Köçkünlərə adambaşına elektrik limiti müəyyən edildi

 

Qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (yataqxana, pansionat və digər binalar) yaşayan məcburi köçkünlərə adambaşına ayda 300 kvt.saat elektrik enerjisi limiti müəyyən edilib. Nazirlər Kabinetinin fevralın 17-də qəbul etdiyi qərarda belə yazılır.

Qərar “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” prezidentin yanvarın 23-də imzaladığı fərmanın və ona fevralın 14-də edilən dəyişikliklərin icrasını təmin etmək məqsədi daşıyır. Qərarda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin adlı siyahılarının tərtib olunmasına da aydınlıq gətirilib. Sənəddə qeyd edilir ki, faktiki istehlakçıların adlı siyahıları şəxsiyyəti təsdiq edən sənəd əsasında tərtib olunmalıdır. Siyahılar şəxslərin məskunlaşdıqları və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, kommunal xidmət təşkilatları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (bundan sonra Komitə) təmsilçilərinin istifadə etdikləri xidmətlərin növləri göstərilməklə hazırlanacaq.

Bundan başqa, siyahılar davamlı yenilənməlidir.

Müvəqqəti məskunlaşdıqları və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları istehlakçıların hər il yanvarın 1-nə ümumi adlı siyahısını, artma və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq etməlidir. Qeyd olunan sənədlər həm kağız, həm də elektron daşıyıcı variantında Komitəyə, elektron daşıyıcıda isə Maliyyə Nazirliyinə təqdim ediləcək. Komitə təqdim olunmuş siyahıların dürüstlüyünü araşdıracaq, ödənişin aparılmasından ötrü hər növbəti ayın 15-dən gec olmayaraq zəruri sənədləri Maliyyə Nazirliyinə təqdim edəcək. Siyahıların düzgünlüyünə onları tərtib edən, təsdiqləyən şəxslər məsuliyyət daşıyacaqlar.

Xatırlatma

 

Ölkə başçısı yanvarın 23-də “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərman imzalamışdı. Həmin sənədə əsasən, məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılır. Bunun əvəzinə onlara hər ay 36 manat vahid aylıq müavinət verilməlidir. Bu son günlər məcburi köçkünlərin etirazları ilə qarşılanmışdı.

Sonradan, fevralın 14-ü prezident yeni bir fərman verdi.

Sənəddə qeyd edilirdi ki, əvvəlki fərmanın 1.1. 1-ci hissəsində “məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər”dən sonra fərdi qaydada sayğacların quraşdırılması, texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerində (yataqxana, pansionat) təbii qazla təmin olunmayan məcburi köçkünlər istisna olmaqla sözləri əlavə edilsin. Bu fərmanda, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də tapşırıq verilirdi. Yəni, komitə fərdi qaydada sayğacların quraşdırılması, texniki istismarı mümkün olmayan, təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlərin sayını, yerlərini, adlı siyahılarını aidiyyəti üzrə “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” ASC və “Azərsu” ASC ilə birgə müəyyən etməlidir.

azadliq.org

10:00