“Jesrusalem Post” qəzetinin jurnalisti Nurit Qringer Masazırda məcburi köçkünlər üçün salınmış məhəllədə olub

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitənin sədr müavini Gəray Fərhadov və Zəngilan rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov jurnalistə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uzun illərdir ki, məcburi köçkün vəziyyətində yaşayan soydaşlarımız üçün Azərbaycan dövləti tərəfindən yaradılan hərtərəfli şəraitlə yerində tanış olmaq məqsədilə görüşə gəldiklərinə görə təşəkkür ediblər. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Nəticədə, ərazimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Gəray Fərhadov indiyədək həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bildirib ki, bu məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb və torpaqlarımız işğaldan azad edildikdən sonra onlar öz doğma torpaqlarına qayıdacaqlar. Burada yeni mənzillərlə təmin olunan məcburi köçkünlərin də əvvəllər yataqxanalarda məskunlaşdıqlarını diqqətə çatdıran Komitə sədrinin müavini vurğulayıb ki, indiyədək daha ağır vəziyyətdə yaşayan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə respublikanın müxtəlif ərazilərində bu cür bütün zəruri sosial-texniki infrastruktura malik 95 müasir tipli qəsəbə salınıb. Gəray Fərhadov bildirib ki, doğma yurdlarını tərk etmiş bu insanların bütün problemlərinin həllini Azərbaycan hökuməti öz üzərinə götürüb.

Sonra qonaq məhəllədəki 540 şagird yerlik 33 saylı Zəngilan rayon orta məktəbində, 280 yerlik uşaq bağçasında yaradılan şəraitlə, məktəbin və bağçanın ayrı-ayrı sinif otaqlarında şagirdlərin dərs prosesi ilə tanış olub, körpələrin ifa etdikləri rəqs və mahnılara tamaşa edib. Qonaq həmçinin pedaqoji kollektivin üzvləri və tərbiyəçilərlə ətraflı fikir mübadiləsi aparıb. Söhbət əsnasında bildirilib ki, Azərbaycan dövləti bu gün məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini müntəzəm diqqət mərkəzində saxlayır. Elə bu məhəllədə yaradılan şərait də bunları təsdiqləyir. Lakin bütün bunlara baxmayaraq, hər bir məcburi köçkün doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayır. İstər qəsəbədə, istərsə də məktəbdə və uşaq bağçasında yaradılan hərtərəfli şəraitdən məmnunluqlarını ifadə edən xarici jurnalist söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıtmalarının zəruriliyini bildirib, təmsil olunduqları mətbu orqanlarda Azərbaycan həqiqətləri barədə reallıqları ölkələrinin və beynəlxalq ictimaiyyətin diqqətinə olduğu kimi çatdarılmasında imkanlarından lazımınca istifadə edəcəklərini vurğulayıb.

Xudaferin.eu

09:22