İsrafçı siyasət hökuməti məcbur edir ki, qəpiyə güllə atsın

2012-ci ilin may ayında Bakıda “Eurovision-2012″ beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi 50 milyon manata, dollar ekvivalentində isə təxminən o dövrdəki məzənnə ilə 64 milyon dollara başa gəlib. Hələ bu məbləğə yarışmanın keçirildiyi sarayın tikintisinə xərclənən vəsaitlər daxil deyil. Tədbirin keçirildiyi ”Kristall-Palace”ın tikintisinə isə 64,5 milyon manat, dollar ekvivalentində təxminən 82 milyon dollar xərclənib. Təkcə “Eurovision-2012″ beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi üçün dövlət büdcəsindən 146 milyon dollar vəsait “havaya uçub”. Üstəlik, yarışma ilə bağlı keçirlən tədbirlərə də yetərincə böyük vəsait xərclənib. Onu da qeyd edək ki, bu məlumatlar rəsmi rəqəmlərdir. Qeyri- rəsmi rəqəmlərin nə qədər olduğunu öyrənmək çətin məsələdir.

2015-ci il 12-28 iyun aralığında keçirilən Avropa Olimpiya Oyunlarına isə qeyri-rəsmi məlumatlara görə, 4 milyarda yaxın, rəsmi məlumatlara görə isə1 milyard 336 milyon manat vəsait xərclənib. Təkcə yarışmanın açılışı üçün100 milyon manat israf olunub. Hansı ki, bu qədər vəsait heç bir ölkədə olimpiya oyunlarının açılışı günü xərclənməyib. Bu qədər israfçılığın müqabilində ölkənin indiki duruma düşməsi qaçılmaz idi. 198 668 kvadratmetr sahəsi olan, 640 milyon manat, dollar ekvivalntində 820 milyon dollara başa gələn Olipimiya Stadionu indi kimə və nəyə xidmət edir?
İndinin özündə belə bu stadionun saxlanılması xərcləri dövlət büdcəsinə ziyan vurur. Çünki stadionun istilik sistemi var, xadimələri, mühafizəsi var. O tədbirin keçirilməsinə nə ehtiyac var idi ki, bügünkü gündə stadion istifadəsiz bir tikinti kimi qalıb... Hansı ki, stadionun əvəzinə orada zavod və ya fabrikin tikilməsinə ehtiyac var idi. Yeri gəlmişkən, Bakı Telefon Rabitə İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsində əvvəlki məhkəmə iclaslarında ifadə verən zaman bildirmişdi ki, Avropa Oyunları zamanı bizə xüsusi tapşırıq verilmişdi: “Biz həmin tapşırqları yerinə yetirmişik. İndi onların bizə 4 milyon 560 min borcu var. Bu tapşırıqları yerinə yetirdiyimizə görə, bizə mükafat da vermişdilər”.
Bu oyunların keçirilməsində hələ neçə nazirliyin üzərinə qeyri-rəsmi tapşırıqlar qoyulub, bilmirik. Ancaq bu faktın özü deməyə əsas verir ki, Avropa Olimpiya Oyunlarına 1 milyard 336 milyon manat vəsait yox, 4 milyard manat xərclənib. Neft pullarının büdcəyə sel kimi axan vaxtlarında xərclənən bu vəsaitlərə neçə zavod, fabrik açmaq olardı ki, bununla da minlələrlə insan iş yeri ilə təmin olunar, ailəsini saxlayardı. Səmərəsiz, israfçı siyasət indi hökuməti məcbur edir ki, qəpiyə güllə atsın. Təbii qazın, elektrik enerjisinin, suyun qiymətini qaldırmaqla büdcəni doldursun. Hökumət rəsmiləri hələ bir neçə ay bundan öncə bankların bağlanılmasına görə, 2700 nəfər işsiz qalmış bank işçisinə aldıqları əməkhaqqının 70 faizini ödəməyə imkanı olmadığını etriraf etmişdi. Amma bununla belə, hökumət yenə lazımsız tədbirləri, oyunları keçirməklə yalnış siyasətini davam etdirir. Bu il " Formula-1” oyunlarına hökumətin 100 milyon manat xərclədiyi bildirilir. Bu oyundan isə cəmi 4 milyon qazanılıb. Hökumətin bu cür mənasız tədbirləri keçirməkdə məqsədinin nə olduğunu bilmirəm. Bildiyim odur ki, hökumətin bu il borc yükü ciddi artıb. Maliyyə Nazirliyinin saytında 01 oktyabr 2016-cı il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcunun 7 milyard 650 milyon dollar, manatla ifadə etsək, 12 milyard 402 milyon manat olduğu bildirilir. Hansı ki, bu yükü hər bir Azərbyacan vətəndaşı çiyinlərində daşıyacaq. Onu da nəzərə çatdıraq ki, 01 oktyabr 2015-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6 milyard 730 milyon dollar, yaxud 7 milyard 054 milyon manat təşkil edib. Bu il manat ekvivalentində borc yükünün ciddi şəkildə artması manatın dəyərsizləşməsi ilə bağlıdır. Borc yükünün 12 milyard 402 milyon olması müqabilində biz 2017-ci ildə Bakıda İslam Həmrəylik Oyunlarının keçirilməsinə 100 milyon dollar xərcləyəcəyik. Ümumilikdə 2017-ci ilin dövlət büdcəsində beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlərə 324 milyon manat nəzərdə tutulub. Hansı ki, bu da hər bir vətəndaşın borc yükünün artmasına səbəb olacaq. Bu İslam oyunları kimə lazımdı, görəsən? Ac adamın yadına oyun düşər? Burada bir atalar sözü də yerinə düşür: “Ac qılınca çapar”. Ac adama nə İslam həmrəyliyi, nə də oyun lazımdır. Bu oyunlarda İslam həmrəyliyinin nümayiş olunması da mənasızdır. Dekabrın 21-də İran Prezidenti Həsən Ruhaninin düşmənimiz olan Ermənistana səfəri çərçivəsində çıxışında dediyi sözlər yaddaşlarda qaldı. Həsən Ruhani ermənilərlə eyni mədəniyyətin daşıyıcıları olduğunu bəyan etdi. Biz isə İslam həmrəyliyi nümayiş etdirməklə mənasız oyunlara vəsaitmizi israf edirik.
Yazını iqtisadçı Məhəmməd Talıblının mövzumuzla səsləşən statusu ilə bitirirəm: “Bu yarışmalara ildə 100 milyon dollardan başlamış bir neçə milyardlarla vəsaitlər xərcləmişik.Tam əminliklə deyirəm ki, bu pulları havaya sovurmuşuq. Çünki bu xərclənən vəsaitlər iqtisadiyyata əlavə dəyər qazandırmayıb. Əksinə, xərcləmələri artırıb, ehtiyatları tükəndirib. 2017-ci ildə İslam Həmrəylik Oyunlarına 100 milyon dollar xərclənəcək, amma bu ölkədə imanlı insanların sayını 100 nəfər artıracaqmı? Yüz nəfər məmurun ədalətə münasibətini dəyişəcəkmi? Yüz nəfər hakim tapılacaqmı saxta məhkəmədə oyuncaq olmasını gerçək Femida ilə əvəzləşdirsin? Yüz nəfərin qəlbini iman hissi ilə doldurub haqqın yanında, zülmün qarşısında durmasına yardım edəcəkmi? İnanmıram! Əslində, beynəlxalq maliyyə qurumlarının qapısında kredit almaq növbəsinə durub ağır şərtləri qəbul etmək “müdrikliyi” bu cür xərcləmələrdən yaranıb! Cənablar, bədbəxtlik bir gündə səbətlə göydən düşmür!”

Şamo Emin
Hurriyyet.org

14:27