Jurnalist işgəncələr barədə bildirir, polis rəisinin müavini ifadə verəcək

 

Sumqayıt Apellyasiya Məhkəməsində jurnalist İkram Rəhimovun işgəncə iddiası üzrə məhkəmə prosesi başlayıb. “Azadlıq Radiosu”nun məlumatına görə jurnalist Sumqayıt şəhər Polis İdarəsində ona işgəncə verildiyini iddia edir. Ancaq əvvəlcə prokurorluq, ardınca isə Sumqayıt şəhər Məhkəməsi bu iddiaları rədd edib.

 

Sumqayıt Apellyasiya Məhkəməsi şəhər məhkəməsinin qərarından verilmiş şikayətə baxır.

Avqustun 4-də keçirilən prosesdə jurnalistin vəkili Elçin Sadıqov çıxış edib. O, proseslə bağlı “Azadlıq Radiosu”na da məlumat verib. Vəkil dediyinə görə, şəhər məhkəməsinin qərarının qanunsuz olduğunu bildirib. Deyib ki, şəhər məhkəməsi müraciətlərinə onlara xəbər vermədən baxıb.
“Sumqayıt şəhər Məhkəməsinin hakimi İlqar Məmmədov bizə xəbər verməmişdi. Faktiki gizli məhkəmə iclası keçirməklə şikayətimizi təmin etməmişdi”, – deyə vəkil prosesdəki çıxışından sitat gətirib. O, məhkəmə qarşısında bir neçə vəsatət qaldırdığını da söyləyib. Vəsatətlər deməsinə görə, işgəncənin baş verib-verməməsini aydınlaşdırmaqdan ötrü gərəkli xüsusatların müəyyən edilməsi məqsədi ilə verilib. Ancaq hakim Fərmayıl Zeynallı vəsatətlərin birini təmin edib. Təmin olunan vəsatətə əsasən, Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Hikmət Qasımov və idarənin Kənan adlı əməkdaşı məhkəmədə ifadə verməlidir.

Amerikaninsesi.org

10:10