“Kitab At!” layihəsi Gəncədə

 

Nizami yurdu Gəncədə Şəhər Gənclər Birliyi, Azərbaycan Dövlət İqtisad Universiteti və

“İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Kitab At!” layihəsi həyata keçirilib. Layihənin məqsədi mütaliə mədəniyyətini inkişaf etdirmək, eyni zamanda qədim ənənələrə söykənən Novruzda kitab oxumaq ənənəsini gündəmə gətirməkdir.İlk dəfə ötən ildə Novruz bayramı ərəfəsində başladılan layihənin milli bayramla oxşar və fərqli cəhətləti var. Novruz bayramının ənənəvi əyləncəsi papaq atmaqdırsa, bu layihənin də ənənəvi əyləncəsi kitab atmaqdır. Fərqli cəhət isə ondan ibarətdir ki, Novruz bayramında papaq atarkən hədiyyə alırıq,“Kitab At!” layihəsində isə əksinə kitablar Novruz sovqatı kimi paylanılır.Gəncədə layihə çərçivəsində könüllələr 5 min ədəd kitabı şəhər sakinlərinə hədiyyə ediblər. Onlar dahi Nizami Gəncəvinin “Xəmsə”sini səhər sakinlərinin istirahət etdiyi məkanlarda, parklarda qarşılarına çıxanlara hədiyyə edib, yaşayış binalarında mənzillərə paylayıblar.

Layihənin təşkilatçısı Səməd Rzazadə bildirib ki, “Kitab At!” layihəsinin hər il keçirilməsi nəzərdə tutulub. Ötən il 10 min ədəd kitab könüllü şəkildə toplanaraq, Bakı və Gəncə şəhərlərində Novruz bayramı ərəfəsində hədiyyə edilib. Bu il isə hədəf 15 min ədəd kitabdır. Layihə Bakı və Gəncə ilə yanaşı Lənkəran şəhərində reallaşacaq.

Hicran Məmmədova
Gəncə

10:14