Jurnalistin apellyasiya şikayətinə baxış davam etdirilib

 

Şirvan Apellyasiya Məhkəməsində jurnalist Əfqan Sadıqovun şikayətinə baxılması davam edib. O, xuliqanlıq ittihamı ilə 2,5 il müddətinə məhkum edilib. Cəlilabadda fəaliyyət göstərən azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. Ona qarşı xuliqanlıq niyyətilə sağlamlığa ziyan vurmaq maddəsi ilə ittiham irəli sürülüb. Yanvarın 12-də 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist ittihamı rədd edərək bildirib ki, yerli hakimiyyəti tənqid etdiyinə görə ona qarşı təxribat törədilib. Belə ki, o, rayon administrasiyasının binasında olarkən təxribatçılar dava salaraq jurnalisti hücumda ittiham ediblər. Ə.Sadıqov yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. Proses zamanı rayon administrasiyasından cavablar təqdim edilib. Göstərilib ki, insident günü administrasiyadakı video kameralarda qeyd aparılmayıb, icra başçısının qəbul otağında isə müşahidə kamerası yoxdur. Bundan əlavə, vəkil Elçin Sadıqovun sözlərinə görə, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasından məhkəməyə cavab daxil olub. Cavabda deyilir ki, rayon administrasiyasından “təcili yardım”a çağırış saat 11.58-də olub. İcra hakimiyyətinin aktında isə göstərilib ki, “təcili yardım” zərərçəkəni saat 10.30-da aparıb. Bundan öncə xəstəxana zərərçəkənin daxil olma vaxtını 15.30 kimi göstərib və qeyd olunub ki, o, xəstəxanaya özü gedib. Görünür, təxribatda məqsəd jurnalisti həbs etdirməkdir. Bütün sənədlər saxtalaşdırılıb, vəkil bildirib. Növbəti iclas mayın 11-nə təyin edilib.

Amerikaninsesi.org

09:43