İŞİD Mosuldan qovulmaq üzrədir! Türkmən şəhəri Telaferə hücum başladı!

 

Mosulda İŞİD terror təşkilatının lideri Bağdadinin xəlifəlik elan elədiyi, tarixi məscidin ətrafına hərbi təyyarələrdən zərbələr endirilir, şəhərin üzəri qara duman içərisindədir. Şimal-qərb cəbhəsində irəliləyən əsgərlər onlarla bomba yüklü avtomobili məhv ediblər.

İranın dəstəklədiyi “Haşdi Şabi” şiə milisləri, türkmənlərin yaşadığı Telaferə doğru hücuma keçib. Milislərin ilk hədəfi, terrorçuların qalalarından olan Kayruvanı geri qaytarmaqdır. Türkiyə, türkmənlərin yaşadığı rayona şiə milislərin daxil olmasına qarşıdır. İraqın ikinci ən böyük şəhəri olan Mosulun Ramazan ayı başlamazdan əvvəl İŞİD-dən təmizlənməsi gözlənilir. Bir neçə gün içərisində terror təşkilatının məğlub ediləcəyini bəyan edən İraq ordusu, İŞİD lideri Əbubəkr əl Bağdadinin 2014-cü ilin iyununda özünü xəlifə elan elədiyi Əl Nuri məscidinə doğru irəliləyir. Qədim şəhər məhəllələri hərbi təyyarələr tərəfindən bombalanır. Yeni açılan şimal-qərb cəbhəsində isə ölümcül atışmalar gedir. Son 24 saatda azı 18 ədəd bomba yüklü texnika məhv edilib, küçələrdə vuruşaraq İŞİD terrorçularını ovlayan əsgərlər ələ keçirilən silahların görüntülərini sosial mediada raylaşıblar. Terror təşkilatının özünün istehsal elədiyi yüngül silahlarla yanaşı, raket atıcıları diqqəti cəlb eləyib.

Qanlı təşkilat qaçmağa çalışan dinc vətəndaşları edam edir

 

Mosulu üç il bundan əvvəl işğal edən İŞİD-in əlində indi cəmi səkkiz məhəllə qalıb. Tamamilə küncə sıxışdırılan təşkilat son bir həftədə şəhərdən qaçmağa çalışan 138 nəfər dinc vətəndaşı edam edib. Öldürülən mosullulardan 10 nəfəri eyni ailədəndir. Yerli mənbələr mövqelərini ardıcıl şəkildə itirən terror təşkilatının edamların sayını artırdığını bildirirlər. Sayı 1000 nəfərdən az olan terrorçular mühasirə altındakı Qədim Şəhər bölgəsində 450 min nəfərə qədər mülki əhalini girov saxlayırlar. Şimal cəbhəsindən irəliləyən ordu bölmələri Qədim Şəhəri mühasirəyə alan əsgərlərlə birləşəcəklər.

Telaferə doğru hücum

 

Türkmənlərin şəhəri olan Telaferin ətrafındakı “Haşdi Şabi” şiə milislər qrupu isə, rayona doğru güclü hücuma keçiblər. Qərb və cənub-qərb cəbhələrindən irəliləyən İran dəstəkli milislər terrorçuların öz qalalarına çevirdikləri Kayruvanı geri almağa çalışırlar. Türkiyə, türkmənlərin yaşadıqları rayona şiə milislərin girməsinə qarşıdır. Beynəlxalq Amnistiya Təşkilatı, bundan əvvəl verdiyi hesabatda “Haşdi Şabi” milislərinin İŞİD-in nəzarəindəki bölgələrdən qaçan mülki vətəndaşlara yönəlik hərbi cinayətlər etdiklərini, insan hüquqlarını ciddi şəkildə tapladıqlarını bildirmişdi.

410 min mülki vətəndaş evlərini tərk elədi, 8 min nəfər dinc insan həlak oldu

 

Əməliyyat başlanandan bu günə qədər Mosuldakı atışmalardan ən azı 410 min nəfər dinc insan qaçaraq, şəhəri tərk edib. Evlərini tərk eləməyə məcbur olan yüz minlərlə insanın böyük bir qismi ətrafdakı çadır şəhərciklərinə sığınıb, bəziləri isə digər şəhərlərdəki qohumlarının evlərində qalırlar. Birləşmiş Millətlər təşkilatının məlumatına görə, müharibənin başlanmasından indiyə qədər 8 min nəfər mülki vətəndaş ölüb, ya da yaralanıb. Cəbhədə döyüşən əsgərlərdən isə 774 nəfəri həyatını itirib, 4 600 nəfəri yaralanıb. Mosul əməliyyatında ordu birlikləri, Peşmərgə qüvvələri, “Haşdi Şabi” şiə milisləri və tayfaların, yəni aşirətlərin də içərisində olduqları 100 min nəfərdən artıq silahlı insan iştirak edir.

Ən strateji nöqtə

2016-cı il oktyabrın 17-də başlanan böyük Mosul əməliyyatında şəhəri iki hissəyə bölən Dəcla şəhərinin şərqindəki məhəllələr yanvar ayında İŞİD-dən təmizlənib. Fevral ayında isə qərb məhəllələr üçün əməliyyat başladılıb. İlk günlərdə sürətli şəkildə cənub və cənub-qərb cəbhələrindən irəliləyən ordu birlikləri həyati əhəmiyyət daşıyan Mosul Beynəlxalq Aeroportunu və “Əl Gizlani” hərbi bazasını İŞİD-dən geri alıb. Ardından Mosul-Telafer yolu bağlanıb, martın ikinci həftəsində hökumət binalarının yerləşdiyi bölgə təmizlənib. Türkiyənin artıq tamamilə darmadağın edilmiş Mosul konsulluğu binası da bu bölgədə yerləşirdi. Qədim Şəhərin qapısına çatdıqda, irəliləmə demək olar ki, dayandı. Həftələrdir ki, İŞİD lideri Əbubəkr Əl Bağdadinin 2014-ün iyununda özünü xəlifə elan elədiyi Əl Nuri Məscidi mühasirə altındadır və terrorçular dar küçələrdə qurduqları rusqularda gizləniblər. May ayının ilk həftəsində isə şimal-qərb cəbhəsi açıldı.

 

Torpaqların üçdən ikisini itirib

 

Mosul İŞİD terror təşkilatının əlində saxladığı ən böyük şəhərdir. Terror təşkilatı Mosulla yanaşı, Rakkada da mühasirədə saxlanılır. Təşkilatın qərbdəki ən böyük mərkəzi Əl Bab isə TSQ-nin “Fərat Qalxanı” əməliyyatı nəticəsində 23 fevral tarixində geri qaytarılıb. Ötən il İŞİD əlində qalan torpaqların dörddən birini itirmişdi. 2014-cü ildən indiyə qədər İraqda itirilən sahə isə 65 faizdir. İraqda Fəllucə və Liviyada Sirte kimi şəhərlər də qanlı terror təşkilatının əlindən geri qaytarılıb. Mosulun səkkiz məhəlləsi də alındıqdan sonra, İŞİD ancaq Rakkaya sığınacaq.

Hurriyyet.org

 

09:37