İrəvan Teatrının direktoru İftixar Piriyevin özbaşnalığı və əzabkeş aktyorlar

Çox düşündüm bu yazını, ya yazmayım. Sonra qərara aldım ki, yazsam yaxşıdır. Hər halda cəmiyyətin də, teatrı və incəsənətimizi sevən xalqımızın da bunları bilməyə haqqı var. Əvvala oradan başlayım ki, İftixar Piriyev kimdir? Və necə oldu ki qədim tarixi, böyük ənənəsi olan Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Teatrı kimi bir mədəniyyət məbədgahına onu direktor qoyublar.
İncəsənət institutunun dram-kino aktyorluğu şöbəsini bitirib, uzun müddət Akademik Milli Dram teatrında aktyor işləyib. Deyilənə görə, elə fərli aktyor da olmayıb. Orta dərəcəli aktyor olub. Sonra başa düşüb ki aktyor kimi çox da qabağa gedə bilməyəcək. Vəzifə və şöhrət hissi ilə ürəyi yanan belə insan əlbəttə yollar axtarmağa başladı. Pula ehtiyacı olmayan, maddi tərəfdən heç vaxt korluq çəkməyən İftixar Piriyev teatrdan çıxır.
Bir müddət Tiflis Azərbaycan Teatrında guya bərpaçı direktor olub. Tiflis Azərbaycan Teatrının dirçəlməsi üçün həmin vaxt teatrın direktoru olan Ələddin Həsənova kömək məqsədilə bu addım atılır.

Tiflis Azərbaycan Teatırında Ələddin Həsənova kömək etmək, Tiflis ədəbi mühütünü inkşaf etdirmək əvəzinə, İftixar Piriyev bunu öz şəxsi mənafeyinə yönəltmək istəyib. Əlbəttə ki, Piriyevin bu hərəkətləri, mənəm-mənəmlik, özbaşınalıq prinsipləri nə direktor Ələddin Həsənovun, nə də Tiflisdə yaşayan ədəbi ictimaiyyətin xoşuna gəlməyib. İki  ildən sonra Piriyevi oradan qovdular. Ancaq hər yerdə bir iz buraxan Piriyev burada da onsuz keçinməyib. İki il ərzində heç bir mənası olmayan çəkişmələr sonucunda teatrın direktoru Ələddin Həsənovu infarkt dərəcəsinə gətirib çıxarır. Bu hadisələrdən bir müddət sonra Ələddin Həsənovun ürəyi tab gətirməyib haqq dünyasına qovuşub.
Mən Ələddin Həsənovu yaxşı tanıyırdım. Teatrı, incəsənəti, aşıq sənətini çox sevən, Tiflisdə və bütün Borçalıda Azərbaycanın peşəkar mədəniyyət ənənələrini qoruyan və yaşadan bir insan idi. Tiflis Azərbaycan teatrının bərpa olunmasında çox böyük rolu olmuşdu. 1948-ci ildə “ellər atası” diktator Stalinin təşəbbüsü ilə qapadılan bu sənət ocağı məhz Ələddin Həsənovun təşəbbüsləri sayəsində yenidən dirçəldilməyə başlamışdı. Həmin dövrdə Tiflisdə ermənilər tərəfindən süni şəkildə qızışdırılan və buna sadəlövhcəsinə inanan bəzi gürcülər “Gürcüstan gürcülər üçündür” siyasəti olaraq, nəinki Tiflisdən, ümumiyyətlə Borçalıdan Azərbaycan Türklərinin depotasiya olunması kimi dərin oyunlar oynanılırdı. Ələddin Həsənov kimi milli ziyalılarımız Azərbaycan xalqının qanuni haqqını müdafiə etməklə yanaşı, Gürcüstan-Azərbaycan dostluğunun ədəbi olması üçün mücadilə aparırdılar. Ələddin Həsənov Tiflisdə və bütün Borçalıda həvəskar aktyorları və teatrsevərləri taparaq onlarla birgə bu qədim sənət ocağını yenidən bərpa etmişdi. Sırfdan bir teatr ocağını qurmaq, bina əldə etmək, tamaşalar hazırlamaq ən məşəqqətli işlərdən biri idi. Ələddin Həsənov illər boyu əldə etdiyi var-dövlətini bu yolda sərf etdi. Onun mənsub olduğu Farxralı kəndinin, Gürcüstanın digər kəndlərindəki alovlu yurdsevərlər də “Tiflis Azərbaycan Teatrı”nın yaranmasında lazım olan köməkliklərini əsirgəmədilər. Axı bu ulu sənət ocağı XIX-XX yüzil Azərbaycan Teatrı və Mədəniyyətinin ən müqəddəs mərkəzlərindən biri olub.

Sonra Piriyev Şəmkir şəhərinə gəlir. O vaxt icra başçısı olan Aslan Aslanov dönəmin sosial-iqtisadi, siyasi və mədəni bağlarına görə, mərhum prezident Heydər Əliyevin birbaşa göstərişi ilə Tiflis-Azərbaycan mədəni əlaqələrinin inkşafı ilə bağlı ona əlavə tapşırıqlar vermişdi.
İ. Piriyev Şəmkirə gəldikdən sonra Aslan Aslanovun inamını qazanıb və ona bu işlərdə kömək edəcəyinə söz verib. Ancaq çox keçmir ki, Piriyev yenə öz havasında olub. Piriyevin xarakterinə görə “intriqant” əməllərindən agah olan kimi Aslan Aslanov təcili Şəmkiri tərk etməyi tapşırıb. İ. Piriyev və A. Aslanov arasında yaranan intriqanın əsil mənbəyi isə, “Tiflis Azərbaycan Teatrı” ilə bağlı olmuşdu. Belə ki, İ. Piriyevin ortaya qoyduğu “teatr siyasəti” əslində dağdıcılığa xidmət edirdi. A. Aslanov maddi dəstək kimi Tiflisdə bir sıra işlər görmüşdü. Bu, Tiflisdəki Azərbaycan məzarlığında uyuyan Mirzə Fətəli Axunzadə, Fətəli Xan Xoyski və digər dahilərimizin məzarlarının abadlaşdırılması, Ortçala rayonunda “Tiflis Azərbaycan Teatrı” üçün ayrıca binanın əldə edilməsi, “Tiflis Azərbaycan Mədəniyyət Mərkəzi”nin binasının təşkili və sair möhtəşəm fəaliyyətlərdən ibarət idi. Tiflisdən olan dostlarımın dediklərinə görə, İ. Piriyev “Tiflis Teatrı”nda direktor vəzifəsində çalışdığı dönəmdə hər şeyi özünün komprador maraqlarına yönəltmək isrəyib və buna görə ona qəti etirazlar olub. Bu teatr ocağından qovulmasının sirri də bundadır.
Hətta eşitdiyimə görə A. Aslanov onun bir sıra yarıtmaz əməllərinə görə, İ. Piriyevlə çox sərt davranıbdır. Ona görə ki, həmin dövrdə ölkə prezidenti Heydər Əliyev Gürcüstan və bu qardaş ölkədə Azərbaycanla bağlı çox dərin strateji hədəflərə hesablanmış işləri öz şəxsi nəzarətində saxlayırdı. Belə bir məqamda İ. Piriyevin yarıtmaz işi kimsənin xoşuna gəlmirdi. Onun əməllərindəki bir sıra qüsurlara görə iş məhkəməyə də düşüb, cinayət işi açmaq istəyiblər. Sonradan hansı yolla işlərini malalayıb aradan çıxıb və Bakıya dönüb.
Deyilənə və eşitdiyimə görə, Bakıda İ. Piriyev əlində külli miqdarda pul, kimi görürdü— tanışlarına yalvarırmış ki, nə istəyirlər verirəm, məni hər hansı teatra direktor qoysunlar.
Həəə... İrəvan teatrının da qara günləri elə bu andan başladı.
2000-ci ildə Piriyev İrəvan Azərbaycan Dövlət teatrına direktor təyin edilir. Ancaq Piriyev bu təyinatı özü üçün çox aşağı vəzifə hesab edirdi. Elə o vaxtdan Akademik Milli Teatra direktor keçmək, teatrın aktyorlarına özünü göstərmək üçün fəaliyyətə başlayır. İki ildən sonra bu istəyinə çatır. 2002-ci ildə Akademik Milli Dram teatrının sərəncamcı direktoru vəzifəsinə təyin olunur. Mənəm-mənəmlik hissi burada da baş qaldırır. Həmin vaxt Akademik teatrın bədii rəhbəri və direktoru, xalq artisti, gözəl aktyorumuz Əliabbas Qədirov idi. Deyilənə görə, Əliabbas Qədirov həm də İ. Piriyevin müəllimi olub.

Piriyev az sonra, ustadı Əliabbas Qədirovla kəllə-kəlləyə gəlib. Bir il davam edən dava-dalaş, çəkişmələrdən sonra adı teatrın qazandığı pulların mənimsənilməsində və bir sıra  maxinasiyalarda hallandığı üçün bir ildən sonra oradan biabırçı şəkildə işdən qovulması ilə nəticələndi. Hətta deyilənə görə, Piriyevin maxinasiya işlərini araşdırmaq üçün rəhbərlik məsələ qaldırır və müstəntiqlər işə başlayır. Adının çəkilməsini istəməyən bir sıra nüfuzlu aktyorların dediyinə görə Piriyev onlara yalvarırmış ki, akta qol çəkin ki, bu pullar teatrın zəruri işlərinə xərclənib. Aktyorlar da onun şirin dilinə aldanıb qol çəkiblər.  Guya bu pullar qastrollarda aktyorlara xərclənib.
Onun bu işləri haqqında o vaxt “Reytinq” qəzetində müxbir işləyən Bahar Rüstəmli “Piriyevin maxinasiyaları” haqqında bir-birindən maraqlı silsilə yazılar dərc etmişdi. Hər şeyi açıq, çılpaqlığı ilə göstərmişdi. Bunu hamı bilir. Bu silsilə yazıları oxuyan Piriyev Bahar xanımla görüşmək, onu neytrallaşdırmaq üçün bütün üsulları işə saldı və nəhayət istəyinə dolayı yollarla nail odu.
Bir müddət sonra Bahar xanımın tanımadığımız bir kişi ilə teatra gəlib, direktorun kabinetinə keçməsinin şahidi olduq. 2-3 saatlıq söhbətdən sonra qonaqlar getdi. Orada nə söhbət olmuşdu biz bilmədik. Ancaq bircə şeyin şahidi olduq ki, o gündən yazıların ardı kəsildi. Piriyev buna da nail oldu. Hansı yolla...??? Onu bir özü bilir, bir də Bahar Rüstəmli.
Akademik Milli teatrdan çıxandan sonra heç nə olmamış kimi Piriyevi İrəvan Teatrına qaytardılar. Yenidən direktor vəzifəsinə qoydular.
Erməni şovinistləri uzun illər çalışıblar ki, İrəvan Azərbaycan Teatrını, bu qədim tarixi, ənənəsi olan teatrı orada da, burada da məhv etsinlər. Hələ 1989-cu ildə teatr Bakıda yenidən bərpa olunanda (Akademik Milli Dram Teatrın nəzdində teatr stusiyası kimi) ermənilər dəfələrlə Azərbaycanın Mədəniyyət Nazirliyinə müraciətlər etmişlər ki, “İrəvan” adını bu teatrın üstündən götürün, başqa ad qoyun.
Bəlkə də ermənilər buna nail ola bilərdilər, əgər o vaxt İrəvan Azərbaycan Teatrının bərpasında böyük əməyi, zəhməti olmuş əməkdar artist Vidadi Əliyev və xalq artisti Elmira İsmayılova olmasa idi. Ömrünü sənətə həsr etmiş bu iki insan bütün təzyiqlərə sinə gərib “İrəvan” adını qoruyub saxlaya bildilər. Bütün taleyini bu teatra bağlamış, teatrla nəfəs alan insanları pensiya yaşları çatan kimi Piriyevin kəraməti sayəsində onlar işdən çıxarıldılar. Adını da belə qoydu ki, “nazirlik ondan bunu tələb edir”. Əslində bu başqa bir siyasət idi. İ. Piriyevin əsil məqsədi peşəkar aktyorları işdən çıxarmaq, onların yerinə teatr qanunlarını bilməyən, qul kimi ona itaət edən gəncləri götürmək idi ki, gələcəkdə onun yarıtmaz, qanunsuz idarəetməcilik üslubuna kimsə mane olmasın. Əgər ona etiraz edən aktyor olsa hədə-qorxu ilə yerində otuzdura bilsin. Buna da nail oldu. Piriyevin idarəetmə metoduna etiraz edən, tab gətirməyən peşəkar aktyorlar yavaş-yavaş, ilbəil, öz ərizələri ilə işdən uzaqlaşdırıldılar.
Beləliklə, erməni şövinistlərinin İrəvan Azərbaycan Dram Teatrını məhv edə bilmədiyi missiyanı Piriyev çox ustalıqla həyata keçirdi və indi də keçirir. Bu işdə ona kim dəstək olur, bilmirəm. Bu artıq araşdırmaçıların işidir.
Onu da qeyd etmək istəyirəm ki, mərhum prezident Heydər Əliyev (Allah ona qəni-qəni rəhmət eləsin) hakimiyyətə gələn kimi İrəvan teatrına Dövlət teatrı statusunu verdi. Heydər Əliyevin bu cümləsi isə şüar olub qızıl hərflərlə tarixə yazılmalıdır: “İrəvan Azərbaycan Dövlət  Dram Teatrı bizim mədəni, tarixi abidəmizdir. Biz onu tarix üçün qorumalıyıq”.

(ardı var)

Əjdər Zeynalov,
Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının aktyoru

Xudaferin.eu

11:49