Kiyevdə Novruz bayramı

 

Kiyev şəhərindəki Səməd Vurğun adına Kitabxanada Müslim Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) təşəbbüsü ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Bayram şənliyində Müslim Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan dilində şənbə və bazar günü məktəbinin uşaqları novruz bayramına həsr olunmuş rəngarəng ədəbi-bədii proqram nümayiş etdiriblər. Tədbirə qatılanları xoş müjdəli baharın gəlişi münasibəti ilə təbrik edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov, xalqımız tərəfindən minilliklər boyu qeyd edilən Novruz bayramının qədim tarixindən və zəngin çalarlarından bəhs edib. Müslim Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Qurban Abbasov vaxtilə keçirilməsinə yasaq qoyulmuş Novruz bayramının bu gün müstəqil dövlətimiz tərəfindən yüksək səviyyədə qeyd olunduğunu diqqətə çatdırıb. O, dünya azərbaycanlılarının vahid ideya və milli məfkurə ətrafında birləşməsində Novruz adət-ənənələrinin xüsusi əhəmiyyətindən söz açıb, bahar bayramı münasibəti ilə xalqımıza sülh və əmin-amanlıq, tarixi vətənimizə ruzi və bərəkət arzulayıb.

Azərbaycan ilə Ukrayna arasındakı sarsılmaz dostluq əlaqələrindən bəhs edən Səməd Vurğun adına Kitabxananın direktoru Qalina İvanova bu əziz gündə hər iki dost ölkəyə öz ərazi bütövlüyünü bərpa etməyi arzulayıb. Sonra tədbirə qatılanlar Novruz bayramı ilə bağlı sənədli filmə baxıblar, xalqımızın minilliklərə söykənən qədim və zəngin adət-ənənələri ilə tanış olublar. Novruz şənliyində Azərbaycan dili məktəbinin uşaqları vətənə həsr olunmuş şeirlər söyləyib, rəngarəng rəqs nömrələri nümayiş etdiriblər. Novruzun ənənəvi personajları olan Keçəl və Kosanın məzəli əhvalatları tədbirə qatılanlara xoş ovqat bəxş edib. Tədbirdə Novruzun milli atributlarını əks etdirən sərgi nümayiş etdirilib. Bayram şənliyində Ukraynanın xalq artisti Qurban Abbasov mahnılar ifa edib.

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”

 

12:02