İrəvanda xof: 30 minlik Azərbaycan ordusu gəlir

 

Üzeyir Cəfərov: “Rusiya Ermənistanda vəziyyətə nəzarəti əlində saxlamağaçalışır ki, ermənilər narahat olmasınlar”

Ramil Məmmədli: “Biz bu təlimləri diqqətlə izləməliyik”

Rusiya Cənub Hərbi Dairəsinin (CHD) döyüş aviasiyası və hava hücumundan müdafiə bölmələri Ermənistanda döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədi ilə təlimlərə başlayıb. Hərbçilər bir neçə gün davam edəcək manevrlərdə “Xamhud” və “Alagöz” dağ poliqonlarında zenit-raket kompleksləri qarşılıqlı uzlaşma şəraitində hava hədəflərinin vurulması və müşayiət edilməsi kimi müxtəlif döyüş tapşırıqlarını praktiki şəkildə icra edəcəklər. Təlimlər zamanı mürəkkəb şəraitdə daim dislokasiya olunan hava və yerüstü hərbi obyektlərin yerdəyişməsi həyata keçiriləcək. Təlimlərə 500-dək hərbçi, 100-dən çox hərbi xüsusi texnika, o cümlədən, “Buk-M1-2”, “S-300B” zenit-raket kompleksləri, Rusiyanın Ermənistandakı “Erebuni” aviabazasından MİQ-29 qırıcı təyyarələr, “Mi-24P” və “Mi-8MT” helikopterləri cəlb olunub.

Ermənistanın hücum qorxusu

Rusiyanın Ermənistandakı təlimləri Azərbaycan Silahlı Qüvvələrinin bir neçə gün əvvəl başladığı təlimlərlə eyni vaxta təsadüf edir. Ekspertlər hesab edirlər ki, bu Azərbaycana ünvanlanmış mesajdır. Belə ki, Azərbaycan ordusunun aprelin 16-da hərbi təlimlərə başlamasından sonra Ermənistan KİV-lərində o iddialar yayıldı ki, Azərbaycan tərəfi müharibəyə hazırlaşır, başlanılan təlimlər də ordunun döyüş qabiliyyətinin sonuncu dəfə yoxlanılmasına hesablanıb. Erməni mənbələrin iddialarına görə, Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra daxildə yaranmış siyasi xaosdan istifadə edən Azərbaycan 30 minlik qoşunla hücuma hazırlaşır. Bu baxımdan Azərbaycanın bu təlimlərindən narahat olan Ermənistan rəhbərliyinin status-kvonu bərpa etmək üçün Rusiyanın bu ölkədəki hərbi qüvvələrini Kremldən xahişlə hərəkətə keçirdiyi bildirilir.

“Ermənilər Azərbaycanın 30 minlik qoşunla hücuma keçəcəyini gözləyirlər”

Hərbçi-ekspert Üzeyir Cəfərov bunun Azərbaycana cavab olduğunu düşünmədiyini bildirib. Ü.Cəfərov qeyd edib ki, Rusiya Ermənistanla yanaşı Xəzər dənizində də təlimlərə başlayıb: “Amma burada Azərbaycana ünvanlanmış müəyyən elementlər var. 530 kəşfiyyatçısını Ermənistandakı təlimlərə göndərmək, 50-yə qədər hərbi texnikanı proseslərə cəlb etmək bu qəbildəndir. Bu, Ermənistanın daxili işi olsa da bu ölkədəki “102-ci baza” Rusiyanın “Cənub Hərbi Dairəsi”nin kurasiyasına düşür. Bir çox hallarda “102-ci baza”dan və Rostovda yerləşən “Cənub Hərbi Dairəsi”ndən texnikalar gətirilir. İndi keçirilən xüsusi taktiki təlimlərdir. Amma bunun Azərbaycana heç bir isti-soyuğu yoxdur. Rusiya Ermənistanda vəziyyətə nəzarəti əlində saxlamağa çalışır ki, ermənilər narahat olmasınlar. Çünki ermənilər Azərbaycanın 30 minlik qoşunla hücuma hazırlaşması barədə hay-küy qaldırıblar. Ermənistandakı təlimləri də sırf Rusiyanın “Cənub Hərbi Dairəsi” təşkil edib. Amma raketlər - “Buk” və “S 300”lər aktiv vəziyyətə gətirilib, o cümlədən, “MİQ 29” döyüş təyyarələri təlimlərə cəlb olunub. Maraqlıdır ki, Azərbaycan təlimləri çətin relyef şəraitində keçirir, Rusiya isə bunu “mürəkkəb hava və yerüstü şərait” adlandıraraq hava hədəflərini tutmaq və vurmaq üçün kompleks məşq edir”.

Ekspert hesab edir ki, Rusiyanın təlimləri eyni vaxta salması bir qədər təəccüblü görünür: “Heç bir halda Azərbaycan buna fikir verməməlidir, onsuz da biz öz işimizi görürük. Bizim başqa yolumuz yoxdur, döyüş hazırlığımızı artırmalıyıq, təlimlər də bu məqsədlə keçirilir. İki günə bu təlimlərin yekun nəticəsi bilinəcək. Hər şey plan üzrə gedir. Yəqin ki, Azərbaycan təlimləri bitirdikdən iki gün sonra ruslar da təlimləri dayandıracaqlar. Amma Rusiya Ermənistanın maraqlarını təmin etmək üçün təlimləri eyni vaxta salıb. Təlimlərin eyni vaxta salınması gözlənilən deyildi, amma ermənilər gözləyirdilər ki, aprel döyüşlərinin davamı olaraq Azərbaycan hərbi əməliyyatlara başlayacaq. Azərbaycanın bu təlimlər üzərində məqsədi bəllidir”.

 

“...Azərbaycan ordusunun təlimlərinə cavabdır”

 

Hərbçi-ekspert Ramil Məmmədli isə bildirib ki, Rusiya Silahlı Qüvvələrinin 5 hərbi dairəsindən biri olan “Cənub Hərbi Dairəsi”nə bağlı “102-ci hərbi baza” Ermənistanda yerləşir. R.Məmmədlinin sözlərinə görə, artıq bir həftədir ki, “Cənub Hərbi Dairəsi”nə daxil olan bütün birləşmələrdə təlimlər keçirilir: “Təlimlər Rusiyanın Xəzər və Qara dəniz donanmaları və quru qoşunlarını əhatə edir. Ermənistandakı təlimlər də bunun tərkib hissəsidir. Bu, illik plana uyğundur, Rusiya Müdafiə Nazirliyinin bununla bağlı rəsmi açıqlaması olub. Həmin açıqlamada bildirilir ki, qış mövsümünün bitməsi ilə əlaqədar təlimlərə start verilib. İstənilən halda biz bu təlimləri diqqətlə izləməliyik və bunun bizə hansısa təsirinin olmadığını müəyyən etməliyik. Amma hesab etmirəm ki, Rusiyanın Ermənistandakı təlimləri Azərbaycan ordusunun keçirdiyi təlimlərə cavabdır, yaxud bu, biz ismarışdır. Çünki Rusiya ilə yanaşı Azərbaycanda da mövsümi təlimlər keçirilir. Sadəcə, Rusiyanın hərbi dairələri daha böyük əraziləri əhatə edir”.

Xatırladaq ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, aprel ayının 16-dan qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlərə başlanılıb. Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub. Təlimlər zamanı çətin relyef şəraitində müasir ümumqoşun döyüşü və əməliyyatların keçirilməsinin müxtəlif üsulları məşq etdirilir.

Mənsur Rəğbətoğlu

 

06:23