Kayseridə Xocalı parkının və Xocalı şəhidləri abidəsi ucaldıldı

Oktyabrın 20-də Türkiyənin Kayseri şəhərində Ərciyəz Universitetinin və Talas Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Müasir dünyada dialoq” mövzusunda konfrans keçirilib, Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub.

Ərciyəz Universitetində Azərbaycan, Türkiyə və Rusiya deputatlarının, bu ali təhsil ocağının professor-müəllim heyətinin, tələbələrinin, QHT və KİV təmsilçilərinin iştirakı ilə keçirilən konfransdan əvvəl universitetin tarixini əks etdirən fotosərgi ilə tanışlıq olub.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra Ərciyəz Universitetinin rektoru, professor Mustafa Çalış rəhbərlik etdiyi təhsil ocağı ilə bağlı məlumat verib.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim təşkil olunan konfransın əhəmiyyətini yüksək dəyərləndirərək qeyd edib ki, müasir dünyada dialoq çağırışı etmək sülh və sabitlik siyasətinin tərənnümüdür.

“Vətən” qəzetinin guşə yazarı Kürşad Zorlu müasir dövrdə dialoqun əhəmiyyətindən danışıb. Mehriban dostluq və səmimi qonşuluq siyasətinin böyük önəm daşıdığını qeyd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan tədqiqatçı təcavüzkar dövlətin işğalçılıq siyasətini təkcə Azərbaycan üçün deyil, bütün sülhsevər ictimaiyyət üçün təhlükə adlandırıb. O bildirib ki, əgər dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə nail olmasa bu problem region üçün təhlükə mənbəyi kimi davam edəcək.

Xudaferin.eu
 

 

10:22