“Jizel” baleti Vladivostokda Eldar Əliyevin quruluşunda təqdim ediləcək

 

 

İyulun 19-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində Adolf Adanın “Jizel” baleti nümayiş etdiriləcək.

Səhnə əsərinin quruluşçu baletmeysteri Eldar Əliyevdir. Jizelin partiyasını koreyalı Su Bin Li ifa edəcək. Balerinanın bu rolda debütü 2016-cı ildə Primorsk səhnəsində olub.

“Jizel” baletinin dünya premyerası 1841-ci ildə Parisdə olub. Əsər Primorsk səhnəsində ilk dəfə 2015-ci ildə nümayiş etdirilib.

Bakıda anadan olan E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin olunub. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

Mariya Teatrının Primorsk səhnəsi Uzaq Şərqdə ən müasir və Rusiyanın ən gənc teatrlarından biridir.

Xudaferin.eu
RF. “Moskva Bürosu”

09:21