“The Jakarta Post” qəzeti: Xocalı qurbanları ədalət axtarırlar

İndoneziya Universitetində “İnsanlıq: sülh şəraitində birgə yaşayış naminə ədalət axtarışında” mövzusunda keçirilmiş tədbir İndoneziyanın ən iri ingilisdilli nəşrlərindən biri olan “The Jakarta Post” qəzetində geniş işıqlandırılıb.

Xudaferin.eu xəbər verir ki, “Xocalı qurbanları ədalət axtarırlar” adlı məqalədə Xocalı soyqırımının 27-ci ildönümünün azərbaycanlılar və Azərbaycanın İndoneziyadakı dostları tərəfindən anıldığı qeyd edilir.

Məqalədə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı qüvvələrinin Xocalıya hücum edərək 106 qadını, 63 körpəni, 70 yaşlını, ümumilikdə 613 əliyalın azərbaycanlını qətlə yetirdiyi vurğulanır. Bildirilir ki, bu soyqırımından 27 il ötməsinə baxmayaraq, günahkarlar hələ də cəzasız qalıblar. Onların beynəlxalq hüquqa əsasən cəzalandırılmalı olduqları diqqətə çatdırılıb.

Yazıda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının BMT, İslam Əməkdaşlıq Təşkilatı, habelə İndoneziya da daxil olmaqla, bir sıra dövlətlər tərəfindən qınanıldığı və Ermənistanı öz qoşunlarını işğal olunmuş torpaqlardan çıxarmağa çağırıldığı vurğulanır.

Həmçinin İndoneziyanın Azərbaycan ilə yaxın əlaqələrə malik olduğu, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədiyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğu bildirilir.

Qeyd edək ki, İndoneziyanın bir sıra iri informasiya qurumları, o cümlədən Antara xəbər agentliyi Xocalı soyqırımı və “Xocalıya ədalət!” kampaniyası haqqında məlumatlar dərc ediblər.

Xudaferin.eu

21:07