Kolumbiya mətbuatı azad olunmuş ərazilərimizdə Ermənistanın törətdiyi dağıntılar və UNESCO-nun fəaliyyətsizliyi barədə yazıb

Kolumbiyanın nüfuzlu rəqəmsal KİV-lərindən olan “Las2Orillas” qəzeti tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu, Azərbaycanın azad olunmuş ərazilərində 30 ilə yaxın işğal müddətində Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və UNESCO-nun erməni vandalizminə laqeyd yanaşmasından bəhs edən “UNESCO kor, kar, lal olub, yoxsa əsirə çevrilib?” sərlövhəli məqalə yayıb.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, yazıda Şuşa, Ağdam, Qubadlı, Zəngilan və digər şəhərlərimizdə Ermənistanın mədəni soyqırımı törətdiyi, bu ərazilərdə dini ziyarətgah, məscid, muzey, arxeoloji yer, məzarlıq və çoxlu sayda digər mədəni və dini abidələri məhv etdiyi bildirilir və bu hərəkətlərin insanlıq əleyhinə cinayət olduğu vurğulanır. Ermənistanın bu addımlarla “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il Avropa Konvensiyası və UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1992-ci il Konvensiyasını kobud şəkildə pozduğu, bütün bunların müqabilində isə bu günədək cəzasız qaldığı qeyd olunur.

UNESCO-nun beynəlxalq təşkilat kimi rolunun dünyada tarixi-mədəni və dini abidələrin qorunması olduğu halda, Ermənistanın ötən ilin sonlarınadək işğalda saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizmə heç bir münasibət bildirmədiyi, bu müddət ərzində bir dəfə də bu ərazilərə müşahidə missiyası təşkil etmədiyi söylənilir və bu təşkilatın erməni vandalizmi qarşısında səssiz qalmasının təəccüb və hiddət doğurduğu deyilir.

Məqalədə, həmçinin Azərbaycan hökuməti və Heydər Əliyev Fondunun ölkə ərazisində dağıntıya məruz qalmış abidələrin bərpası ilə yanaşı, xaricdə də tarixi-mədəni irsin mühafizəsi istiqamətində fəaliyyət göstərdiyi, bu xüsusda Vatikanda Müqəddəs Marçellinio, Pietro və Sebastian katakombalarının bərpası, eləcə də Notr-Dam kilsəsinin təmiri kimi önəmli töhfələr verdiyi, elmi-mədəni layihələrin həyata keçirilməsi üçün UNESCO-ya maliyyə yardımları göstərdiyi, bu müsbət fəaliyyətin Latın Amerikası regionunda da təzahür etdiyi, bu çərçivədə 2017-ci ildə Qvatemalada qeyri-maddi mədəni irsin qorunması üzrə bacarıqların artırılması ilə bağlı layihə çərçivəsində təlim seminarlarının keçirilməsini maliyyələşdirdiyi bildirilir.

Sonda UNESCO-nun təşkilatdaxili siyasi qərəzin əsirinə çevrilib-çevrilmədiyi sual edilir, qurumun təyinatına uyğun davranmalı olduğu, qeyri-siyasi və tərəfsiz mövqe tutması gərəkdiyi, bu kimi vandalizm hallarına göz yummamalı və tarixi-mədəni irslərin mühafizəsi işinə sadiq qalmalı olduğu deyilir.

 

Yusif Babanlı

Xudaferin.eu

11:12