İspaniyanın Vayadolid şəhərinin icra hakimiyyətinin rəhbəri işğaldan azad olunmuş ərazilərimizin potensialı barədə məlumatlandırılıb

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov İspaniyanın Vayadolid şəhərinə səfəri çərçivəsində adıçəkilən şəhərin icra hakimiyyətinin rəhbəri Oskar Puente ilə görüş keçirib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı 28 il ərzində Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində Ermənistanın vandalizm siyasəti nəticəsində bütün infrastrukturun yararsız vəziyyətə salınması, tarixi və dini abidələrimizin, yaşayış binalarının, ictimai iaşə müəssisələrinin dağıdılması barədə müqabil tərəfə ətraflı məlumat verilib.

Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişlərinə uyğun olaraq, işğaldan azad olmuş ərazilərimizdə bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması prosesinə başlanılıb, dövlət başçısının da qeyd etdiyi kimi, yaxın zamanda, bu ərazilərimizdə infrastruktur və kommunikasiya xətləri bərpa ediləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ermənistanın işğalından azad olunmuş Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edildiyi diqqətə çatdırılıb, Şuşanın tarixi simasının bərpa edilməsi nəticəsində bu tarixi Azərbaycan şəhərinin nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtına çevriləcəyi bildirilib.

Vayadolid şəhərinin icra hakimiyyətinin rəhbəri Oskar Puente Avropa və Asiya qitələri arasında “körpü” olan Azərbaycanın Cənubi Qafqazın liderinə çevrildiyinə, TAP qaz boru kəmərinin fəaliyyətə başlaması ilə ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynadığına diqqəti çəkərək, Azərbaycanın yüksələn xətt üzrə artan iqtisadi potensialının, o cümlədən ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını diqqətə çatdırıb, bu mənada, işğaldan azad edilmiş ərazilərimizlə Vayadolid şəhəri arasında müxtəlif sahələrdə, o cümlədən turizm, sənaye, kənd təsərrüfatı, xidmət, mədəniyyət sahələrində əməkdaşlığın, habelə Vayadolid şəhərinin Azərbaycanın müvafiq şəhəri ilə “qardaş şəhər” əlaqələrinin qurulması imkanının olduğunu qeyd edib.

İspaniyanın Kastilya və Leon muxtar vilayətinin paytaxtı olan Vayadolid şəhəri maşınqayırma, xüsusilə, avtomobilqayırma, sosial xidmətlərin göstərilməsi, kənd təsərrüfatı (taxılçılıq, şərabçılıq, və s.) üzrə ixtisaslaşmış, bununla yanaşı, şəhərdə yerləşən çoxsaylı tarixi abidələr və zəngin mətbəxi ilə beynəlxalq və ölkədaxili turizm potensialına görə İspaniyanın qabaqcıl şəhərlərindən biri hesab olunur.

Səfər zamanı səfir A.Məhərrəmov “The Gabarrón” Fondunun Prezidenti Kris Qabarron tərəfindən təşkil olunmuş, tanınmış ispan rəssam Kristobal Qabarronun əsərlərinin nümayiş etdirildiyi, Birləşmiş Millətlər Təşkilatının 75-ci ildönümünə həsr olunmuş “İşığın kainatı” adlı sərgidə iştirak edib.

Mərasim zamanı səfir A.Məhərrəmov “The Gabarrón” Fondunun Prezidentinə Heydər Əliyev Fondu və Mərkəzi barədə ətraflı məlumat verərək, Mərkəz tərəfindən Azərbaycanda dünyanın bir çox tanınmış sənətkarlarının sərgilərinin uğurla keçirilməsini qeyd edib. Kris Qabarron Azərbaycanın mədəniyyətin və incəsənətin təbliğinə verdiyi əhəmiyyətli töhfədən bəhs edərək, The Gabarrón” Fondu tərəfindən təşkil olunacaq növbəti sərgilərdən birinin ölkəmizdə keçirilməsindən məmnunluq duyacaqlarını qeyd edib.

Xudaferin.eu

11:13