Kəlbəcərliləri bu dəfə bayram günündə işıqsız qoydular

 

Ziya Quliyev hökuməti saymır, onu durduran olacaqmı?

Xocalı soyqrımı günü Goranboy rayonun Xoylu kəndindəki fermada məskunlaşan Kəlbəcər köçkünlərinin elektrik enerjisini kəsən Elektrik Şəbəkəsinin rəisi Ziya Quliyev köçkünlərə bu dəfə Novruz bayramında “sürpriz” edib. Belə ki, köçkün ailələri rayon elektrik şəbəkəsinin rəisi Ziya Quliyevin göstərişi ilə onlara verilən elektrik enerjisinin kəsildiyini deyib. 6 ailənin yaşadığı fermada qaz olmadığından bu ailələr ancaq elektrikin ümidinə qalıblar.

Ölkə başçısının “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanından sonra Goranboy rayonunun Elektrik Şəbəkəsinin rəisi Ziya Quliyev köçkünlərə qaranlıq həyat yaşadır. Ancaq köçkünlərdən fərqli olaraq, işıqlı otaqda oturan bu adam sonradan 14 fevral 2017-ci ildə ölkə başçısının fevralda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında növbəti fərmanını oxumaq istəmir. Belə ki, həmin fərmana görə, qaz təminatı olmayan yaşayış məskənlərində köçkünlərin elektrik enerjisi köhnə qaydalarla dövlət tərəfindən ödənilməlidir.

Buna baxmayaraq, 17-18 mart tarixlərində işıq pulu ödəyən köçkünlərin enerjisini Ziya Quliyev köhnə ayların borcu adı altında kəsdirib. Hazırda azyaşlı uşaqların, yaşlı insanların yaşadığı beton fermada acınacaqlı durum hökm sürür. Aidiyyatı orqanlara müraciət edən kəlbəcərlilər Ziya Quliyevin durdurulmasını istəyir: “Bu adam nə hökuməti, nə də qanunları sayır”.

Köçkünlər onu da bildirib ki, bu şəxs vəzifəyə təyinat aldığı gündən Kəlbəcər əhalisinə xüsusi nifrəti ilə seçilir. Hətta şəbəkədə çalışan kəlbəcərliləri belə oradan uzaqlaşdırıb.

Onu da qeyd edək ki, Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsi Xoylu kəndindəki köçkünlərin fevral ayında işıqsız qalmasını sırf texniki anlaşılmazlıq kimi dəyərləndirmişdi. Ziya Quliyevlə əlaqə saxlayaraq, məsələyə münasibətini soruşmaq istədik. Olduqca aqressiv danışan şəbəkə rəisi köçkünləri işıqsız qoymasına haqq qazandırıb. “Siz öz işinizlə məşğul olun” deyən Ziya Quliyev telefonun dəstəyini asıb.

Gununsesi.info

 

14:40