışan ekspert, hüquqşünas Fərid Rüstəmov deyib. O bildirib ki, müştəri növbəti dəfə də ödənişdən yayınarsa, artıq barəsində cinayət işi açılaraq, 3 il müddətində həbs cəzası ilə cəzalana bilər: “Kreditini ödəməkdən imtina edən müştərilərlə bağlanılan müqavilə məhkəmə qərarı ilə ləğv edilir, müştərilərə və eyni zamanda zaminlərə borcun banka ödənilməsi tələbi qoyulur. Könüllü olaraq borc ödənilmədikdə icra şöbələri tərəfindən qanunamüvafiq qaydada tədbirlər görülür – borc əməkhaqqına, adına ikinci əmlak və ya avtomobil varsa, onlara yönəldilir, həmçinin bu proseslər zaminin də üzərinə qoyulur. Müştəri könüllü icraya getməzsə, axtarış verilir, ölkədən giriş-çıxışına həbs qoyulur. Bu tədbirlər də kredit sahiblərini ödənişə cəlb etməzsə, artıq inzibati qaydada məhkəməyə müraciət edilir”.

Ekspertin sözlərinə görə, problemli kreditlərin əksəriyyəti təminatsız kreditlərdir: “Bunun da böyük hissəsi dollarla olanlardır. Problemin kökü devalvasiya olsa da, əksər hallarda müştərilər kütləvi hal olduğu üçün arxayın olaraq kreditlərini ödəmirlər. İş məhəkəməyə gedib çıxdıqda, artıq icra tədbirləri görülən zaman məsələnin ciddiliyini anlayaraq ödəniş edirlər”.

Axar.az

12:39