Jurnalistin məhkəməsi başlayıb

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə "Kanal-13" internet televiziyasının direktoru Əziz Orucovun işi üzrə məhkəmə prosesi başlayıb. Orucov mayın 2-də polisə tabe olmama ittihamı ilə inzibati qaydada 30 gün müddətinə həbs edilib. Bu müddət başa çatdıqdan sonra ona qarşı CM-in 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət ittihamı irəli sürülüb. Jurnalist ittihamları təkzib edib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Vəkil Cavad Cavadov qətimkan tədbirinin ev dustaqlığı və ya girova buraxılma ilə əvəz edilməsi barədə vəsatət qaldırıb, amma vəsatət təmin edilməyib. Daha sonra prokuror ittiham aktını elan edib. Orucov ittihamları təkzib edib. Məhkəmə həmçinin şahid ifadələrini dinləyib. Təqsirləndirilən şəxsin anası Almaz Həsənova bildirib ki, digər oğlu Anar Orucov ölkədən getdikdən sonra Əziz "Qafqaz" Media Araşdırmaları Mərkəzi QHT-yə rəhbərlik edib, amma təşkilatın heç bir real fəaliyyəti yox idi. Onun sözlərinə görə, qardaşlar təşkilatı birlikdə yaratmışdılar, qrant alır, layihələr həyata keçirirdilər.

"Əziz pul mənimsəməkdə ittiham olunur... Bilmirəm, qanunda bir qardaşın başqa qardaşın əvəzinə cəzalandırılması barədə bir şey var? Cüzi bir şey olubsa da, bunu Anar edib, Əziz heç bir sənəd imzalamırdı", deyə A.Həsənova bildirib.

Orucovun həyat yoldaşı Lamiyə Orucova qeyd edib ki, o da "Kanal-13"də işləyirdi. "Əziz kanalda adi jurnalist idi. Anar getdikdən sonra Əziz telekanala rəhbərlik etməyə başlayıb", deyə o bildirib. Əziz Orucov əməkdaşlara əmək haqqı ödəmək üçün axşamları "Uber" taksi ilə sərnişin daşıyırdı, deyə o qeyd edib. Proses oktyabrın 17-də davam edəcək.

Amerikaninsesi.org

10:05