Əkin sahəsində villa tikən məmurlara “ölüm” fərmanı

"Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”yə dəyişiklik edilməsi ilə bağlı fərman imzalanıb. Sərəncam torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması üçün tədbir görülməsini, bu hallar barədə Azərbaycan Respublikasının daxili işlər orqanlarına məlumat verilməsini təmin edir. Azərbaycanda əkinə yararlı iri torpaq sahələrini zəbt edən məmurların siyahısı hazırlanır. Belə məlum olur ki, əksəriyyəti yüksək vəzifəli şəxslər olmaqla, əkin sahələrini ələ keçirib orada dəbdəbəli villalar ucaldan xeyli şəxs var. Hazırda yüzminlərlə hektar əkinə yararlı torpaq faktiki olaraq ya təyinatı üzrə tamamilə istifadəsizdir, ya da orada şəxsi mülklər, imarətlər inşa olunub. Bu torpaq sahələri ilə bağlı məsələyə son vaxtlar ölkə başçısı İlham Əliyevin çıxışlarında da tez-tez toxunulur.

Sonuncu dəfə bu il sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edərkən böyük torpaq sahələrinin daha da səmərəli şəkildə dövriyyəyə buraxılacağını bildirib. İllərdir əkinə yararlı böyük torpaq sahələrini ələ keçirmiş, onu əkin məqsədilə istifadəsiz saxlamış, bu da azmış kimi, həmin torpaqlardan başqa məqsədlər, məsələn, şəxsi imarətlər, villalar tikmək üçün yararlanmış belə məmurların sərt cəzalandırılması mümkündür.

Politika.Az

13:20