İŞİD-dən azad olunan ərazilərdəki yüzlərlə azərbaycanlı barədə qorxunca müəmma

 

İraqda İŞİD-dən azad olunan ərazilərdə qalan azərbaycanlıların Vətənə gətirilməsi ilə bağlı işlər aparılır.

Bu barədə açıqlamasında Azərbaycanın İraqdakı işlər vəkili Ramiz Qafarov deyib. Onun sözlərinə görə, İraqda qalan azərbaycanlıların sayı yüzlərlədir: “Onların bir qismi düşərgələrdə kompakt şəkildə yerləşib. Lakin digərləri kompakt şəkildə bir yerdə deyil. Hazırda adları məlum olanlar valideynlərini itirmiş 2 yaşlı Xədicə və 3 yaşlı Abdulladır. Onların qaytarılması üzərində iş aparılır”.

R.Qafarov əlavə edib ki, hazırda Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsilə mütəmadi görüşlər aparılır. “Biz bütün məlumatları Xarici İşlər Nazirliyinə veririk. İş yekunlaşandan sonra ictimaiyyətə açıqlamalar veriləcək”, - deyə o bildirib.

Səfirliyin əməkdaşlarından əldə etdiyimiz məlumata görə, bəzi həmvətənlilərimizin ölkəyə qayıtmaması ehtimalı mümkündür. Bu məsələ dövlət səviyyəsində həll olunacaq. Məlumata görə, ölkəyə qayıtmaq istəməyən vətəndaşlar BQXK-nin vasitəsilə üçüncü ölkəyə göndəriləcək. Lakin R.Qafarov bu məsələ haqda sualı cavablandırmayıb və bütün suallara XİN-in cavab verəcəyini deyib.

Publika.az

11:03