İslahat dalğası hökumətə çatdı: İxtisarlarda növbə kimindir?

 

Nazirlər Kabinetinin aparatında struktur dəyişikliyi edilib. Dəyişiklik nəticəsində 8 şöbə müdiri işdən çıxarılıb. Bundan əlavə, digər bölmələrdə də ixtisarlar olunub. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib. O, dəqiq rəqəm açıqlamasa da bildirib ki, dəyişikliklər prezident İlham Əliyevin 23 avqustda verdiyi fərman əsasında aparılır: “Fərmanda qeyd olunur ki, aparatın yeni ştat cədvəli 1 ay müddətinə tərtib olunmalıdır. Ştat sayı isə 200 nəfər olmalıdır.

Ona görə də cənab prezidentin fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin strukturunda yeniləşmələr gedir. Proses hələ ki, gedir, ancaq başa çatmayıb. Buna uyğun olaraq da işdən çıxarılanlar mütləq olacaq. Həmçinin şöbələrin adları da dəyişdirilir, bir qismi birləşdirilir. Yalnız Mətbuat Xidməti şöbəsinin adında dəyişiklik edilməyib. Çünki cənab prezident mətbuatın dostudur”.

 

Kabinetin səlahiyyətləri azaldılır?

 

Nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, Nazirlər Kabineti üzrə ştat yerlərinin yarıyadək azaldılacağı gözlənilir. İxtisarlar nəticəsində bir sıra yüksək vəzifə sahibinin, o cümlədən baş nazir Artur Rəsizadənin öz postunu itirəcəyi ehtimal olunur. Çünki dəyişiklik prosedurunda yaş məsələsinə də üstünlük veriləcəyi ehtimal olunur ki, bu da 80-dən yuxarı yaşı olan Artur Rəsizadəni kürsüdən sala bilər. Həmçinin dəyişikliklərlə kabinetdən bir sıra səlahiyyətlərin alınacağı da gələn məlumatlar arasındadır.

“Ştat sayı 50%-dək azaldılacaq”

 

REAL Hərəkatı sədrinin təşkilati məsələlər üzrə katibi, iqtisadçı Natiq Cəfərli açıqlamasında Nazirlər Kabineti üzrə ştat sayı barədə dəqiq məlumatının olmadığını bildirib, Amma onu da qeyd edib ki, mövcud ştatların sayı 50%-dək azaldılacaq: “Söhbət təkcə struktur dəyişikliyindən yox, həm də səlahiyyətlərin azaldılmasından gedir. Nazirliklər Nazirlər Kabinetindən də güclü strukturlara çevriliblər, bu, Azərbaycansayağı nonsens idi. Dünyada Nazirlər Kabineti aparatı daha güclü olur. Azərbaycanda isə Nazirlər Kabineti həmişə zəif olub. İndi bu dəyişikliklərdən sonra hansı səlahiyyətlərin qalıb-qalmayacağı, əlavə olunacağı daha çox maraq kəsb edir. Səlahiyyət bölgüsü normal aparılmalıdır ki, idarəetmədə nizam yaransın. Əgər dəyişiklik idarəetməni və fəaliyyəti təkmilləşdirəcəksə, bu zaman islahatlar öz müsbət nəticəsini verəcək. Bu baxımdan məmur sayının azaldılması və ixtisarlar qaçılmaz olacaq. Amma bu ixtisarlar görüntüyə yox, idarəetmənin təkmilləşdirilməsinə xidmət etməlidir. Ümid edək ki, belə olacaq. Əgər olmasa, atılan addımların effektsiz qalacaq”.

“Cəmiyyətin 99.9%-i Artur Rəsizadəni tanımır”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov açıqlamasında bildirib ki, dəyişiklik və ixtisarlar çoxdan edilməliydi. Ştatların da şişirdildiyini deyən AMİP yetkilisinin sözlərinə görə, kabinetdə bir-birini təkrar edən strukturlar vardı: “Bu da işin keyfiyyətinə mənfi təsir göstərirdi, bürokratik əngəlləri artırırdı. Bu baxımdan hesab edirəm ki, 200 ştat yeri də çoxdur. Çünki Nazirlər Kabineti çevik və işlək vəziyyətdə olmalıdır. Konkret səlahiyyət bölgüsü aparılmalıdır ki, hamı öz işinin nədən ibarət olduğunu bilsin. Təbii ki, struktur islahatları davam etməlidir. Amma bu hökumətin islahatçı xarakterindən irəli gəlmir, sadəcə ölkədə maliyyə çatışmazlığı var və büdcədən qənaətlə istifadə etmək istəyirlər. Yəni, ölkədə maliyyə çatışmazlığı qaldıqca, bu cür islahatlara və ixtisarlara getməyə məcburdurlar. Bundan sonra da məcbur olacaqlar”.

Nazirlər Kabinetinin səlahiyyətlərinin kifayət qədər az olduğunu deyən Əli Orucov bunu, Azərbaycanda prezident idarəetmə sisteminin olmasıyla əlaqələndirib: “Nazirlər Kabineti formal xarakter daşıyır. Bu gün baş nazir Artur Rəsizadəni ölkə ictimaiyyətinin 99.9%-i tanımır, onun fəaliyyətindən xəbərsizdir. O, ümumiyyətlə işə gedib-gəlmir. 82 yaşlı bu adamın heç bir iş qabiliyyəti də yoxdur. Heç bu, Nazirlər Kabinetinin fəaliyyətinə müsbət və mənfi təsir etmir”.

 

Mənsur Rəğbətoğlu

Cebhe.info

 

10:28