Jurnalist Rauf Ağayevin 60 illik yubileyi ilə bağlı tədbir keçirilib

Bu gün Beynəxalq Mətbuat Mərkəzində Mətbuat Şurası və Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə tanınmış jurnalist-publisist Rauf Ağayevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Xudaferin.eu xəbər verir ki, tədbirdə jurnalist təşkilatlarının və mətbuat qurumlarının rəhbələri, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professor-müəllim heyəti, yubilyarın həmkarları, tələbə yoldaşları iştirak ediblər.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli açılış nitqində Rauf Ağayevin ölkə mətbuatına verdiyi töhfələrdən danışıb. Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə də çıxışında R.Ağayevin ölkə qəzetçiliyinin inkişafındakı rolundan, yüksək peşəkarlığı və yaradıcılığı ilə qazandığı uğurlarından söz açıb.

Yubilyarın müəllimi, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri, professor Cahangir Məmmədli R.Ağayevin təhsil aldığı 3796-cı qrupun məmləkət mediasına qazandırdığı layiqli imzalardan danışarkən bildirib ki, Rauf Ağayevdən sonra onun oğlu Məmməd Ağayevin də müəllimi olub.

Medianın tanınmış imzaları İradə Tuncay, Allahverdi Məmmədli, Tahir Aydınoğlu, Yadigar Məmmədli, Azər Həsrət, İlqar Həsənov, Umud Mirzəyev, Fazil Güney də Rauf Ağayevlə bağlı xoş xatirələrini dilə gətiriblər, onun həmişə zamanı qabaqlayaraq, bir addım öndə olduğunu vurğulayıblar.

Tədbirin sonunda Rauf Ağayev Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Mətbuat Şurası tərəfindən təltif olunub.

Xudaferin.eu saytının və jurnalının təsisçisi, Avropada "Azərbaycanın Dostları" cəmiyyətinin sədri Elman Mustafazadə, eləcə də saytımızın əməkdaşları Rauf Ağayevi təbrik edir, gələcək işlərində uğurlar arzulayır.

Xudaferin.eu

 

14:57