Kaliforniyada Novruz qeyd edilib - FOTO

Novruz bayramı münasibətilə martın 17-də Kaliforniyanın Los Anceles şəhərində geniş tədbir keçirilib. Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının (California Azerbaijan Friendship Association - CAFA) təşkilatçılığı ilə keçirilən tədbirdə 250-dən çox qonaq, o cümlədən Azərbaycan icmasının üzvləri, Kaliforniya ştat rəsmiləri, müxtəlif xarici ölkələrin Los Ancelesdəki baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin dost yəhudi, türk, Pakistan, İran, Koreya, və latino icmalarının rəhbərləri iştirak ediblər.

 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, CAFA-nın icraçı direktoru Kimya Məmmədova qonaqları salamlayaraq Novruz bayramı, onun tarixi, ənənələri və mahiyyəti haqqında danışıb. K. Məmmədova Novruz bayramının Azərbaycanda çox qədim köklərə malik olduğunu, ölkədə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb. Kaliforniyada belə bir tədbiri keçirməkdən CAFA təşkilatı olaraq məmnunluğunu ifadə edən K. Məmmədova bu işdə dəstək göstərmiş bütün icma üzvlərinə dərin təşəkkürünü bildirib.

 

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qeyd edib ki, Novruz bayramı sadəcə baharın gəlişindən və təbiətin oyanışından xəbər vermir. Diplomat vurğulayıb ki, bu bayram, həmçinin, sülhün, dostluğun, mehriban birgə yaşayışın carçısıdır. Baş konsul tədbirdə iştirak edən soydaşlarımıza səslənərək bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının yalnız bir müstəqil dövləti var: “Buna görə də, bu müstəqilliyimizin daha da güclənməsi üçün harada yaşamalarından asılı olmayaraq, bütün azərbaycanlıların azərbaycançılıq ideyası ətrafında sıx birləşərək, vətənimizin daha da inkişafına öz töhfələrini verməsi olduqca vacibdir”.

 

Sonra Kaliforniya ştat senatoru Coş Nyuman, Los Anceles şəhərinin insan resursları üzrə müvəkkili Amna Qazi və Los Anceles Dinlərarası Şurasının sədri Yepiskop Xuan Carlos Mendez çıxış edərək, Azərbaycan icmasına bayram təbriklərini çatdırıblar.

 

Tədbir Azərbaycan musiqisindən nümunələrin ifası və Azərbaycan mətbəxinin ləziz təamlarını əks etdirən ziyafətlə davam edib.


 

xudaferin.eu
 

11:35