Köçkünlərin yemək, kommunal müavinəti kimin yemi olacaq?

FƏRMAN PREZİDENTİN, YEMƏK MALİYYƏ NAZİRLİYİ İLƏ “QAÇQINKOM”UN

Məcburi köçkünlərə 36 manatlıq vahid aylıq yemək, kommunal müavinətinin ayrılması haqqında Prezident fərmanında Nazirlər Kabinetinə (NK) 1 ay müddətində müavinətin verilməsi qaydalarının hazırlanması tapşırılıb. Artıq qaydaların ilkin konturları bəllidir ki, ayrılan müavinətdən gerçəkdə məcburi köçkünlər yox, onu verməyə borclu olan maliyyə, “qaçqınkom” məmurları yararlanacaq. Bu fikrə düşməyimiz əsassız deyil. Başına gələn başmaqçı olar deyiblər. Fikir verin, hələ Prezident 15 il qabaq 26.12.2001 tarixli 613 saylı fərmanla Qarabağ, Böyük Vətən Müharibəsi, 20 Yanvar, Çernobıl və digər kateqoriyadan olan əlillərə, müharibə veteranlarına, məcburi köçkünlərə və başqa aztəminatlı şəxslərə kommunal, nəqliyyat və s. xidmətlər üzrə güzəştlərin əvəzinə aylıq müavinət ayrılmasını təsbit edib. Məcburi köçkünlərə ayrılan adambaşına 3 manatlıq müavinətin “Qaçqınkom”un hesabına keçirilərək oradan xidmət qurumları ilə hesablaşma aparılması qərara alınıb. NK-nın bu qərarının sosial etirazlardan sığortalanmaqdan yana verildiyi şübhə doğurmurdu. Sonradan köçkünlərə limit tətbiq edilməsi qərara alındı və bu ildən limit də ləğv olunaraq 36 manatlıq yemək və kommunal müavinət müəyyən edilməsi qərara alındı. Müharibə əlillərinə verilən 26 manatlıq müavinət isə maliyyə qurumlarının yeminə çevrildi. Özü də daha çox Qarabağ, 20 Yanvar, digər kateqoriyadan olan 1-ci və 2-ci qrup əlillərin müavinətlərinə maliyyə məmurları xor baxdılar. “Əsas” da bu oldu ki, 07.02.2006 –cı il tarixli “Sosial müavinətlər haqqında” qanunda əmək pensiyası hüququ yarandıqda kommunal sosial müavinətin verilməsinin dayandırılması yazılıb. Axı bu sosial müavinət yox, kompensasiyadır, aylıq müavinətdir və həm əmək pensiyaçısı, həm də sosial müavinətçi əlillərə verilməlidir. Ən azı ona görə ki, sözügedən qanunda Qarabağ əlillərinə və digər əlillərə 26 manatdan 3-4 dəfə çox sosial müavinət nəzərdə tutulub və bir neçə müavinət düşdüyü halda ən yüksəyinin verilməsi təsbit olunub. Açıq-aydın görünür ki , əlillər daha yüksək olan müavinətlə təmin olunduqlarından kommunal sosial müavinət maddəsi onlara şamil edilə bilməz. “Sosial müavinətlər haqqında” qanunda bəzi kateqoriya şəxslərə kommunal və s. xidmətlər əvəzi sosial müavinət ayrılması barədə maddə isə əmək pensiyası hüququ olmayan Qarabağ müharibəsi veteranlarına, şəhid ailəsinin üzvlərinə şamil edilir.
Fikir verin, görün Prezidentin ayırdığı müavinət necə məmur yeminə çevrilir! Müavinət müəyyən edilib, ancaq heç kimə düşmür, çünki əmək pensiyaçılarıdırlar. Axı fərmanda və NK qərarında belə qadağa qoyulmayıb! İndi kim zəmanət verə bilər ki , məcburi köçkünlərə də belə “yem qaydaları” şamil olunmayacaq? Yalnız işləməyənlərə müavinətin veriləcəyi bildirilir. Belədə rüşvət qarşılığında “işsizlik arayışları”nın meydan sulayacağı qaçılmazdır . Ümumiyyətlə, aylıq müavinətdən yalnız evi, torpağı, işi olmayan köçkünlərin yararlanacağı barədə qaydalar onu deməyə əsas verir ki, cüzi hissəni çıxmaqla müavinət heç kimə düşməyəcək. Lap indi ayrılsa da, müharibə əlillərində olduğu kimi, bir azdan çeşidli bəhanələrlə kəsəcəklər. (Fikir verin, heç Qarabağ əlillərinin kompensasiyalarının artırılması yada düşmür). Ondansa, uşaq pulu müavinətinin verilməsini bərpa etmək daha məntiqli olardı. Onsuz da cox az sayda köçkün uşağına şamil ediləcək...
Getdikcə sosial durum ağırlaşır, tariflər, xidmət haqları qalxır. Hökumət isə sosial müdafiəyə ehtiyacı olanlara ayrılan yardımları, güzəştləri mənimsəyir. Prezident əlillərin, köşkünlərin ehtiyaclarını qarşılamağa fərman verir, yararlanan məmurlar olur. Belə “sosial yem” qaydalarının sosial partlayışla sonuclanmayacağına kim təminat verir?

Məğrur Bədəlsoy

12:20