İŞİD başçısının “Qafqaz əmiri” ləqəbli köməkçisi öldürülüb

 

İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadinin əsas köməkçilərindən biri Mosul yaxınlığında öldürülüb.

 

İraqın Al Sumaria telekanalının məlumatına görə, “Qafqaz əmiri” ləqəbli Hasibullah əl-Qafqazi Mosulun qərbində yerləşən Tall-Afar rayonundakı evinin qarşısında naməlum şəxslər tərəfindən qətlə yetirilib. Sui-qəsddən sonra İŞİD qruplaşması ümumi səfərbərlik elan edib və yaşayış məhəllələrində qatilləri axtarır.

Xatırladaq ki, Mosulun İŞİD-dən azad edilməsi uğrunda irimiqyaslı əməliyyatlar ötən ilin oktyabrında başlayıb. Yanvarın sonlarında hökumət qüvvələri beynəlxalq antiterror koalisiyası aviasiyasının dəstəyi ilə Mosulun şərq hissəsinə nəzarəti ələ keçirməyə nail olub. Fevralın 19-da isə İraq ordusu qərbi Mosula hücuma keçib. Aprel ayının əvvəlində İraqın hökumət qüvvələrinin nümayəndəsi əl-Bağdadinin Mosulda mühasirədə ola biləcəyini deyib.
Qeyd edək ki, Orta Doğuda İŞID, DAEŞ və digər radikal islamçı silahlı terror qruplarına qoşulan Qafqaz kökənli vətəndaşların bu prosesdə iştirakının təməl prinsipi Qafqazda gerçək demokratik düzənin və yaşam qaydalarının olmaması ucbatından baş verir. Bu problemlər Rusiya və onun Quzey Qafqazdakı Dağıstan, Çeçenistan, Quzey Osetiya, İnquşetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz və Adıgey respublikalarında ötən illər ərzində demokratik proseslərin tamamilə boğulması, sosial-iqtisadi həyatın son dərəcə dözülməz həddə çatması, Gürcüstanda yaşayan müsəlman əhalisinin uzun illər yerli dövlət quruculuğu prosesindən süni şəkildə kənarda saxlanılması və onların yeni demokratik proseslərdən uzaq düşmələri, Azərbaycan Respublikasında isə, dövlət bağımsızlığımızın 25 illiyi dönəmində demokratik təsisatların geniş şəkildə inkişafdan geri qalması sonucunda baş verir. Ona görə də, Orta Doğuda radikal islamçı və terrorçu qruplaşmalarda Qafqaz kökənli beş min nəfərdən çox terrorçu yaxından iştirak edir.   

Xudaferin.eu
“Orta Doğu Bürosu”

09:53