Kino məmurlarımızın müasir kinodan xəbərləri yoxdur

 

Dfwatch.net (Democracy and Freedom Watch) saytının yazdığına görə, məşhur Amerika rejissoru, “Tvin piks”, “Malholland drayv”, “Sadə əhvalat” kimi gözəl filmlərin müəllifi Devid Linç bu ilin noyabr ayında Gürcüstana gələcək. Rejissor Tbilisidə öz adını daşıyan kino institutu açmağa və eyniadlı A kateqoriyalı festival keçirməyə hazırlaşır. Və bütün bunlar Qafqazda Devid Linç Fondu (David Lynch Foundation in Caucasus (DLFC) tərəfindən maliyyələşdiriləcək. Onu da qeyd eləyək ki, fond öz ətrafında Martin Skorseze də daxil olmaqla 250-ə yaxın məşhur insanı birləşdirir. Fondun rəhbəri Giya Aqladze bununla bağlı verdiyi açıqlamada “Tezliklə bu vaxta qədər ancaq ekranlarda görə bildiyimiz bütün Hollivud ulduzları Gürcüstana gələcəklər” deyib.
 

Bəli, Gürcüstana. Bir neçə il əvvəl dünya şöhrətli İran rejissoru, filmlərində Azərbaycan mahnılarından, dilindən tez-tez istifadə eləyən Möhsün Mahmalbaf da film çəkmək üçün bizim ölkəni yox, qonşu Gürcüstanı seçmişdi. Doğrudur, gürcü kinosu hər zaman bizimkindən öndə olub, gürcü filmləri beynəlxalq festivalların həvəslə qəbul edilən “qonaqlarından” biridir. Nə qədər təəssüf doğuran bir fakt olsa da... Bəs niyə belə olur? Milli kinomuzun inkişafına nələr, ya da kimlər mane olur? Necə olur ki, hətta “Əli və Nino”, “Bakı, mən sevirəm” kimi bahalı layihələr, onlar vasitəsilə yaradılan əlaqələr, sərf olunan milyonlar belə işə yaramır? Xeber365.com bu suallarla elə kino adamlarının – rejissor və prodüserlərin özlərinə müraciət edib.

 

“O proqramın 30-40 faizinin belə həyata keçib-keçmədiyi şübhəlidir”
 

Rejissor Əli İsa Cabbarov deyir ki, “Kinonun inkişafına dair proqram” düzgün tapılmış konsept idi, amma onu şüurlu şəkildə sabotaj etdilər: “Kül bizim başımıza... Bir cümlə ilə belə reaksiya verə bilərəm. Ölkə prezidentinin imzaladığı “Kinonun inkişafına dair proqram” düzgün tapılmış konsept idi, amma onu şüurlu şəkildə sabotaj etdilər. O proqramın 30-40 faizinin belə həyata keçib-keçmədiyi şübhəlidir. Ən əsas problem isə kino bazarımızın səhv konseptlər üzərində qurulmasıdır. Ssenarilərin tendersiz təsdiqi, özəl prodüserlərin boykotu, “Eurimage”a üzv olmamağımız, ölkədə fəaliyyət göstərən üç festivalın, iki kino dərgisinin qapadılması, dövlət studiyasi olan “Azərbaycanfilm”in monopoliyası... Bunların hamısı kinomuzun inkişafının qarşısını aldı”.

Ə.İ.Cabbarovun sözlərinə görə, dövlət sifarişi ilə çəkilən filmlərin mövzularına redaktorların qeyri-peşəkar müdaxilələri də milli kinomuza zərbə vuran əsas amillərdən biridir: “Onlarla siyasətdən kənar, aktual və sənət üçün əlverişli mövzular var ki, dövlət tərəfindən maliyyələşdirilə bilər, amma məmur redaktorların dünyagörüşü məhduddur”.

“British consul” hələ qərar verə bilmir ki, Azərbaycanda kinoya dəstək versin, ya yox”
 

Müstəqil kinonun nümayəndəsi, gənc rejissor Elvin Adıgözəlsə məsələyə bir qədər fərqli münasibət sərgiləyir və bir ölkənin rejissorunun başqa ölkədə məktəb açması və sairə kimi tədbirləri mənasız hesab etdiyini deyir: “Əvvəlcə onu deyim ki, təkcə Linç yox, Mahmalbaf da Gürcüstanı seçmişdi. Əslində, bir ölkənin rejissorunun başqa ölkədə iş görməsini, festival keçirməsini, ya da məktəb açmasını mənasız hesab eləyirəm. Çünki burda təməl maraq pul qazanmaqdır. Bütün bunlar vizual olaraq yaxşı görünür, amma əslində, kinonun inkişafına dəxli yoxdur. Çünki Devid Linçin, Tarantinonun, ya da Skorsezenin məktəbindən yaxşı film ortaya çıxacağını gözləmək gülünc söhbətdir”.

Elvin Adıgözəl deyir ki, Devid Linçin də, Avropa nümayəndəliyi, “British consul” kimi digər beynəlxalq təşkilatların da bütün dünyada həyata keçirdikləri mədəni layihələri Azərbaycandan əsirgəməsinin əsas səbəblərindən biri onların təşəbbüs göstərməməsidirsə, ikinci səbəbi yerli sənət adamlarının bunu tələb etməməsidir: “Onların Gürcüstanı seçməsinin, ya da Azərbaycanı seçməməsinin bir neçə səbəbləri var. Eləcə də Avropa nümayəndəliyi, Qərb ölkələrinin səfirliklərinin, mədəniyyət mərkəzlərinin digər ölkələrdə həyata keçirdikləri mədəniyyət və incənət proqramlarını, kinoya verdikləri dəstəyi Azərbaycandan əsirgəməsi də bu silsiləyə daxildir. “British consul” hələ də qərar verə bilmir ki, Azərbaycanda kinoya dəstək versin, ya yox. Yaxud Avropa nümayəndəliyinin rəhbəri beş il Bakıda oldu, ancaq kino adamları ilə görüşmədi. Şəxsən mən onunla iki-üç dəfə görüşməyə çalışmışam. Köməkçisinə üç dəfə zəng elədim, ancaq heç maraqlanmadılar, görüşmədilər, ancaq mənasız tədbirlərdə şəkil çəkdirirlər. Azərbaycana gələn əcnəbi təşkilatlar – səfirliklər, nümayəndəliklər – burda kino ilə bağlı söhbət etməyə, kinoya qrant ayırmağa, inkişafını dəstəkləməyə, gənclərin başqa ölkələrdə festivallara, ustad dərslərinə qatılmalarına heç bir təşəbbüs göstərmirlər. Bilmirəm, buna bizimkilər imkan vermirlər, yoxsa öz ideyalarıdır. Ən azı, deyə bilərlər ki, biz cəhd etdik, qrant da vermək istədik, gənclərə yardım etmək də. Amma məsələn, Mədəniyyət Nazirliyi, ya da hansısa başqa dövlət orqanı imkan vermədi. Axı ortada belə faktlar da yoxdur. Daxildə nə baş verir, bilmirəm. Bəlkə, onlara, doğrudan da, imkan vermirlər. Onda gərək adlarını dəyişsinlər, Avropa nümayəndəliyi yox, Əfqanıstan nümayəndəliyi qoysunlar. Bu, absurddur. Digər tərəfdən, bizim kino adamları da onlarla konkret söhbət etmirlər. Dəfələrlə tədbirlər olub, gedib sadəcə qulaq asırlar. Mən “British consul”un tədbirində qiyamət qoparmışdım ki, niyə Nizami kinoteatrında Şekspirin tamaşasının lent yazısını göstərməklə məşğulsunuz? Onun yerinə rejissorlara kömək eləyin, qrant verin, co-production forumlar keçirin. Ondan sonra məni bir də o tədbirlərə dəvət eləmədilər. Gürcüstanda, Ermənistanda, Türkiyədə və başqa yerlərdə kino adamları o fondların, səfirliklərin qarşısında tələblər qoyurlar. Əks halda onların ölkələrinə, tabe olduqları təşkilatlara, idarələrə şikayət eləyirlər. Bizdə bu yoxdur”.

Elvin Adıgözəlin fikrincə, bütün problemlərin kökündə kinoya sənətdən xəbərsiz adamların rəhbərlik etməsi dayanır: “Mən “Eurimage”ın Gürcüstan şöbəsinin keçmiş rəhbəri ilə bir neçə dəfə görüşmüşəm. O, gürcü rejissorlarının filmlərinə dəstək verdiklərini, əlaqələrini işə salaraq onları festivallara göndərdiklərini deyirdi. Yəni təməl məqsəd gürcü kinoindustriyasını dünyada tanıtmaqdır. Mən əminəm ki, bizdə kinoya nəzarət edən dövlət qurumlarında işləyən məmurların heç birinin dünya kino industriyası ilə yaxından-uzaqdan əlaqəsi yoxdur və müasir kinodan xəbərsizdirlər. Ona görə də normaldı baş verənlər. Ən birinci səbəb isə tələbsizlikdir. Tələb yoxdursa, etiraz yoxdursa, heç vaxt heç nə dəyişməyəcək”.

“Yaşlı nəsildən gənclər üçün nə etdiklərini soruşmaq lazımdır”
 

Prodüser və rejissor Fehruz Şamıyev Devid Linçin Azərbaycanı yox, Gürcüstanı seçməsinin daha sadə bir səbəbi olduğunu bildirir: “Düşünürəm ki, Azərbaycan kino ölkəsindən daha çox musiqi diyarıdır. Bundan başqa, Qafqazda Azərbaycanla Ermənistan arasında müharibə gedir. Devid Linçin Gürcüstanda kino məktəbi yaratmağının əsas səbəblərindən biri də, məhz, Gürcüstanın Qafqazda mərkəzi dövlət rolunu oynamasıdır. Əgər həmin məktəb Azərbaycanda açılsaydı, onda Ermənistandan heç kim bura qatıla bilməz. Yaxud Ermənistanda açılsaydı, Azırbaycandan heç kim gedib orada təhsil ala bilməzdi. Bu baxımdan da məktəbin Gürcüstanda açılması normaldır və orda gürcülərlə bərabər azərbaycanlı və erməni gəncləri rahat təhsil ala biləcəklər. Devid Linç məhz buna görə Gürcüstanı seçib”.

F.Şamıyev həmkarlarına Devid Linçi rahat buraxıb öz problemlərimizi qabartmağı təklif edir: “Məncə, Devid Linçin Tbilisidə məktəb açmasını bir kənara qoyub öz problemlərimizi qabartmalıyıq. Biz xaricdən mütəxəssislər gətirib gənc kinematoqrafçılarla görüşdürəndə, ustad dərsləri təşkil edəndə belə, bu işə dəstək verən, maliyyə ayıran qurumlar olmur. Devid Linçdən də enerjili yaşlı nəsil kinematoqrafçılarımız var. Onlardan soruşmaq lazımdır ki, bu cavanlar üçün nə edirlər, nə planlayırlar, hansı gəncin filmi üçün hansı qurumlarla danışıq aparıblar, dəstək veriblər ? Allah rəhmət eləsin bizim canlı ölülərimizə... Devid Linçə də can sağlığı versin ki, bəlkə, bizlərdən də kimsə gedib onun məktəbində nəsə öyrənə bildi”.

“Kinoya ondan başı çıxan insanlar rəhbərlik eləməlidi”
 

Prodüser və rejissor Teymur Hacıyev isə baş verənləri qanunauyğun və məntiqli proses adlandırır: “Nə deyə bilərəm? Əslində, bu, qanunauyğunluqdur. Gürcülər kino sahəsində bizdən min il irəlidədirlər. Odur ki, bu, onlar üçün gözlənilən, bizim üçün isə acınaqcaqlı bir haldır”.

T.Hacıyev deyir ki, adıçəkilən böyük layihələrin effekt verməməsinin səbəbi ölkədə azad rəqabətin olmamasıdır: “Cavab çox sadədir. Gürcülər hər il böyük uğurlar qazanırlar. Qısa və tammetrajlı filmləri ilə hər il A kateqoriyalı festivallarda iştirak edirlər. Bilirsiniz, bütün məsələ rəqabətdədir. Gürcüstanda açıq rəqabət var, kino fondu, “Eurimage” var. Yaradıcı insanlar üçün hər cür şərait təşkil olunub ki, onlar açıq rəqabətdə öz layihələrini təqdim etsinlər. Çox vaxt da ən yaxşı layihə qələbə çalır, sonra da biz onun nəticəsini Avropa festivallarında görürük. Bizdə bu yoxdur. Nə qədər ki, seçimlər nazirliyin, kinostudiyanın monopoliyasından çıxmayıb, belə də davam eləyəcək. Müstəqil işləyən kino adamları öz layihələrini özləri maliyyələşdirirlər. Ki, bu da çox çətindir. Ona görə də hər il film çəkə, festivallarda iştirak eləyə bilmirik”.

O ki qaldı Azərbaycanda fəaliyyət göstərən səfirliklər və digər beynəlxalq təşkilatlara, Teymur bəyin fikrincə, onlar öz işlərini görürlər: “Əslində, səfirliklər öz işlərini görürlər. Çox sıxışdırsanız, deyəcəklər ki, bu, sənin ölkən, sənin mədəniyyətindir. Digər tərəfdən, başqa ölkələr – Gürcüstan, Namibiya iqtisadi baxımdan bizdən qat-qat kasıbdırlar. Ona görə də, bizə çox haqlı olaraq deyə bilərlər ki, siz kasıb ölkə deyilsiniz, “Flame towers”iniz var, Formula1, Avropa oyunları keçirirsiniz, bizdən niyə pul istəyirsiz? Odur ki, mən səfirliklərə ümid bağlamazdım. Mədəniyyət bizimdir, kino da onun bir hissəsidir və bizim öhdəmizdədir. İndi bunu dövlət, nazirlik eləmirsə, özümüz necəsə, müstəqil halda eləməliyik. Və eləyirik də. Məsələn, Elvin Adıgözəllə birgə hazırladığımız “Yaşar” layihəsi 100 layihənin arasından Nant festivalının “Produire au Sud” bölməsinə seçilib. Bütün xərcləri də öz üzərlərinə götürüblər, çünki onun dəyərini anlayıblar. Bizim bir atalar sözümüz var: zər qədrini zərgər bilər. Təəssüf ki, bu ölkədə kinonun qədrini bilənlər yoxdur. Kinoya ondan başı çıxan insanlar rəhbərlik eləməlidir. Nə qədər ki, belə deyil, heç nə dəyişməyəcək.

“O əjdahadan bizdə də var”

Respondentlərimizin arasında məsələyə ən nikbin baxanı “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov oldu. Onun sözlərinə görə, xarici kinoşirkətlərin, rejissorların Gürcüstana maraq göstərməsinin birinci səbəbi sözügedən ölkənin münasib qanuni bazaya sahib olmasıdır: “Zənnimcə, burda keçən il Gürcüstanda qəbul olunan kino haqqında qanun layihəsinin böyük rolu var. Gürcülər kino qanunlarını müasir dövrün tələblərinə uyğunlaşdırıblar və xarici kino şirkətlərinin ölkədə geniş fəaliyyətinə şərait yaradıblar. Mən bilən, keçmiş Sovet İttifaqında ən güclü qanun layihəsi onlardadır. Ancaq o əjdahadan bizdə də var. Artıq biz də öz qanun layihəmizi Milli Məclisə təqdim eləmişik. Yəqin ki, sentyabrın sonlarında baxılacaq. O, qəbul olunandan sonra əcnəbilərin bizə də çox böyük marağı yaranacaq. Çünki biz dəfələrlə xarici kino adamları söhbət zamanı şahidi olmuşuq ki, Gürcüstandan çox, Azərbaycana gəlmək istəyirlər. Bizim təbii şəraitə görə. Odur ki, yeni qanun layihəsinin qəbul olunmasını gözləyirik”.

Hərçənd M.Hətəmov hesab edir ki, amerikalı rejissorun Gürcüstanı seçməsinin tək səbəbi kino qanunu deyil: “Əcnəbilərin Ermənistanı, ya Azərbaycanı yox, Gürcüstanı seçməsinin daha bir səbəbi var. Azərbaycanlılar Ermənistana gedə bilmirlər, ermənilər də Azərbaycana gələ bilmirlər. Buna görə də onlar Gürcüstanı seçirlər. Çünki hər iki respublikanın vətəndaşları ora rahat-gedib-gələ bilirlər”.

Aygün Aslanlı

xeber365.com

 

12:04