İsak Novruzov: Şuşa Bəyannaməsi türk dünyasının birliyinə,regionda sabitliyin, təhlükəsizliyin təminatına xidmət edəcək

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Azərbaycana, xüsusən də, biz azərbaycanlılar üçün qürur mənbəyi olan Şuşa şəhərinə səfər etməsi Gürcüstanda yaşayan soydaşlarımızın da hədsiz sevincinə səbəb olub.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının (GAAŞ) sədri İsak Novruzov deyib.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın bu səfəri bir neçə aspektdən mühüm əhəmiyyət kəsb edir.

Bu səfərin mühüm səbəblərindən biri Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş Şuşa şəhərinə səfər edən ilk xarici dövlət rəhbəri kimi tarixə düşməsidir.

Türkiyə Prezidentinin Şuşaya gəlişinin ilk anından müşahidə etdiyimiz bayram ab-havası, qürur dolu anlar bizim birliyimizin sarsılmazlığının sübutudur.

Digər mühüm səbəb Şuşa Bəyannaməsinin imzalanması oldu.

Şura sədri deyib ki, Bəyannamə türk dünyasının birliyinə, regionda sabitliyin, təhlükəsizliyin təminatına, Türkiyə-Azərbaycan dostluğunun yeni strateji istiqamətlər üzrə inkişafına xidmət edəcək çox vacib bir sənəddir.

Şuşa Bəyannaməsi bütün dünyaya tarixi reallıqla barışmağın qaçılmazlığını göstərdi. Bu Bəyannamə Azərbaycan və Türkiyə birliyi şəklində yeni regional düzənin başlandığını göstərdi. Bu, həm də Türkiyə-Azərbaycan birliyinin möhkəmlənməsindən o qədər də xoşhal olmayanlara, torpaqlarımıza göz dikənlərə və onların havadarlarına bir mesaj oldu.

“Biz Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası olaraq bu Bəyannamənin həm də Gürcüstan azərbaycanlıları üçün yeni düzənin və reallığın başlanğıcı hesab edirik”,- deyə Novruzov vurğulayıb.

Onun sözlərinə görə, daha bir qürurverici səbəb Türkiyənin Şuşada konsulluq açmasıdır.

Bu addım Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığının, Türkiyənin daim Azərbaycanın yanında olacağının sübutudur.

İ.Novruzov deyib ki, ümumiyyətlə Azərbaycan və Türkiyə Prezidentlərinin birgə bəyanatlarında irəli sürülən məsələlər, söylənilən yüksək fikirlər Gürcüstan azərbaycanlılarının əsas amalına çevrilib.

“Gürcüstan azərbaycanlıları hesab edirlər ki, Azərbaycan-Türkiyə birliyi və qardaşlığı təkcə bu iki dövlətin deyil, eyni zamanda Gürcüstanın və digər region ölkələrinin inkişafına, regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir”.

Xətayi Əzizov

Xudaferin.eu

15:07