İt toyunda iştirak edən balabançı Aşıqlar Birliyindən iti qovan kimi qovudular

 

Goranboylu iş adamı Qalib Mustafayevin itlərinə toy etməsi media və sosiaıl şəbəkələrdə qınaq mövzusuna çevrilib. Lakin həmin “toy”da aşıq və balabançının ifası cəmiyyət tərəfindən ikinci irad ocağını közərtdi. Cəmiyyət, xüsusən də, ziyalı kəsim bu hərəkəti saz sənətinə təhqir kimi qəbul etdi.

Azərbaycan Aşıqlar Birliyi bu barədə xüsusi iclas keçirib və “it məclisi”ndə iştirak edən aşıqla balabançının kimliklərini müəyyənləşdirdikdən sonra qərar qəbul edilib. Məlum olub ki, sazda ifa edən ifaçı Məmmədov Şəmməd birliyin üzvü deyil. Balabançı Haqverdi Əliyev isə qurumun üzvüdür və onun barəsində sərt şəkildə qərar qəbul edilib.
Bu barədə Aşıqlar Birliyi katibliyi xüsusi bəyanat yayıb. Bəyanatda bilrilir ki, son günlər Azərbaycanın kütləvi informasiya vasitələrində yayılan xəbərdən məlum olur ki, Qalib Mustafayev adlı goranboylu iş adamı meşşancasına özünə məxsus itlərinə toy eləyib. Bu hadisə haqlı olaraq mədəniyyət və incəsənət işçiləri, bütövlükdə ölkə ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanıb və kəskin qınaq obyektinə çevrilib. Azərbaycan Aşıqlar Birliyi də milli-mənəvi dəyərlərimizə zidd olan bu hadisəyə biganə qala bilməzdi. Çünki burada söhbət həm də həmin “toy”da bir “aşığın” iştirak etməsindən gedir. Bu olay Azərbaycan Aşıqlar Birliyin katibliyində müzakirə olunub və müvafiq qərar qəbul edilib. Araşdırmamız nəticəsində məlum oldu ki, həmin “toy”da “aşıq” cildinə girmiş və bu sənətə heç bir aidiyyatı olmayan Məmmədov Şəmməd Məmməd oğlu Azərbaycan Aşıqlar Birliyinin üzvü deyil, onun aşıq kimi heç bir fəaliyyətindən xəbərimiz yoxdur, yəni hər əlinə saz götürən hələ aşıq demək deyil. Onu balabanda müşayiət edən Haqverdi Kərəm oğlu Əliyev isə təəssüf ki, Azərbaycan Aşıqlar Birliyinin üzvü olub. Azərbaycan Aşıqlar Birliyinin katibliyi əlinə saz götürüb özünü aşıq adlandıran, əslində isə hərəkətləri ilə xalqımızın bu qədim və ölməz sənətini nüfüzdan salmağa xidmət edən Şəmməd Məmmədovun hərəkətlərini qətiyyətlə pisləyir və gələcəkdə belə nalayiq hərəkətlərə yol verməməyə çağırır. Azərbaycan Aşıqları Birliyinin üzvü Haqverdi Əliyev mənsub olduğu təşkilatın nizamnaməsini kobud surətdə pozduğuna, sənətə və sənətkara yaraşmayan hərəkətlərə yol verdiyinə görə Birliyinin üzvlüyündən xaric edilir. Azərbaycan Aşıqlar Birliyi bəyan edir ki, bu sayaq hərəkətlər milli-mənəvi dəyərlərimizə, sənəti bizlərə miras qoymuş ustad aşıqlarımızın ruhuna sayğısızlıqdır və bu cür davranış və hərəkətlərə yol verən aşıqlara qarşı bundan sonra da sərt ölçü götürüləcək. Bununla yanaşı, həmin “toy” məclisini təşkil edən iş adamı Qalib Mustafa­yevin hərəkətini mədəniyyətimizə və milli-mənəvi dəyərlərimizə qarşı hörmət­sizlik hesab edir və qınayırıq. Belə hərəkətlərlə gündəmə gəlməkdənsə, bir iş adamı kimi, sənətə qayğı və diqqət göstərməklə daha çox hörmət və nüfuz qazanmaq olardı”.

Qeyd edək ki, 1991-ci iıdən indiyə kimi milli sənətimizə bayağılıq gətirənlərə qarşı indiyə kimi bu qədər sərt şəkildə qərar verilməmişdir. “Xudaferin.eu” saytı olaraq, bizlər “Azərbaycan Aşıqlar Birliyi”nin bu qərarını alqışlayır və onlara milli dəyərlərimizə bu qədər sadiq qaldıqlarına görə təşəkkür edirik. “Azərbaycan Aşıqlar Birliyi”nin sağ əli mədəniyyət və turizm nazirliyinin, TV və radio kanallarımızın başına olsun.

Xudaferin.eu

22:25