Kaş qəlbimin içini görə biləydiniz...

Mən Şuşada, öz yuvamda, öz ocağımda, öz vətənimdə yaşamaq istəyirəm. Ömrüm boyu axtardığım və heç zaman tapmadığım səadətimi bir udum Şuşa havası ilə tapa bilərəm, düşüncəsindəyəm. Elə bilirəm ayağım Şuşa Qalasına dəyərsə, o torpaqlara qədəm qoyaramsa dünyaya yenidən gəlmiş kimi olaram, dərdim, qəmim, iztirablarım, xəstəliklərim çəkilib gedər… bilirəm gedər… Mən öz ehtiyacımı dəqiq bilirəm.
Şuşanı çox düşünürəm. Gün ərzində üç övladımı düşündüyüm qədər düşünürəm. Mən narahat adamam, bundan çox əziyyət çəkirəm, uşaqlar bir saat telefonu açmayanda dünyanın bütün qara fikirləri yaxamdan yapışır, sək-səkəyə düşürəm, çırpıntı içində qalıram. Şuşa ilə bağlı isə… qəlbimdə lal və qara bir sükunət, nisgil daşıyıram. Zənglərə, çağırışlara, hətta gözyaşlarına belə cavab gəlmir…
Uşaq vaxtı Şuşada eşitdiyim bir bayatını qəlbim gecə-gündüz zümzümə edir:
Aşıq, ellər ayrısı,
Şana tellər ayrısı,
Bir gününə dözməzdim,
Oldum illər ayrısı…
 
Elman MUSTAFAZADƏ,
 
xudaferin.eu

20:45